İki nəfər ölüb bir nəfər yaralanıb; Hücuma məruz qalanlardan biri vəzifəli şəxsin qohumudur
Balaxanı qəsəbəsində Əsəd Əliyev, oğlu Məhəmməd və qardaşı Seymur mübahisə zəminində “Makarov” tipli tapançadan Elçin Əliyevin alın nahiyəsinə, Sadiq Musayevin ayaq nahiyəsinə atış açıb, Elxan Bayramzadənin ürək nahiyəsinə isə bıçaq xəsarətləri yetiriblər. Hadisə dünən axşam saatlarında baş verib.
Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib, Elçin Əliyev və Elxan Bayramzadə aldıqları xəsarətdən orada dünyasını dəyişiblər. Sadiq Musayev isə yardım alaraq evə buraxılıb.
Daxili Işlər Nazirliyinin Baş Cinayət Axtarış Idarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi, Bakı Şəhər Baş Polis Idarəsinin Cinayət Axtarış Idarəsi və Sabunçu Rayon Polis Idarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Əsəd Əliyev və Məhəmməd Əliyev tutulub. Onlardan “Makarov” tipli tapança və bıçaq götürülüb. Hadisənin digər iştirakçısı Seymur Əliyevin tutulması üçün əməliyyat tədbirləri davam etdirilir.
Sabunçu rayon Polis Idarəsindən APA-ya bildiriblər ki, silahlı insidentdə hücuma məruz qalanlardan biri vəzifəli şəxsin yaxın qohumudur. Söhbət Sadiq Musayevdən gedir. O, Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayevin qardaşı oğludur. Sadiq Musayevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Polisdən həmçinin bildirilib ki, məlum atışma bir qrup gəncin xuliqanlığı nəticəsində meydana gəlib. Belə ki, həmin davada iştirak edənlərin hamısı qonşulardır. Qonşular arasında baş verən mübahisə sonda atışma ilə nəticələnib.