Alıb başımı getsəm…

Yanvarın 8-i “Azadlıq”ın köşə yazarı, istedadlı qələm sahibi, mübariz hərəkatçı Səadət Cahangirin ad günüdür. Arzularımız dəyişməyib, həmişə olduğu kimi möhkəm can sağlığı, demokratik Azərbaycan uğrunda apardığı mücadilədə uğurlar diləyirik. Oxucularımıza isə hədiyyə kimi onun şeirlərini təqdim edirik. Elə özünə də…

“Azadlıq”ın kollektivi

Getsəm

Yorğun bir axşamüstü
çəkilən kölgələrlə
alıb başımı getsəm…
getsəm,
rolları zalım,
bu tamaşa dünyada
oyunum bitən kimi…
getsəm,
“Leyla!” çağıran
məcnun səhralar boyu,
yalın, quru bir nəfəs
ruhuna gedən kimi…

Alıb başımı getsəm –
üz tutduğun aynalar
gözlərin kədərində   
könlünü görən yerə,
dilək ağaclarına
asılmış məktubları
ağ qanadlı mələklər
alıb götürən yerə…   

Getsəm,
ömür rəsminə
çəkilmiş acıların
yanğınından geriyə
qalan o kül, o tüstü…
beləcə,
səssiz-səmirsiz
çıxıb arxa qapıdan,
kimsəyə görünmədən
getsəm,
bu axşamüstü…

***

Dosta məktub

Burda günlərin rəngi
yarı tutqun, yarı ağ,  
mənim əsas işim də
bir qəzet köşəsində
siyasət havasından,
ya da bir qalmaqallı
məhkəmə davasından
həftəlik nəsə
yazmaq…

Bu yalnızlıq mövsümü
özünü unudarkən…
o solğun rəsmin altda
ürəyini boşaltmaq,
ya imzanı tanıtmaq,
bəlkə quru təsəlli,
bəlkə boşuna həvəs…
axı dar çərçivəli
qəzet köşələrinə
yazılan yazılarla
bir könül köşəsinə
yazılanlar bənzəməz…

Belə günlərdən biri…
pəncərəmin önündə
son bahar yağmurları
həzin nəğməsi ilə  
enər soyuq gecənin
əllərini tutmağa,
mənsə, kağız qayığımla
üzürəm sabaha doğru,
yeni günün yazısıyla
hamını aldatmağa…

***

Həbsxana
Azadlıq məhbuslarına

Bilirəm,
həbsxana
suvaqsız üzünə  
məhbus kölgələri asılmış
rəngsiz dörd divar,
günləri üzgün və dar –  
bir küncə qısılıb
xatirələrin
tozunu silmək kimi…

Bilirəm,
həbsxana
yuxudan  
yorğun gözlərin
qaranlıq kədəri,
və dustaqlıq –
kəsilmiş ağacların
kölgəsində
dincəlmək kimi…

Bilirəm,
həbsxana
yağışı, günəşi
bitmiş bir mövsüm,
vaxt öldürmək adına
zamanı fikirlərə,
fikirləri boşluğa
bölmək kimi…

Bilirəm,
dostlar,
bilirəm çox zor…
ancaq,
həbsxana
nə ümidlərə son,
nə arzulara yasaq,
hər açılan sabahı,  
daha insan yaşamaq,
azadlıq üçün
düşünmədən
ölə bilmək kimi…

***

Gözləmək…

Bəzən
gözləmək nə gözəl,
gəmiləri gözləmək…
Bir balıqçı saatında
günəşin salamıyla
mavi sulara açılan
ilk səfəri gözləmək…

Bəzən
gözləmək nə gözəl,
könlünün sahilində,
ənÿyaşıl xatirələrinÿ
dənizlər ölkəsindən,
olduğun şəhərə üzən
bir nəfəri gözləmək…

Bəzən
gözləmək nə gözəl…
amma bəzən nə acı,
daldığın sisli limandan
hər kəs üzüb gedərkən,
öz sahilsiz dünyan ilə
kimsəsiz, yapayalnız,
əliboş, gözləri dolu
dönüb geri,
gözləmək…

***

Bu şəhər…

Bu şəhər ruh acısı,
sözü, azadlığı yox.
Yazarsan vərəq-vərəq,
qəmin azaldığı yox.

Bu şəhər atəşlə su,
qəlblə göz arasında.
Mələklər yanıb düşər,
düşənlərin sağı yox.

Bu şəhər sürgünmü ki,
nə uzaqdan gələni,
nə yola saldığı yox,
könül boş poçt qutusu,
bir məktub aldığı yox.

