Nazirlik hərbçilərin Ermənistan tərəfinin açdığı atəş nəticəsində yaralandığını, qarşı tərəf isə Azərbaycan hərbçilərinin döyüş mövqelərindən birinin arxa cəbhəsinə daxil olmağa cəhd etdiyini bildirir
Azərbaycanın Müdafiə Nazirliyi sentyabrın 23-də Ermənistan ərazisindən Kəlbəcərdəki mövqelərinin atəşə tutulduğunu və üç hərbçinin yaralandığını bildirir.
Qeyd olunur ki, Azərbaycan ordusunun Kəlbəcərin İstisu və Zəylik yaşayış məntəqələrindəki mövqelərinin atəşə tutulması axşam saat 19:30-dan gecə 23:40-a qədər davam edib.
“Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əmənullayev Rəşad Ağacan oğlu, Rəhimzadə Ruhid Oktay oğlu və Cavadov Rəvan Şəmsəddin oğlu yaralanıb.
Yaralı hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib. Onların həyatı üçün heç bir təhlükə yoxdur”-Nazirlik bildirir.
Məlumatda Azərbaycan ordusunun cavab tədbirləri gördüyü bildirilir və hadisəyə görə məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanır.
Ermənistan Müdafiə Nazirliyi isə atəşkəs pozuntusuna görə Azərbaycanı ittiham edir.
Nazirliyin sentyabrın 24-də yaydığı məlumatda qeyd olunur ki, sentyabrın 23-ü saat 19:30 radələrində Azərbaycan ordusunun bölmələrindən biri Ermənistan silahlı qüvvələrinin döyüş mövqelərindən birinin arxa cəbhəsinə daxil olmağa cəhd edib.
Qeyd olunur ki, Ermənistan silahlı qüvvələrinin cavab tədbirləri nəticəsində Azərbaycan hərbçiləri öz ilkin mövqelərinə geri atılıb.
“Sentyabrın 24-ü saat 10:00-a olan məlumata görə, vəziyyət nisbətən sabitdir”, – Ermənistan Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Azərbaycan -Ermənistan sərhəd bölgəsində silahlı toqquşma olub. Azərbaycan Müdafiə Nazirliyininin yaydığı ilkin məlumata görə, Ermənistan silahlı qüvvələri Azərbaycan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatlar törədib və nəticədə Azərbaycan Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu həlak olub.
Amma sonrakı rəsmi açıqlamalarda həlak olan hərbçilərinin sayınin 77-yə çatdığı bildirilib və həmin hərçilərin siyahısı dərc edilib.
Öz növbəsində Ermənistan rəsmiləri də baş verənlərə görə, Azərbaycanı günahlandırıblar və atəşkəsin ilk olaraq Azərbaycan tərəfdən pozulduğunu bəyan ediblər. Hətta iddia olunub ki, bu döyüşlər nəticəsində Azərbaycan ordusu Ermənistan ərazisinə daxil olub.
Ermənistanın baş naziri sərhəd toqquşmasında 105 hərbçi itirdiklərini bildirib. Amma indiyə qədər bununla bağlı hər hansı siyahı açıqlanmayıb. Sentyabrın 14-də Azərbaycan birtərfəli qaydada qarşı tərəfə 100-ə qədər hərbçinin cəsədini verməyə hazır olduğunu bildirb. Rəsmi məlumatla görə, indiyə qədər Azərbaycan Ermənistana 133 hərbçinin cəsədini qaytarıb.
Sentyabrın 21-də Laçın rayonunda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan ordusunun sərhədləri pozması ilə bağlı Ermənistan rəsmilərinin səsləndirdiyi fikirlərə belə reaksiya verib.
“…bizim sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir. Mən yenə də deyirəm, biz müzakirələrə hazırıq və delimitasiya komissiyalarının – Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşırıq. Bütün xəritələri toplamışıq. Bir daha demək istəyirəm ki, bütün xəritələr, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir. Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz”-İlham Əliyev bildirib.