Kreml Pelosinin səfərinə münasibət bildirdi

Kreml Pelosinin səfərinə münasibət bildirdi

Moskva ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Yerevana səfərini alqışlamağa hazırdır, bir şərtlə ki, bu səfər Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsinə xidmət etsin.

Bunu Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov jurnalistin xanım Pelosinin Ermənistana səfəri ilə bağlı sualına cavab verərkən deyib:

“Münasibətlərin normallaşmasına, sərhəddə vəziyyətin sabitləşməsinə sözdə yox işdə, ucadan və populistcəsinə yox, realistcəsinə sakit və işgüzar olan nə varsa, hamısı alqışlanmalıdır. Belə səs-küylü hərəkətlər və bəyanatlar reallıqda normallaşmaya kömək edə bilərmi? Baxaq görək. Bu, zamanında aydın olacaq”.

Azərbaycan səfirliyinə hücumla bağlı cinayət işi açılıb

Sentyabrın 18-də Azərbaycanın Fransadakı səfirliyinin inzibati binasına hücum olub. Sosial şəbəkələrdə yayılmış görüntülərdə həmin şəxslərin səfirliyə girməyə cəhd etdikləri müşahidə olunur.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev də öz Twitter hesabında yazıb ki, Fransada yaşayan “erməni fanatiklər” səfirliyinin binasına hücum edib. O baş verənlərə görə, Fransa hakimiyyətini də qınayıb.

Azərbaycanın Baş Prokurorluğundan isə bildirilib ki, bu məsələ ilə bağlı cinayət işi başlanıb. “Cinayət Məcəlləsinin 12.3, 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 12.2, 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib”.

Məlumata görə, istintaqın Fransanın aidiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində aparılması üçün hüquqi yardım haqqında vəsatət göndərilib.

Bu açıqlamaya, hələlik, Fransanın rəsmi qurumları və başqa aidiyyəti şəxslərin münasibətini öyrənmək mümkün olmayıb.

Sentyabrın 16-da da Livanın mərkəzi Beyrut şəhərində də Azərbaycan səfirliyinin binasına hücuma cəhd edilmişdi. Onda da Azərbaycanın rəsmi qurumları hücumun etnik zəmində baş verdiyini açıqladılar. Hələlik, məsələ ilə bağlı araşdırmaların nəticələri və cavabdeh şəxslərin mövqeyi bəlli deyil.

Azadlıq radiosu