London klubu yayda “Barselona” ilə Fabreqas uğrunda mübarizəyə hazırlaşır
“Çelsi” rəhbərliyi Ispaniya yığma komandasının və “Arsenal”ın futbolçusu Sesk Fabreqası heyətinə cəlb etmək barədə düşünür. Britaniya mətbuatının yaydığı məlumata görə, Fabreqasın transferi şəxsən klubun prezidenti Roman Abramoviçin ideyasıdır. Rusiyalı milyarder bu futbolçuya görə 60 milyon avro xərcləməyə hazır olduğunu bildirib.
Məlumdur ki, Sesk Fabreqası heyətində görmək istəyən başqa bir nəhəng də “Barselona”dır. Kataloniya klubu öz yetirməsini yenidən heyətinə qatmaq üçün fürsət gözləyir. Yeri gəlmişkən, elə Fabreqasın özü də “Barselona”ya qayıtmaq istədiyini dilə gətirib. Buna baxmayaraq, Abramoviç Fabreqasa görə “Barselona” ilə mübarizə aparmağa hazır olduğunu bəyan edib.
Xatırladaq ki, bugünlərdə “Çelsi” başqa bir ispaniyalı ulduzu – “Liverpul”dan Fernando Torresi heyətinə qatıb.