Nağıllar aləminə səyahət

Mirzə Fətəli Axundov yazırdı ki, ərəblər qədər nağıl uyduran, iranlılar qədər nağıllara inanan ikinci bir xalq yoxdur.  Bugünlərdə Sahib Rüstəmlinin “Haqqın dərgahına aparan yol” kitabını oxudum, anladım ki, iranlıların nağıllara inanmamaq üçün şansları çox azmış. Iranın sözün əsl mənasında sirlər, möcüzələr ölkəsi olması kitabdan aşkar görünür.
Siz mənə “aldanma, şair sözüdür, əlbəttə yalandır” xatırlatmasını edə bilərsiniz. Mənsə, Sahib Rüstəmliyə yaxşı bələdəm, əminəm ki, kitabda şişirtmə, uydurma bir faiz həddində ola-olmaya…
Ən başdan elə kitabın ərsəyə gəlmə səbəbinə baxsaq, qeyri-adilik görəcəyik. Kitab Məşhəd ziyarətinə həsr edilib. Deyəcəksiniz ki, burada nə var; olmasın milyonlarla zəvvardan birinin xatiratı…
Yox, elə deyil. Bu zəvvar Azərbaycandan Məşhədə – təxminən 1700 kilometrlik yolu tək və piyada gedib.
Bəli, indi dünya elə bir vəziyyətdədir nəinki iki dövlət arasında piyada səfərə çıxan, hətta dünyanı bir neçə dəfə piyada dövrə vuran avantüristləri də tapmaq olar. Lakin biz müəllifi saf-nəzər etməsək, məsələyə düzgün qiymət verə bilməyəcəyik.
Sahib Rüstəmlinin kitabı, müəllifi ilə ahəngdar olan kitablar seriyasındandır. Çox kitablar var ki, müəllifi ilə ziddiyyətdədir. Sahib Rüstəmli öz çevrəsində, onu tanıyanlar arasında mötəbərliyi, dürüstlüyü və əqidəsinə sadiqliyi ilə seçilənlərdəndir. Onun haqqında daha yüksək fikirlər səsləndirməyimə, yalnız və yalnız eyni siyasi kimliyimiz (AXCP üzvlüyü) mane olur. Tərəddüdüm var ki, Sahib bəyin haqq etdiklərini yazsam, tərəfkeş, ucuz təbliğatçı kimi görünəcəm. Məqsədimiz isə bu deyil.
Yayınmayaq, aydınlaşma edək: Rüstəmlini minlərlə macəraçıdan fərqləndirən nədir? Birincini dedik; o, ciddi həyat tərzi ilə seçilənlərdəndir. Sahib Rüstəmli ictimaiyyətçidir, müəllimdir.
Ikincisi, o, bu ziyarətə verdiyi vədi tutaraq gedib. Müəllif yazır ki, Qarabağ savaşında iştirak etdiyi zaman Sabirabaddan olan Milli Qəhrəmanla (mərhum Mübariz Əhmədov) əhd ediblər ki, torpaqlar azad olsun, onlar belə bir ziyarəti gerçəkləşdirəcəklər.
Illər keçir, Qarabağ azad edilmir. Günlərin birində (2007) Sahib Rüstəmli ard-arda Məşhəd ziyarəti barədə yuxular görür. O, ziyarətə yollanmağa qərar verir. Düşünür ki, ömür gedir, cavanlıq arxada qalır, növbəti illərdə Qarabağ qayıtsa belə, vədini yerinə yetirməyi bacarmaz. Ətrafındakıların müqavimətinə baxmayaraq, o, yola çıxır.
Indi siz özünüzü bir anlıq qoyun iranlıların yerinə; tək-tənha, piyada uzaq bir yolçuluğa çıxan insan sizin yanınızdan ötüb gedir. Maşın var, təyyarə var, at-eşşək də var, amma adam canını riskə qoyaraq ziyarətə gedir. Nağıl deyilmi?
Hələ bu harasıdır?!
Kitabda oxuyuruq ki, müəllif ziyarət zamanı iki dəfə oğru, quldura rast gəlir. Lap “Min bir gecə” nağılındakı kimi,
bir ziyarətçi roluna girən yolçu ona bihuşdar verib yatırdır və onu talayıb qaçır. Başqa bir yerdə daha bir quldur onun əlindən pulu qaparaq maşınla gözdən itir.
Əl yetməz, ün çatmaz bir yer, adam heç kimi tanımır… Oxuduqca fikirləşirsən; indi nə olacaq bu kişinin aqibəti. Amma elə buradaca Iran sirri, möcüzəsi işə düşür: heç ağıla gəlməyən yerdən insanlar peyda olur, biri nəzir adı ilə, biri ziyarətçinin şücaətindən şövqlənərək, o biri oğrunun Iranın adını batırdığını və buna görə onları bağışlamaq üçün Sahib Rüstəmliyə pul verirlər. Hesabladığına görə, o, itirdiyindən də çox tapır…
O məşhur reklamda deyildiyi kimi, bunlar hələ son deyil: kitabın sonunda yenə də nağılvari formada birinci oğru tapılır. Polisin köməyi ilə o, yaxalanaraq məhkəməyə aparılır. Məhkəmə səhnəsini oxuyanda qətiyyən düşünə bilmirdim ki, bu baş verənlər 2007-ci ildə olub, özü də tanıdığım adamla bağlı. Sanki oxuduqlarım qədim dövrlərdən bəhs edən bir detektiv şərq əhvalatıydı. Təsəvvür edin: oğruya hakim 12 il iş verir. Hakim cəfakeş zəvvara zülm etdiyinə görə oğrunu sərt cəzalandırmaqla kifayətlənmir, Sahib Rüstəmlinin fədakarlığı önündə təsirlənərək, gözü yaşlı ona yaxınlaşır, alnından öpür, ona müqəddəs adam kimi nəzir verir.
Oğrunu polislər naqillə ölümünə döyür, buna dözməyən müəllif ona rəhm istəyir, əlini uzadıb oğrunun başını sığallayır. Soruşacaqsınız ki, filmmi?! Nağılmı?!
Sahib Rüstəmli bütöv Azərbaycan arzusu ilə yaşayanlardandır. Buna görə də kitabın lap ilk sətirlərində Iran dövlətinə qarşı xoş olmayan tərzi sezilir. Bütün bunlara rəğmən, mən, hətta Irana konkret neqativ mövqe göstərən insanın qeydlərində də qonşu ölkədə dövlət bürokratiyasının xalqla təmas məsələsində bizdən xeyli irəli getdiyini gördüm. Bütün polis bölmələrində müəllif ədəb-ərkanla qarşılanır, ona yatmaq üçün yer belə, təklif edirlər.
Rüstəmli Iranın icra hakimlərinin də qəbuluna çox rahatlıqla düşür. Doğrudur, onlarla söhbəti alınmır, amma mən baş verən görüşləri oxuya-oxuya Azərbaycan məmurlarının qəbul otaqları qarşısında aylarını keçirən insanlarımızı düşündüm.
Kitabdan öyrəndiyim bir fakt da oldu. Heç demə, məscidin qapısı, hətta dini dövlətdə də açıq olmurmuş. Əksər yerlərdə müəllif niyyət etdiyi kimi, məscidlərdə gecələyə bilmir. Buna səbəb isə ona icazə verilməməsidir.
Nəsə, fürsət tapın, bu kitabı oxuyun. Mən hələ oxuduğumun 1 faizini yazdım. Oxuyun, sonra iranlıları nağıllara uymaqda ittiham etməyin…

Natiq Güləhmədoğlu