Heydər Əliyevi müstəqil Azərbaycanın qurucusu elan etmək əsrin yalanıdır

AXCP sədri Əli Kərimli


Heydər Əliyev hara, Azərbaycan dövlətinin qurulması hara? Heydər Əliyevin nəinki Azərbaycan dövlətinin qurulmasına, hətta dövlət müstəqilliyimizin 2-ci dəfə bərpasına da dəxli yoxdur.

İlham Əliyev Heydər Əliyevin oğlu olmasaydı, heç vaxt dövlət başçısı və indiki qədər var-dövlət sahibi ola bilməzdi. Ona görə də İlham Əliyevin atasına hədsiz minnətdar olması başa düşüləndir. Ancaq hər şeyin, o cümlədən tərifin, minnətdarlığın, şişirtmənin də bir həddi olmalıdır.

1993-cü ilin iyun qiyamından istifadə edərək, xalq tərəfindən seçilmədən hakimiyyəti ələ keçirmiş şəxsi azərbaycanlılar heç vaxt Azərbaycanın qurucusu olaraq qəbul etməyəcək. Ölkəmizdə seçki saxtakarlığını, polis zorakılığını dövlət siyasətinə çevirmiş, hüquqi dövlət əvəzinə ailə hakimiyyəti qurmuş bir şəxsi azərbaycanlılar heç vaxt dövlətimizin qurucusu olaraq görməyəcəklər.
Heydər Əliyev dövlət qurmuş olsaydı, dövlət müstəqilliyimizin 31-ci ilində biz aksiya keçirib, siyasi məhbuslara azadlıq, azad seçki, köklü demokratik dəyişiklik tələb etmək məcburiyyətində qalmazdıq.

Azərbaycan dövlətinin qurucusu 1918-ci ilin 28 mayında Azərbaycan dövlətinin qurulduğunu bütün dünyaya bəyan etmiş ozamankı Milli Şuranın üzvləridir. Bu işdə ən çox zəhməti olan isə Rəsulzadədir. Azərbaycanlılar da haqsevər insan olaraq məhz onu – böyük şəxsiyyət, bütün ailəsini Azərbaycan sevdasına qurban vermiş Məhəmməd Əmin Rəsulzadəni Azərbaycan dövlətinin qurucusu olaraq görür. Heç bir sərəncam, heç bir yaltaqlıq yarışması bu həqiqəti dəyişə bilməz!