İran sərhədimizdə hərbi təlimlərə başladı

Təlimdə Araz çayını keçmək məşq edilir

İran hərbi rəhbərliyi növbəti dəfə Azərbaycana hədə qorxu gəlir !

AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı

Bu gün İran Azərbaycanla sərhəddə hərbi təlimlərə başlayıb. Təlimdə İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları iştirak edir.
Maraqlıdlr ki, SEPAH Quru Qoşunlarının komandanı Məhəmməd Pakvərin bildirdiyinə görə bu təlimdə “döyüş və kamikadze dronlarından istifadə ilə yanaşı, həm də Araz çayı üzərində körpü salınması və kommunikasiyaların və yüksəkliklərin ələ keçirilməsi, şərti düşmən mövqelərinin məhv edilməsi nəzərdə tutulur” . Elə buradan görünür ki, İran Araz çayı üzərindən qarşı tərəfə keçmə təlimi həyata keçirməklə Azərbaycanı özü üçün hərbi hədəf olaraq gördüyü mesajını verir. Ona görə də İran bu təlimlə ilk növbədə Azərbaycan dövlətini hərbi baxımdan təhdid edir.
İran nəinki bu təlimin Azərbaycana qarşı olduğunu gizlətmir, hətta bunu açıq aşkar bəyan edir də. SEPAH-ın quru qoşunlarının komandan müavini Əliəkbər Purcəmşidian bildirib ki, “Sionist rejimin bölgədə olması ciddi təhlükədir. Sionistlərin region dövlətlərinin silahlı qüvvələri ilə yaxın əməkdaşlığı təhlükə yaradır və buna əhəmiyyətsiz yanaşmaq olmaz”. Aydındır ki, İran Sionost rejimlə, yəni İsraillə hərbi əməkdaşlıq edən ölkə deyəndə yalnız Azərbaycanı nəzərdə tutur. Bunu əvvəllər də İran rəhbərliyi açıq mətnlə bildirib. Aydındır ki, bu gün İranla Araz boyu sərhəddi olan və İsraillə hərbi əməkdaşlıq edən yeganə ölkə Azərbaycandır.
İranın Azərbaycana qarşı belə bir hərbi təhdidə əl atması indiki halda heç də təsadüfi deyil. Bu ölkənin rəhbərliyi dəfələrlə eşitdirib ki, Azərbaycan və İsrail arasında olan hərbi əməkdaşlığı özü üçün ciddi təhlükə hesab edir. Xüsusi ilə İran daxilində kütləvi xalq etirazları getdikcə genişləndiy və nəzarətdən çıxdığı bir vaxtda, İsrail xüsusi xidmət orqanlarının bu proseslərə Azərbaycan ərazisindən müdaxilə etməsi ilə bağlı bu ölkənin ciddi əndişələri var. Bu baxımdan qadağan olunmuş milli hüquqları uğrunda mübarizəyə qalxan Azərbaycan türklərinə qeyri leqal şəkildə yardım edilə biləcəyi qorxusu da, İran rejimini aqressivləşdirir. Düzdür, Azərbaycanda milli hakimiyyət olmasa da, İsrailin ölkəmiz vasitəsi ilə milli amildən istifadə edib İrandakı etirazları daha da dərinləşdirə bilməsi ehtimalı var. Ona görə də İran güc, əzələ nümayiş etdirməklə, bir növ Azərbaycanı belə bir mövqedən uzaq saxlamağa çalışır .
Bundan əlavə SEPAH-ın komandan müavini Əliəkbər Purcəmşidian deyib ki, “Builki hərbi təlimlərimiz ötən ilkilərdən fərqlənir. Arazın o tayında baş verən bəzi məsələlər təhdid sayılır. Bölgənin sərhədləri dəyişdirilməməlidir. Biz təhdidlərə laqeyid yanaşa bilmərik”. Açıq aşkar görünür ki, İran bu hərbi təlimlə Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır və bunu özü üçün ciddi təhlükə sayır. Bununla həm də Ermənistanı müdafiə mövqeyindən çıxış edən İran, lazım gələrsə Zəngəzur dəhlizinin açılmasına qarşı zorakı yolla müdaxilə edə biləcəyi xəbərdarlığını edir. İran hərbi və siyasi rəhbərliyinin dəfələrlə ən yüksək səviyyədə Zəngəzur dəhlizini özləri üçün təhlükə saydıqlarını və bunu qırmızı xətt kimi qəbul etdiklərini bildiriblər.
Bütün bunlardan sonra ölkəmizdə İran təəssübkeşliyi göstərənlərin, əslində, bu ölkənin 5-ci kalonu olduğunu, öz Vətəninə qarşı başqa bir ölkənin maraqlarını müdafiə etdiyini sübut etməyə gərək qalmır.