Bəs korrupsiyanın baş memarı?

Dünən uzun aradan sonra ilk kəs iqtidar qəzetlərinə baxdım. Maraq üçün. Hamısında hakimiyyətin “korrupsiyaya qarşı mübarizə” şousu haqqında tərif dolu yazılar… Həm də palaz-palaz… Üstəlik, biri digərindən bayağı, biri digərindən quru, cansıxıcı, biri digərindən əttökən. 60-70-ci illərin nostaljisini yaşayanlara bu şansı qaçırmamalarını məsləhət görürəm.

Işin komik yanı isə başqadır: məntiqlə bu qəzetlərin hətta bir şou olsa belə, “korrupsiyaya qarşı mübarizə”dən narahat olması, qayğılanması, həyəcan keçirməsi gərəkir. Niyə? Çünki ölkədə korrupsiyadan bəslənənlər arasında onlar da var. Korrupsiyanın kökü kəsilərsə, tirajının 1-2 faizi belə satılmayan bu qəzetlər necə ayaqda duracaqlar, necə yaşayacaqlar?

Elə bu absurdun özü də sübut edir ki, hakimiyyətin ərəb ölkələrindəki inqilab dalğasından altını batıraraq, tələm-tələsik bir “korrupsiyaya qarşı mübarizə” planına start verməsi ənənəvi şoudan başqa bir şey deyil. Əks halda hakimiyyətdən yemlənən qəzetlər korrupsiyaya qarşı mübarizədən niyə sevincək olsunlar ki?
***

Ha, bu arada Şəkinin baş memarının həbsini hakimiyyətin antikorrupsiya tədbirlərində “ciddiyyət və səmimiyyət göstəricisi” kimi gözə soxmağa çalışanlar var. Amma nə yazıq ki, bu, çox çürük arqumentdir, daha çox boğulanın saman çöpündən yapışmasına bənzəyir. Bu iki səbəbdən dolayı:
BIR: ya hu, siz hansısa əyalət şəhərinin baş memarının həbsini boş verin də, bu ölkədə paytaxtın baş memarını belə həbs etdilər illər əvvəl, hansı yaralı barmağa dərman oldu bu? Tam əksinə, Bakı o gündən sonra daha da çirkinləşmədimi, özündə şəhər adına olan-qalan nə varsa, onları da itirmədimi?
IKI: bu ölkədə korrupsiyanın baş memarını “el atası”, “dahi rəhbər”, “sönməz günəş”, “xalqın son ümid yeri” elan edib, sonra da hansısa əyalət şəhərinin baş memarını həbs etməklə buraxın korrupsiyanın kökünü kəsməyi, heç ona barmağının ucu ilə toxunmaq belə olmaz.

Nəşədən ələmə

Sumqayıtda gənc müxalifətçi Cabbar Savalanlının cibinə narkotik atıb həbs edilməsi tövbə haqqında məşhur bir atalar sözünü xatırlatdı mənə. O atalar sözünü açıq-açıq yazmaq üçün qəzet səhifəsi müsaid deyil, arif oxucular nədən söhbət getdiyini anlayır yəqin.
Arif adamlar onu da anlayır ki, bu ölkədə vicdanlı adamların nəşə ilə şərlənməsinin özü də bir simvolikadır – Azərbaycan insanını nəşəli, xoşbəxt, azad görmək istəyənləri başqa necə kirlətsinlər ki!

Bəli, bu hakimiyyət öz dəyərlərinə sadiqdir, korrupsiya kimi, şərləmə, böhtan, repressiya da onun ruhunu, mahiyyətini təşkil edir. Rejim ona müxalif olanların cibinə nəşə atıb həbsə atdırmaqda qərarlıdırsa, bu, onun həm də korrupsiyada qərarlı olmasının göstəricisidir. Çünki gerçəkdən də korrupsiyanın və digər naqisliklərin kökünü kəsməkdə israrlı olan bir iqtidarın rəqiblərindən qorxaraq ən iyrənc yollarla onları susdurmağa çalışmasına ehtiyac qalmır.
Mənimsə nəşə ilə növbəti şərləmədən sonra yadıma Süleyman Rüstəm düşdü. Bu Sovet şairi kommunizmin ilk illərində bir şeir yazmış, xalqı kədərin daşını atmağa, ələmdən nəşəyə keçməyə səsləmişdi.

Amma indi buna görə adamı tuturlar, ona görə də haydı, hamılıqla nəşədən ələmə!
Zibil söhbəti
Hökumətimiz zibillərin idarə olunması üçün strateji plan hazırlayacaq. Xəbəri Iqtisadi Inkişaf Nazirliyi yayıb, bunun üçün qollar artıq sıvanıb. Diqqətəlayiq xəbərdir, üzərindən sükutla keçmək böyük haqsızlıq olardı.
Belə çıxır ki, hökumət insanları idarə edib yarıdıb, indi bekarçılıqdı, qalıblar belə, avaraçılıqdan zibilləri idarə etməyi qərara alıblar. Amma…
Amma dərd burasındadır ki, hörmətli yaptokratlar ölkədə ümumiyyətlə idarəçiliyin özünün zibilini çıxarıblar, artıq zibilləri idarə etmək gücünə, bacarığına belə sahib deyillər.
Ona görə də məndən məsləhət, nahaq yerə özlərinə əziyyət verməsinlər. Bacardıqları işin qulpundan yapışsınlar, yəni cibimizə nəşə atmağa davam etsinlər.