“Ya inqilab, ya nəsə…”
Heç kəs Azərbaycanı dünyadan təcrid edib, qapalı bir dövlət edə bilməz
“Azadlıq”da keçirilən budəfəki dəyirmi masanın qonaqları gənclər təşkilatları təmsilçiləridir. Mövzumuz isə gənclər hərəkatının hazırkı reallıqlarda cəmiyyətdəki rolu ilə bağlıdır. Iştirakçılar “Gənclər Klubu” Ictimai Birliyinin icraçı direktoru Zaur Əkbər, “Dalğa” Gənclər Hərəkatının fəalı Rövşən Nəcəfov və Azərbaycan Gənclərinin Avropaya Inteqrasiyası Təşkilatının sədri Gülsel Səfərovadır.
– Belə bir fikir də var ki, əksinə, demokratiya, normal seçki bizi Qarabağ probleminin həllinə daha tez yaxınlaşdıra bilər. Çünki bu gün üçün beynəlxalq arenada ermənilərin əsas arqumenti ondan ibarətdir ki, biz Azərbaycan hökumətinin rəhbərliyi altında yaşaya bilmərik. Çünki bu iqtidar öz vətəndaşlarının hüquqlarını kobud şəkildə pozur…
“Hakimiyyətin ABŞ-la kəllə-kəlləyə getməsi ağılsızlıqdır”
Z.Əkbər:
– Məni bir gənc vətəndaş olaraq son zamanlar narahat edən məqam Azərbaycan rəsmilərinin beynəlxalq kürsülərdən Qərb dövlətlərinə qarşı bəyanat savaşı aparmasıdır. Özəlliklə, dünya idarəetməsində böyük rolu olan ABŞ-a qarşı aparılan kampaniya. Hesab edirəm ki, 21-ci əsrdə, modern dünyamızda ABŞ-la kəllə-kəlləyə gəlmək ağılsızlıqdır. Əksinə, ağıllı hökumətlər cəhd etməlidirlər ki, dünyanın super gücləri ilə – ABŞ-la, Qərb dünyası ilə uzlaşma nöqtələri tapsınlar. Bu gün hakimiyyət düşünməlidir ki, Azərbaycanın nəyə görə bu cür beynəlxalq imici formalaşıb. Deməli, Azərbaycanın xarici siyasət parametrləri düzgün dəyərlər üzərində qurulmayıb. Bəli, Qarabağ məsələsi bizim üçün kifayət qədər aktualdır. Mən Amerikanın vəkili kimi çıxış etmək istəmirəm. Amma ATƏT-in Minsk qrupunda dünyanın super gücü olan ABŞ da təmsil olunub. Bizim hakimiyyət rəsmiləri də ABŞ-ı “topa tuturlarsa”, bu, düzgün sayıla bilməz. Biz çalışmalıyıq ki, dünyada olan oyun qaydalarına riayət edək. Hakimiyyət nümayəndələri praqmatik düşünürlərsə, bunu etməlidirlər. Əksi həmin insanlar üçün acı nəticələrə səbəb ola bilər. Bu gün hətta Türkiyə ilə də münasibətlərimiz normal deyil. Bu bizim ən böyük bədbəxtçiliyimizdir. Bayraq qalmaqalında hökumətin daxilində olan bəzi qüvvələr dividend götürdülər. Halbuki, biz Türkiyə ilə sıx strateji əlaqələr qurmalı, ABŞ-la normal dil tapmalıyıq. Məhz, bu kontekstdə Qarabağ məsələsinin həlli mümkündür. Bu münaqişənin həlli azad, normal seçkilərdən və iqtisadi azadlıqlardan keçir.
“Azərbaycan da Misir ola bilər”
– Azərbaycanda indi Tunisdə, Yəməndə, Misirdə baş verən hadisələrə oxşar proseslərin cərəyan etməsi üçün sosial-iqtisadi, siyasi zəmin yaranıbmı?
