İntiqam

Ərəb sözü olan “intiqam”ın Azərbaycan dilinin izahlı lüğətində açması belədir: “Özünə pislik edənə pislik etmə arzusu və işi, qisas alma, heyif alma, əvəzə əvəz, öc”.ÿ
Diqqət edin, sözün izahını verən dilçi alimlər nədənsə, vətənə və millətə düşmənçilik edəndən qisas almanı INTIQAM kimi vurğulamır, şəxsə qarşı pisliyi önə çəkir. Bu məqamı yadınızda saxlayın, birazdan onun üstünə təkrar qayıdacağıq.
Dünyanın heç bir ölkəsində kişi cinsindən olanlara “Intiqam” adı verilməsi ağılabatan deyil. Bəlkə də tayfa, kütlə, toplum halında olan xalqlarda bu var, bilmirəm.
Uzun zaman böyük qardaşımız olan rusların oğlan uşaqlarına “mest”, “mşenie” yaxud “rasplata” adı verdiyinə yəqin ki, siz də şahidlik edə bilməzsiniz.
Bildiyim qədər, neftimizə rəğmən bizə qardaşlıq etmək istəyən ingilislər də oğlanlarına “revenge” adı qoymur.
Anadolu türkləri arasında da Intiqam adı təsadüf olunmur.
Daha dürüstü, tək PKK başı Abdullanın soyadında ÖC var və onun da ÖC-ü hər hansı bir şəxsə qarşı deyil, türk millətinə və türk dövlətinə qarşı yönəlib.
Azərbaycanda oğlan uşaqlarına “Intiqam” adı qoyulur. Qoyulur ki, müdrik alimlərimizin yazdığı kimi böyüyəndə “ona pislik edənə pislik edə bilsin”.ÿ
O “intiqam” da böyüdükdən sonra yalnız özünə pislik edəndən qisas alır.
Özü də təkcə adı Intiqam olanlar yox, olmayanlar da dünyanı qavrayan kimi ayağını tapdayanın dərhal cavabını verir, şəxsinə yönəlik tənqidi fikri belə düşmənçilik hesab edir, bir qarış torpaqdan yana qardaşını öldürür.
Yüz il əvvəl də belə idi, “Azərbaycan dilinin izahlı lüğəti” yazılan zaman da belə olub, elə indi də belədir. Biz “intiqam” deyəndə özümüzə qarşı çıxanlardan qisas almağı nəzərdə tuturuq. Baxın:
Alimlərimiz biri-birindən intiqam alır.
Yazıçılar, şairlər biri-birindən qisas alır.
Siyasətçilər biri-birinə intiqama köklənib.
Oğul atadan, qardaş qardaşdan, dost dostdan intiqam alır.
Şəxsi maraq bizdə hər zaman milli maraqlardan üstün dayandığına görə ömrümüz intriqalara sərf olunur. Bu gün elm ocaqlarında, yaradıcılıq kollektivlərində, dövlət qürumlarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında, bir sözlə, cümlə Azərbaycanda başlar qarın toxluğu, nüfuz savaşına qarışıb. Və hər kəs intiqama köklənib.
Elliklə intiqama köklənmənin tək bir səbəbi var.
Biz MILLƏT səviyyəsinə çatmayan xalqıq.
Millətin düşmən tapdağında fəryad edən YARALI VƏTƏNI olmur.
MILLƏT özünə saxtakar, cinayətkar, zülmkar DÖVLƏT yaratmır.
Millət özü-özündən yox, düşməndən intiqam alır.
Dünyanın xəbəri var, biz özümüz-özümüzə düşmən kəsilmişik.
Və özümüz-özümüzdən intiqam aldıqca məmnun oluruq.
Budur bizim ən böyük faciəmiz…
Xocalının intiqamı yada düşmür.
Şuşa, Xankəndi, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan düşmən əsirliyində, biz özümüz-özümüzə müharibə elan etmişik.
Nədir bunun adı?
Biveclikmi?
Bişərəflikmi?
Bəlkə başqadır? Yazın, ürəyiniz təskinlik tapsın…
Azərbaycanda oğlan uşaqlarının hamısının adı INTIQAMdır. O intiqamlar böyüdükdən sonra VƏTƏNƏ və MILLƏTƏ yönəlik düşmənçiliyin deyil, özlərinə qarşı düşmənçiliyin qisasını alır.
Dünən də belə idi, bu gün də belədir. Sabah da belə olacaqmı? Bu sual xalqın millətə çevrilməsi üçün mücadilə edən fədakar insanlara ünvanlanır.