“AXCP-nin son aksiyası göstərdi ki, rejim qorxu içindədir”

AXCP sədri Əli Kərimli

Sizcə, nəyə görə AXCP-nin dünənki etiraz aksiyasına hakimiyyət azacıq tolerant yanaşmadı?

Aksiya öncədən böyük mitinq kimi nəzərdə tutulmamışdı. Hesablamışdıq ki, ölkədəki rejimdən narazı insanların əksəriyyəti hələ də hakimiyyətin razılıq vermədiyi aksiyaya çıxmağa hazır deyillər. Təəssüf ki, bu gözləntimiz özünü doğrultdu.
Ona görə də aksiyaya 300 – 400 nəfər cəbhəçi və onlarla da narazı vətəndaşımız və digər müxalifət partiyaların üzvləri qatılmışdı. Cəbhəçilər bilirdi ki, həbslər olacaq, yollar bağlanacaq. Ona görə aksiyaya piket üçün gərəkəndən çox getmişdilər ki, bütün maneələr aşılandan sonra heç olmasa bir piketlik adam gedib çıxsın aksiya yerinə.

İndi təsəvvür edək ki, həmin 300 – 400 adamın etirazına hökumət nisbətən tolerant yanaşırdı. Nə olacaqdı? Dünyamı dağılacaqdı? Əksinə, hökumətin də şansı olardı dünyaya nümayiş etdirsin ki, dünyadakı qlobal dəyişikliyi anlayıblar və onlar da dəyişirlər. Ancaq belə etmədilər. Polis dövlətjnin qədim ənənəsinə uyğun davranıb, çox da böyük olmayan bir etiraz aksiyasında 165 nəfəri saxladılar. Aksiya təşkilatçılarının bir çoxunu ya evindən çıxmağa qoymadılar, ya da aksiya yerinə çatmağa, yolda həbs etdilər. Nəyə görə bu qədər zorakı davrandılar? Axı bilirlər ki, dünən nümayiş etdirdikləri zorakılıq və qəddarlıq onsuz da bərbad olan beynəlxalq imiclərini daha da bərbad edəcək. Xalqımızın da narazılığı artacaq. Bəs bunları bilə – bilə nəyə görə etdilər bu zorbalığı? Cavab bir və birmənalıdır. Çünki özləri qorxu içindədirlər. Dəyişən beynəlxalq şərtləri görürlər. Xalqın kütləvi narazılığını bilirlər. İnsanların qorxmadan və kütləvi şəkildə meydana çıxmasını öz sonları sayırlar. Ona görə hər şeyi edirlər ki, xalqı qorxu içində saxlasınlar. İndi sual budur: xalq olaraq nə vaxta qədər hüququmuzu, sərvətlərimizi, xoşbəxt yaşamaq imkanımızı cılız qorxumuza qurban verəcəyik?