2015-ci ildə universiteti bitirmiş Aysu Abdullayeva rusca bilmədiyi üçün 6 ilə yaxın işsiz qaldığını deyir.
“Azərbaycan dili və ədəbiyyat müəllimliyini bitirmişəm, dövlət dilini də yüksək səviyyədə bilirəm. Nə dövlət işinə girə bildim, nə də özəl sektora. Rus dilini bilib, dövlət dilində yarım-yamalaq danışanları işə götürürdülər”, – Abdullayeva söyləyir.
İşgüzar əlaqələrin qurulması üçün nəzərdən tutulan Linkedİn sosial şəbəkəsində 30-dan çox vakansiyanı nəzərdən keçirib, elanların 90%-də rus dili tələbinin qoyulduğunu görüb. Həmin elanlar iş axtaranlar tərəfindən birmənalı qarşılanmasa da, özəl şirkətlərin birində HR (insan resursları) şöbəsində çalışan, adının anonim qalmasını istəyən şəxs radioya bildirib ki, rus dili dövrün tələbidir, burada qeyri-adi heç nə yoxdur:
“Yaxşı yerdə işləmək istəyən xarici dil bilməlidir, rus dili tələbi isə ölkəmizdə digər millətlərlə ilə müqayisədə rusların daha çox olması ilə bağlıdır. 5 il əvvəl rus dilində 90 min şagird oxuyurdusa, indi 155 mindən çoxdur.Yüksək vəzifədə çalışan məmurların da əksəriyyəti rus dilini dövlət dilindən yaxşı bilir. Bu hadisələr fonunda biz və bənzər qurumların rus dili tələbimiz müzakirə edilməli deyil”.
Dövlət qurumunda eyni vəzifədə çalışan şəxs deyir ki, dövlət qulluğuna müraciət edən şəxs Azərbaycan dilindən imtahan verir, amma xarici dil bilmək də vacib amildir, rəqabət yaradır. Onun fikrincə, “Azərbaycan dilini bilməmək günahdır, amma rusca bilməmək də eyibdir”.
“Bizə rusdilli şəxslər lazımdır”
“Postsovet ölkəsi olmuşuq, ölkədə rus dilində orta təhsil pulsuzdur, bu məsələlər fonunda bizim vətəndaşların rus dili bilməsi də gərəkli sayılır. Azərbaycanda yaşayan rusdilli vətəndaşlara da xidmət göstəririk, tez-tez müraciət edənlər arasında belə şəxslər olur. Onların narazılığı cavabsız qalmamalıdır, buna görə də bizə rusdilli şəxslər lazımdır. Bu, həm də işaxtaranlar arasında rəqabət yaradır, insanlar bir-biri ilə yarış halında rus dilini öyrənir”, – dövlət qurumunun HR mütəxəssisi deyib.
Elə Azərbaycan Prezidenti İlham Əliyev də rusiyalı həmkarı Vladimir Putinlə görüşlərində ölkədə rus dilində məktəblərin, bu dildə təhsil alanların sayının artmasından fəxrlə danışır. Putin isə Əliyevə rus dilinin inkişafına dəstəyə görə təşəkkürünü bildirir, hər vasitəylə dəstəyə hazır olduqlarını vurğulayır.
Rus dilini öyrənəndən sonra…
Ötən il maddi durumunun pisləşdiyini görən Aysu isə məcbur qalıb rus dilini öyrənir, müəyyən qədər qavrayandan sonra elə ilk müraciət etdiyi yerdə işə qəbul olunduğunu deyir: “İş prosesində rus dili lazım olmurdu, amma girmək üçün əsas tələb idi”.
İnsan Resursları üzrə mütəxəssis Dəyanət Ağayev işə qəbul zamanı rus dili tələbinin əmək bazarında xeyli insanın karyera yolunda böyük maneələr törətdiyi qənaətindədir. O, ölkədə bu məsələni tənzimləyən qanunvericiliyin olmadığını, insan resursları mütəxəssislərinin üzərinə böyük yük düşdüyünü bildirir: “İlk növbədə vakant vəzifənin tələbləri düzgün analiz olunmalıdır. Həqiqətən dil bilikləri olan kadrlara ehtiyac olub-olmaması araşdırılmalıdır. Yalnız bundan sonra dil biliyinin vakansiya üçün şərt olması, üstünlük olması və ya heç lazım olmaması müəyyənləşə bilər. Bununla bağlı monitorinqlərə ehtiyac var, istər iş yerlərində, istərsə də dövlət səviyyəsində”.
Azadlıq radiosu