***

Dönüb aynaya baxsam:
yorğun, lənət bir adam.
Öldüm hər axşamüstü,
nə dərd bitdi, nə xətam…

***

Bir gizlənqaç oynayaq,
gözlərini yum, gedim.
Bu dəfə səni aldadım,
ölümə uyub gedim…
Məhbəsə məktub…
Necə başlasam məktubu,
hansı gözəl sözü yazsam…
çiçəkmi büksəm arasına,
ya günəş rəsmi çəksəm,
bir az ruh, bir az işıq yerinə?..

Dibsiz uçurumlardan
atılmaqsa yaşamaq,
bir imkansızı sevməksə,
azadlıq ən böyük haqq…
Azadlıq – arzulara
uzaq düşən üfüqdən
axan ulduzları tutub
sonsuzluğa uçurmaq…

Azadlıq –
bəlkə həm də,  
bir ömürlük məhkumun
haqsız məhkəməsində
hökmə cavabı kimi –
dar məhbus köşəsində
günəşə gülümsəyib,
yalnızlığın səsiylə
sevgi şeri oxumaq…

Yazılacaq çox şey var,
amma…
Hələlik… indi
bu tələsik məktubu
üzünü gülümsədən
bir notla tamamlasam,
sonra nöqtə qoymadan
bir duayla bağlasam,
bağlı qapını açsın deyə…

***

Bu axşam…

Bu axşam
pəncərəm dənizə açıq,
gözlərimin ovcunda
gizlədiyimÿsözləri
uzaq üzən
son gəminin arxasınca
ağladım ulduzlara…
Bu axşam
könlüm
yalnızlığından
şəhərin üzünə
tüstülənən bir siqara..

Bu axşam
küçələr boş,
işıqsız,
kölgələr sınmış…
cismim tək-tənha
bir çinar kimi
qalmış arada,
şəhərin bütün kədəri
gəlib kölgəmə sığınmış…
Bu axşam
uzaq üzən
son gəminin arxasınca
çağırmaq istədim…
Hədər!..
Boğuq,
dağınıq səsim,
batdı dəniz limanında,
üzüb getdi gəmilər…
Dünya kədər uçurumu
Dünya kədər uçurumu
qanadsız olduğum yerdə,
rəngli bir kəpənək uçar
asılı qaldığım yerdə…

bozarmış payız havası
rüzgar sovrular üstümə  
qırılğan yarpaqlar düşər
sənə qırıldığım yerdə…

ümidim çıxsa əlimdən,
düşsəm uçurum dibinə,
dağılmış qırıqlarımı
rəsm kimi yığın yerdən…

***

Fotolar

Bilsən nəyi xatırladır,
Nəyi saralmış fotolar,
Ömrün qırıqları kimi
Yığılıb qalmış fotolar…

Nağılmı yaşadıqların,
Ya bir anlıq yuxu imiş,
O qız nə vaxtsa dünyanın,
ən məsum uşağı imiş…

Onda nələr pıçıldardın,
baxdığın qız güzgülərə,
Indi dayan üzlər görmüş
bu soyuq, boz güzgülərə…

Sabahlara gözlədiyin,
yoxsa olub-keçən gözəl,
Illər ötdü, nə yaşadın,
bu yalan sevgidən gözəl?..

Bildin, nəyi xatırladır,
nəyi saralmış fotolar…
Ilk bahardan son bahara
Xatirə qalmış fotolar…    

***

Ümid

Bu ümid son liman kimi,
qağayı çırpınan kimi,
arzularım duman kimi,
uçurumlardan asılmış.

Günlərim qanad üstündə,
çapıb gedir at üstündə,
zamanım saat üstündə
qarşı divardan asılmış.

Doğulanda yanvar idi,
dünya ağappaq qar idi,
bir gözəl rəsmim var idi,
bilmirəm hardan asılmış…
Nə gözlədim…
Heç bilmirəm
nə gözlədim,
nə gözlədim
baharı,
bir qaya kölgəsində
yaşanan  
məhbusluğun
günəş, yağmur
həsrətin
çəkən qarağac kimi,-

nə gözlədim,-
bir batmış,
darmadağın
şəhərin
köpəklərə
tərk edilmiş
adsız küçələrində
qapılardan qovulmuş
çarəsiz bir ac kimi,-

nə gözlədim,
bilmirəm,-
qonaqları dağılmış
bir masa arxasında
ümidsiz,
yapayalnız,
oyununu uduzmuş
bəxtsiz naəlac kimi…

***

Qarçiçəyi

Qarçiçəyi,
bu ağ çöldə
üz-üzə qışla bahar
sənin gözlərində günəş,
mənim gözlərimdə qar…

Bu nə gözəl gülümsəyiş,
Baxsan,
gözüm qamaşar,
Kirpiyimdən qar ərisə,
çöllər göz yaşı axar.

Yaxın gəlsəm… necə gəlim,
əllərim qış qoxulu…
gəlsəm, həmən bitər axı,
bu, bir qar qız nağılı…