“Əli Kərimlinin liderliyi ilə demokratik güc mərkəzi yaradılmalıdır”
Dünyəvi Bozqurd Partiyasının Siyasi Şurasının iclası keçirilib və ölkədəki ictimai-siyasi vəziyyət, seçki öncəsi demokratik mühitin yaradılması və bu istiqamətdə müxalifət partiyaları ilə əməkdaşlığın perspektivləri müzakirə edilib. Bu barədə əməkdaşımız partiyanın sədri Şakir Ulubəydən məlumat alıb. Toplantının yekunları ilə bağlı sədr bildirib ki, səmərəli müzakirələrin nəticəsi kimi Siyasi Şura adından bəyanat qəbul edilib.
Bəyanatda bildirilir ki, 2013-cü il prezident seçkiləri Azərbaycan xalqının həyatında demokratik sistemə keçid və bu rejimdən qurtuluş ili olacaq. Bu səbəbdən rejimə qarşı mübarizədə hər hansı bir yanlış siyasət xalqın son ümüdlərini də puça çıxarıb ölkədə daha da fəlakətli vəziyyətin yaranmasına səbəb ola bilər: “Bu gün baş verəcək uğursuzluqlara rəvac vermiş addımlar Azərbaycan xalqı və bu rejimlə savaşa həyatlarını sərf etmiş milli azadlıq hərəkatı üzvləri tərəfindən bağışlanmayacaq. Bu gün Azərbaycan müxalifəti onu bu mübarizədə qələbəyə çatdıra biləcək liderin rəhbərliyi altında hərəkət etməlidir. Prezident seçkilərinin demokratik keçirilməsi üçün rejimə qarşı olan bütün müxalifət düşərgəsinin birliyinə nail olunmalıdır. Nə qədər ki, demokratik müxalifət birləşib bizləri qələbəyə aparacaq lideri Azərbaycan xalqına təqdim etməyib, bu hiyləgər hakimiyyət seçkiləri yenə də saxtalaşdıracaq.
Bu gün Azərbaycan müxalifətinin birliyinə nail olub bir liderin ətrafında birəşmək lazımdır. Belə bir lider isə bu dövr ərzində cəmiyyət tərəfindən qəbul edilən yeganə lider AXCP sədri Əli Kərimlidir. Irticaya qalib gəlməyin yolu heç də onları məhv etməkdən keçmir. Onları müxalifətin güc mərkəzi ilə hesablaşmağa məcbur etməklə xalqı xilas edə bilərik”.
Dünyəvi Bozqurd Partiyası hesab edir edir ki, AXCP sədri Əli Kərimlinin liderliyi ilə formalaşan demokratik güc mərkəzi yaradılmalıdır. Bu mərkəz Azərbaycan xalqını bu cinayətkar hakimiyyətdən xilas etmək və demokratik sistemə keçidi təmin etmək üçün real fəaliyyətə başlamalıdır.