R.Nəcəfov:
– Bəli, var. Biz hər gün ictimai nəqliyyatda əhalinin bu sistemdən narazılığını eşidirik. Bunun sonu isə bir “bum” ola bilər. Bu hadisələrin Misir, Tunis, Gürcüstan, yoxsa tam başqa bir model olacağını zaman göstərəcək. Amma nəsə olacaq. Corc Oriyenin “1984″ romanında müəllif yazır ki, ”biz əvvəllər müharibə edəndə ya qalib gəlirdik, ya məğlub olurduq”. Bu deyimi indiki günümüzə aid etmək olar. Bəzən insan haqları ilə bağlı təbliğat aparanda deyirsən ki, bəzi hüquqlar var ki, onları heç kim poza bilməz. Amma bunun cavabında deyilir ki, yox, bizim Qarabağ problemimiz var, “döyüş bizim alnımıza” yazılıb. Bu yolla Qarabağı qaytarmaq olmaz. Ingiltərə və Fransa yüz il müharibə aparan ölkələrdir. Amma bu gün hər bir ölkənin vətəndaşı çox rahat bir-birinə gedib-gəlir. Mən Qarabağlıyam, məcburi köçkünəm. Mənim də müharibədə qohumlarım həlak olub. Amma mən öz-özlüyümdə fikirləşirəm, tarixdə Birinci və Ikinci Dünya Müharibələri olub. O zaman üçün dünya əhalisinin yarısı qırılıb. Durub ölülərləmi yaşamalıyıq, övladımızı nifrətləmi böyütməliyik?
Bu gün insana seçim hüququ tanınmalıdır – öz ölkəsində, məktəbində, iş yerində, parlament seçkilərində. Rusiyada “Oborona” gənclər təşkilatı var idi. Halbuki, bu təşkilat Gürcüstandakı “Kmara”dan, Ukraynadakı “Pora”dan daha güclü idi. 2005-ci ildə hər yerdə inqilab oldu. Amma Rusiya və bizdə bu baş vermədi. Bu, Azərbaycandakı sistemdən asılıdır. Hillari Klinton çıxışının birində bəyan etmişdi ki, onlar demokratiyanı 227 ilə başa vurublar. Vaxtilə yüz ilə nail olunan bir şeyə indi daha qısa zamana asanlıqla çatmaq olar.
“Yayı bəlli yerə qədər sıxmaq olar”
G.Səfərova:
– Burada çox fəal təşkilatların təmsilçiləri toplaşıb. Və hələ bildiyimə görə onların təmsilçilərinin heç biri siyasətçi deyil. Ona görə düşünürəm ki, bu cür siyasi suallara sırf siyasətlə məşğul olan gənclər cavab verməlidir. Sırf Azərbaycan vətəndaşı kimi cavab vermək istəyirəm sualınıza. Son on beş ildə Azərbaycan öz dövlətçiliyini çox möhkəmlədib. Dövlətçilik hakimiyyətçilik demək deyil. Burada çox gözəl qeyd olundu, ABŞ neçə ilə demokratiyaya nail olub. Bizə bundan sonra bir iyirmi il də lazımdır ki, müəyyən nailiyyətlər əldə edək. Bu baxımdan əgər bizim dövlətçiliyimiz kifayət qədər möhkəm olarsa, inanmıram ki, bizdə sosial partlayış olsun.
Z.Əhməd:
– SSRI dağılanda Baltikyanı ölkələrlə biz eyni vaxtda müstəqil olduq. Indi həmin ölkələrin vəziyyəti ilə bizimkini müqayisə edin. Hətta Gürcüstan belə bizdən öndədir. Bu ölkə Avropa Birliyi, NATO yolunu tutan, rüşvətin köklü şəkildə yığışdırılmasına doğru gedən bir ölkədir. Amma Azərbaycanda, təəssüf ki, əks proses yaşanır. Fizikanın bir qanunu var – yayı bəlli yerə qədər sıxmaq olar. Həmin nöqtəni keçdin, bumeranq effekti ilə üzləşəcəksən. Təəssüflər olsun ki, bizim cəmiyyətdə bu proses yaşanır. Hakimiyyət anlamalıdır ki, yayın bumeranq effekti verməsinə məsuliyyət daşıyan tərəf odur. Tunisdə baş verənlərə görə daha çox məsuliyyət daşıyan həmin ölkənin rəhbərliyi idi. Indi baxın onların gününə. Dünya qlobollaşır. Heç kəs Azərbaycanı dünyadan təcrid edib, ayrıca bir qapalı dövlət yarada bilməz. Bir az zamana ehtiyac var. Amma Azərbaycanın demokratikləşməsi uzaqda deyil. Bilmirəm, bu inqilabla baş verəcək, yoxsa başqa yolla. Amma bəlli olan odur ki, bu proses baş verəcək. Artıq Misir, Tunis dəyişir. Bu o deməkdir ki, yeni dünya qərar verib ki, Orta Şərq proyekti yenidən işlənməlidir. 2006-cı ildə Kondaliza Rays Qahirədə bir bəyanatla çıxış etmişdi. O bildirmişdi ki, biz Orta Şərqdə stabilliyi dəstəklədik və ümid etdik ki, demokratiya özü möhkəmlənəcək. Amma nəticədə nə stabilliyi gördük, nə demokratiyanı. Indi proseslər gedir və onun qarşısı alına bilməz.
