Masallıdakı partlayış “texnogen səbəb”ə bağlandı

Telekommunikasiya Qovşağının əməkdaşları və hadisənin digər şahidləri isə olayın terror aktı olduğuna daha çox inanırlar

 

Masallıda Telekommunikasiya Qovşağında baş verən partlayışla bağlı ziddiyyətli açıqlamalar verilir. Xatırladaq ki, partlayış fevralın 7-i günorta saatlarında baş verib. Nəticədə qovşağın 4 mərtəbəli binasının bir hissəsi dağılıb. Iki nəfər ölüb, 5 nəfər ağır xəsarət alıb.
Partlayışın səbəbləri hələ ki, bəlli deyil. Yerli camaat hadisəni terror aktı sayır. Dövlət qurumları isə olayın texnogen səbəblərdən baş verməsi versiyasını irəli sürürlər. Masallı rayon Prokurorluğunda partlayışla bağlı Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adam öldürmə) maddəsi ilə cinayət işinin başlanması da göstərir ki, dövlət qurumları olayın terror aktı olmasını istisna edir. Bununla belə prokurorluqdan bildiriblər ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. Hadisə ilə bağlı tutulan və ya saxlanılan yoxdur.
Hadisə ilə bağlı Masallıya gedən fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib ki, ehtimallara görə, hadisə texnogen səbəblərdən baş verib. “Fövqəlnazir” həmçinin binanın qəzalı olduğunu da istisna etməyib: “Tam təfərrüatlar ərazidə təmizləmə işləri tam başa çatandan sonra bilinəcək”.
K.Heydərov hadisə nəticəsində ölənlərin və xəsarət alanların ailələrinə yardım edilməsinin gündəmdə olduğunu açıqlayıb(APA).
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov isə deyib ki, bina yenicə təmirdən çıxıb(ANSPRESS).
Nazirlərin bu cür ziddiyyətli açıqlamalar verməsi partlayışın texniki səbəblərdən baş verməsinə şübhələri artırır. Həmçinin qovşağın işçiləri də hesab edir ki, bina partladılıb.

 

İnformasiya şöbəsi