Yol tapmaq

Küçəmizin yolları uzun illər çox bərbad vəziyyətdə idi. Əslində, yaşadığım qəsəbənin bütün yolları o cür idi. Sovetin hansı ilindəsə çəkilmiş asfaltdan nişanə qalmamışdı. Çala-çökəkləri göydəki ulduzlar kimi sayıb qurtarmaq olmurdu. Təmiz ayaqqabıya həsrət idik. Kənddən gələn qonaqlarımız da şikayət edirdi ki, biz orada necə yaşayırıq. Yağışlı havalarda yekə-yekə uşaqları ayaqlarının islanmaması üçün məktəbə qucağımızda aparırdıq. Hələ maşınlar nə çəkirdi bu yollardan, kimsə bilməz.
Əsl dərd idi…
Bir gün küçəmizin yollarını asfaltladılar. Milli qəhrəmanın adını daşıyır və bu üstünlük onun abadlaşmasına zəmin yaratdı. Amma başqa bir dərdə düşdük. O gündən küçəyə çıxmaq çətinləşdi….
Məsələ ondadır ki, qəsəbənin paralel yolları ilə getməli olan bütün maşınlar bu yolla getməli oldular. Hamı təmiz, rahat bir yol olduğundan xəbər tutdu…
Indi küçəmizdə böyük hərəkət var. Maşınların ardı-arası kəsilmir. Həm sürücülər yolu yaxşı görüb yüksək sürətlə hərəkət edirlər, həm də maşınların sayı dəfələrlə artıb. Nə qədər ki, o biri yollar da abadlaşmayıb, belə də olacaq. Bütün sürücülər bərbad yollara üz çevirib, bizim küçə ilə getməyə qərar veriblər. Hamar, rahat yolumuz onları cəlb edib.
Amma məqsədim küçəmizi və yolumuzu sizə nəql etmək deyil. Məqsədim tamam ayrıdır.
Bu yol əhvalatı məndə tamam ayrı bir istiqamətdə olan düşüncələri gücləndirdi. Bir dəfə bizə gələn həmkarlarıma bu düşüncələri bölüşdüm. Küçəmizi göstərdim, onun yuxarıdakı yol tarixçəsini eynən danışdım. Və maşınların bizim küçəyə dadanmasının səbəbini ictimai proseslərə, mübarizə yoluna pərçim etdim.
Yola inamımdan danışdım. Söylədim ki, yaxşı taktika, yaxşı forma, yaxşı model, yaxşı üsul, yaxşı yol çox cəlbedici olur, ideyalara və liderlərə çox yardım edir, proseslərin qabağını açır.
Mən inanıram ki, biz zəhmət çəkib xalqa aydın bir yol göstərə bilsək, adamlar bu yolla getməyə həvəs göstərəcəklər. Mən inandım ki, yol özü də insanları çəkə bilər.
“Biz aydın bir yol tapmalıyıq, insanlar onda bu yolu həvəslə gedəcəklər…” – bunu o zaman dostlarıma söylədim.
Məsələn, mən modellərin, birliklərin, münasibətlərin və taktikaların məhsuldar formalarının yarada biləcəyi yeni gücə inanıram. Elmi təfəkkürdə buna yeni paradiqma yaratmaq da deyirlər. Mən buna sadəcə yol deyirəm. Yola inanmaq isə poetika deyil, praqmatizmdir. Üstəlik, onun adamı irəli aparan poetikası var.
Mən inanıram ki, hədəfi və mübarizəni imitasiya etməyən səmimi bir birlik yaxşı bir yol ola bilər. Onun ən düzgün modelini tapmaq və ən parlaq təqdimatını etmək olar. Bu da insanlara aydın bir yolu göstərər, onları cəlb edər. Təəssüf ki, bizim ölkədə əvvəlki təcrübələri əsas götürüb birliklərə lağ edirlər, amma bu lağ edənlər də o saat birləşməyə cəhd edirlər…
Bir sözlə, yolun düzgün seçilməsi, yaxud düzgün yolun tapılması çox əhəmiyyətlidir. Mən başa düşürəm ki, ən parlaq yolu da onu təmsil edənlər gözdən sala bilər, amma düzgün seçilməyən yol da ən parlaq təmsilçiləri zəif və vecsiz duruma sala bilər.
Belə bir söz də var: yol açmaq. Başqa bir söz də var: yol tapmaq. Bir söz də var: yoldaş. Ən başlıcası budur. Yoldaşlar tapmaq. Yol açmaq, yol tapmaq elə budur.