Gənclik Azərbaycanı necə görmək istəyir?
– Azərbaycandakı bu reallığı görərək, bir gənclər təşkilatı kimi nə etmək istəyirsiniz? Bu ölkəni necə görmək istəyirsiniz?
Z.Əhməd:
– Mən bir Azərbaycan gənci olaraq Azərbaycanı azad, Avropaya, NATO-ya inteqrasiya olunmuş görmək istəyirəm. Biz istəyirik ki, Azərbaycan gəncliyi ictimai cəhətdən fəal olsun. Öz mövqeyini ifadə etsin. Imkan verməsinlər ki, kimlərsə onların əvəzinə seçki bülletenlərini qutuya atsınlar, seçki “karuselində” istifadə etsinlər. Biz öz səylərimizin nəticəsini görəcəyik. Mən optimistəm. Ola bilər ki, son seçkilər cəmiyyətdə üzgünlük yaratdı. Amma dünya təkcə Azərbaycandan ibarət deyil. Regionda baş verən proseslərə nəzər salsaq görərik ki, Azərbaycanın görmək istədiyi cəmiyyət o qədər də uzaqda deyil. Əsas odur ki, strategiya və hədəf eyni olsun. Taktiki gedişlər fərqli olsa da olar.
R.Nəcəfov:
– Düşünürəm ki, bütün sahələrdə dəyişiklik olmalıdır. Təkcə siyasi deyil. Kino, mədəniyyətdə də dəyişiklik etmək lazımdır. Mütləq zəruri islahatlar reallaşdırılmalıdır. Və biz “Dalğa” Hərəkatı olaraq özümüzü maarifçi hesab edirik. Necə ki, məhz maarifçi hərəkatı ADR-ni, Azərbaycan Xalq Cəbhəsi bizim milli hökuməti yaratmışdı. Düşünürük ki, bizim hərəkat da nəyəsə nail olacaq. Bir hədəf var. Sadəcə, o hədəfin yaxın və ya uzaq olduğunu bizim üçün zaman bəlli edəcək. Bizim nail olmaq istədiyimiz bir məqam da Azərbaycana müxtəlif sahələrdə güclü kadrlar verməkdən ibarətdir. Bu ölkədə dövlətin gələcəyinə sahib olacaq fərdlər yetişməlidir. Biz istəyirik ki, dünyanın istənilən yerində, ABŞ-da, Avropada “mən azərbaycanlıyam” deyəndə bununla fəxr edək. Deməyək ki, 2007-ci ildə vərəmə görə dünyada birinci yeri tutmuşuq, rüşvətə görə ön sıradayıq. Necə ki, Qərbdən gələn çağdaş texnologiyaları işlədirik, elə də onların idarəçilik sistemini götürüb tətbiq etməliyik. Cəmiyyətimizin azad, sağlam olmasını istəyirik. Atatürkün bir sözü var. Vətənə xidmət özünə xidmət demək deyil, özündən sonra gələn nəsilə xidmət deməkdir. Bu günləri biz “Dalğa” olaraq buna nail olmaq istəyirik. Mən istəmirəm ki, mənim övladım sabah mənə desin ki, bu nə ölkədir mənə miras qoymusan.
G.Səfərova:
– Çox maraqlı və müsbət istəklərdir. Bütün həmkarlarıma istədiklərinə nail olmağı arzulayıram. Bunlar hamısı Azərbaycanın xoş gələcəyi üçün arzulanan istəklərdir. Biz təşkilat olaraq azərbaycançılıq ideologiyası əsasında Avropa dəyərlərinin ölkəmizdə təbliğatına çalışırıq. Biz eyni zamanda Azərbaycanı Avropada tanıtmaq istəyirik. Bu, bizim uzunmüddətli məqsədimizdir. Bu istiqamətdə müəyyən nailiyyətlərimiz var. Mən çox istərdim ki, Azərbaycan gəncinin səsi Avropadan daha çox gəlsin; Avropanın tanınmış təsisatlarında daha çox sayda təmsil olunsun.
Seymur Həziyev,
Xəyal Şahinoğlu
P.S. Bu dəyirmi masadan sonra Azərbaycanın fəal gənclərindən birinin cibinə narkotik maddə ataraq tutdular. Gənclər təşkilatlarının praktik fəaliyyəti və koordinasiyalı etiraz hərəkatı üçün zəmin vardı, indi motiv də var. Bizim üçün də maraqlıdır: Azərbaycandakı gənclər təşkilatları Cabbar Savalanlını necə müdafiə edəcək və onu “əjdahanın ağzından” xilas edə biləcəklərmi? Axı, bu cür şərlə onların hər biri hər an rastlaşa bilər.