Sevinc Babayevanın aqibətini digər şahidlər də yaşaya bilər
Elşad Abdullayev son yazılarının birində bir neçə nəfərin adını çəkərək onların da həyatının təhlükədə olduğunu deyib. Həmin siyahıda keçmiş deputat Gülər Əhmədova, müğənni Mətanət Isgəndərli və Rövşanə, Nüşabə, Şəmistan adlı şəxslər var. E.Abdullayev iddia edir ki, həm G.Əhmədova, həm də M.Isgəndərli qardaşı Mahir Abdullayevin oğurlanması məsələsində əhəmiyyətli şahidlərdirlər. Bu isə onların Sevinc Babayevanın aqibəti ilə üzləşə biləcəyi deməkdir.
Yerdə qalan şəxslərə gəlincə, onlar da bir sıra cinayətlərlə bağlı vasitəçilik etdikləri üçün təhlükədədirlər.
Əslində E.Abdullayev eyni təhlükə ilə bağlı Sevinc Babayevanı da xəbərdar etmişdi. Həmin vaxt bu xəbərdarlıq birmənalı qarşılanmasa da, S.Babayevanın müəmmalı ölümü bu barədə yenidən düşünmək zərurəti yaradır.
Maraqlıdır, hüquqşünaslar E.Abdullayevin son xəbərdarlığını necə qiymətləndirirlər, adıçəkilən şəxslər üçün təhlükə həqiqətən realdırmı?
Vəkil Əyyub Kərimov bu təhlükənin kifayət qədər real olduğunu deyir: “Sevinc Babayeva bu iş üzrə qiymətli şahidlərdən biri idi. Nə qədər ki, istintaq hansısa yekun nəticəyə gəlmir, o vaxta qədər Elşad Abdullayevin söz açdığı bu təhlükə real olaraq qalacaq. Sabah bu cinayət açılanda da şahidlərin ortada olmadığı üzə çıxacaq və iş qapanacaq. Elşad Abdullayevin dediklərində reallıq var və istintaq buna aydınlıq gətirməlidir. Baş Prokurorluq bu iş üzrə ya mətbuat konfransı keçirməli, ya da mətbuata geniş açıqlama verməlidir. Bütün sualları cavablandırmalıdır ki, şayiələrə, dedi-qodulara son qoyulsun. Elşad Abdullayevin mülahizələrinin nə dərəcədə həqiqət olduğuna mütləq rəsmi səviyyədə aydınlıq gətirilməlidir”.
Vəkil Osman Kazımov da adıçəkilən şəxslərin həyatının təhlükədə olmasını istisna etmir: “Əvvəla istintaq müəyyən etməlidir ki, Sevinc Babayeva ölüb və ya öldürülüb. Əgər onun öldürüldüyü məlum olarsa, o zaman Elşad Abdullayevin dediyi təhlükə tam realdır. Elşad Abdullayev kimlərinsə həyatının təhlükədə olduğunu iddia edirsə, hüquq-mühafizə orqanları buna münasibət bildirməlidir. Elşad Abdullayev bir söz deyir, oğlu bir söz, mətbuat da bir başqa söz. Bütün bunlar obyektiv araşdırılmalıdır. Amma təhlükənin olması gözləniləndir”.