Hakimiyyət daxilində amansız savaş

aliyev-memurlar10Paşayevlərlə Ramiz Mehdiyev arasındakı qarşıdurma nəzarətdən çıxıb

Iqtidar daxilində qruplararası savaş nəzarətdən çıxıb. Bu barədə “Azadlıq”a hakimiyyətdəki mənbə məlumat verib. Mənbənin sözlərinə görə, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin yaydığı videolardan və verdiyi açıqlamalardan sonra hakimiyyət daxilində dərinləşən ziddiyyətlər elə bir həddə çatıb ki, bütövlükdə iqtidarın çökməsi təhlükəsi yaranıb.
Mənbə bildirib ki, hələ Elşad Abdullayevin videolardan bir müddət əvvəl 2013-cü il prezident seçkisinə münasibətdə hakimiyyətdə əsasən iki qrup  Paşayevlər və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi Naxçıvan qruplaşması arasında konflikt yaranmışdı. Və bu ziddiyyətlər getdikcə dərinləşdirdi. Elşad Abdullayevin videoları isə odun üzərinə benzin tökmək effektini verdi. Sabiq rektorun açıqlamalarında əsasən Ramiz Mehdiyevi ittiham etməsi Paşayevlər üçün göydəndüşmə fürsət oldu. Hakimiyyətdəki ikinci soyad prosesdən öz nəfinə faydalanmaq üçün səylərini əsirgəmədi. Bu isə qarşı tərəfin müəyyən tədbirlər görməsinə və bununla da ziddiyyətlərin alovlanmasına səbəb oldu. Mənbə bildirib ki, xüsusilə Ramiz Mehdiyevin Elşad Abdullayevlə bağlı son açıqlamasından sonra vəziyyət nəzarətdən çıxıb. Söhbət PA rəhbərinin Elşad Abdullayevi milli təhlükəsizlik naziri Eldar Mahmudovun xahişi ilə qəbul etməsi barədə açıqlamasından gedir. Doğrudur, Ramiz Mehdiyev həmin açıqlamada ad çəkməmişdi. Eldar Mahmudovun adını Elşad Abdullayev PA rəhbərinin açıqlamasına aydınlıq gətirərkən çəkib. Bildirib ki, Ramiz Mehdiyevdən onu qəbul etməsini məhz MTN şefi xahiş edib.
Mənbənin sözlərinə görə, qarşı tərəfdə Ramiz Mehdiyevin sözügedən açıqlaması savaşın açıq müstəviyə keçirilməsi kimi dəyərləndirilib.
Mənbənin sözlərinə görə, bu qarşıdurmada hələ ki, itirən tərəf Ramiz Mehdiyevdir. Çünki məhz onun ətrafında mərkəzdənqaçma meylləri açıq-aşkar hiss olunur. Ramiz Mehdiyevə yaxın olan bəzi qüvvələr isə tərəddüd içindədir. Mənbə bu qüvvələri 3 qrupa bölür: Birinci qrupa daxil olanlar Ramiz Mehdiyevi müdafiə edəcəkləri təqdirdə MTN-nin hədəfinə gələcəklərindən ehtiyat edənlərdir. Bu şəxslər barələrindən qarşı tərəfdə hansısa kompramatların olduğunu güman edirlər. Ikinci qrupa daxil olanlar isə Gülər Əhmədovanın danışdırıla biləcəyindən çəkinirlər. Üçüncü qrupa isə baş verənlərlə bağlı Ilham Əliyevin rəyini gözləyənlər daxildir. Mənbə bildirib ki, birinci şəxsin mövqeyi necə olacaqsa, bu qrupa daxil olanlar ona uyğun mövqe sərgiləyəcəklər.
Mənbə savaşın nəzarətdən çıxdığını bir daha xatırladaraq bildirib ki, Ilham Əliyev sonda üz-üzə olan tərəflərdən birinə “stavka” etmək məcburiyyətində qalacaq. “O, atası kimi hakimiyyətdaxili intriqaları öz istədiyi kimi yönəltmək qabiliyyətinə malik deyil”, deyə mənbə əlavə edib ki, Ilham Əliyevin Ramiz Mehdiyevə, yaxud da Paşayevlərə “stavka” etməsi vəziyyəti düzəltməyəcək. Əksinə əsl həngamə bundan sonra başlayacaq.

Azad