Əli Kərimli: “Xalqı bir araya toplayıb bu hakimiyyəti iş başından kənarlaşdırmalıyıq”
Yanvarın 5-də Müsavat Partiyasının qərargahında bu il üçün İctimai Palatanın ilk sessiyası keçirildi. Sessiya dövlət himninin oxunması ilə açıq elan olundu. Sessiyanın gündəliyinin qəbul edilməsindən sonra təşkilatın fəaliyyət proqramının layihəsi tədbir iştirakçıarının diqqətinə çatdırıldı. Layihədə İP-in 2013-cü ildə fəaliyyətinin prioritet istiqamətləri əksini tpaıb. Müzakirələr keçilməzdən əvvəl bir sıra təşkilati yeniliklər elan olundu. İP-in siyasi məhbusların hüquqlarını müdafiə komitəsinə qurumun Göyçay şöbəsinin üzvü Oqtay İsgəndərlinin sədr seçildiyi elan edildi.

Daha sonra son iki ayda İP KŞ-yə sədrlik etmiş Rauf Arifoğlunun hesabat çıxışı oldu. R.Arifoğlu sədrliyi dönəmində İctimai Palatanın, Koordinasiya Şurasının fəaliyyəti barədə ətraflı məlumat verdi.
Çıxışın sonunda KŞ üzvü Mehriban Vəzir İP adından son iki ayda göstərdiyi fəaliyyətlərinə görə, “Azadlıq” və «Yeni Müsavat» qəzetlərinə təşəkkür etdi.
Ümumi maraqlar naminə kompromis
Sonra AXCP sədri Əli Kərimli ölkədəki mövcud ictimai-siyasi durumla bağlı çıxış etdi. Çıxışına KŞ-da dekabrda yaşanan gərgin müzakirələrə toxunmaqla başlayan Ə.Kərimli bildirdi ki, bu müzakirələrin sonunda hərə öz fikrində qalsa da, kompromis əldə olunub:
– Dekabrda İctimai Palatanın Koordinasiya Şurasında iki məsələ ilə bağlı mütamadi müzakirələr gedirdi. Birinci mübahisə doğuran məsələ 2013-cü ilin prezident seçkisinə münasibətlə bağlı idi. Koordinasiya Şurasının bir çox üzvləri hesab edirdilər ki, ləngimədən prezident seçkisində iştirakla bağlı qərar verilməli və hazırlıq kampaniyasına start verilməlidir. Demokratik seçki mühütünün yaradılması mübarizəsi də bu hazırlıq kampaniyası çərçivəsində həyata keçirilməlidir. Hesab edilirdi ki, seçkidə aktiv iştirak qərarı olmazsa kütlələri fəallaşdırmaq, ölkədəki siyasi vəziyyəti də dəyişdirmək olmaz. Koordinasiya Şurasının bir çox üzvləri iisə hesab edirdilər ki, bizim 2012-ci ildəki bütün səylərimizə baxmayaraq hələ də ölkədə demokratik seçki mühütü yoxdur. Bu gün də nə Seçki Məcəlləsində, nə də faktiki vəziyyətdə əhəmiyyətli dəyişikliyə nail ola bilməmişik. Ona görə də hələ də prioritet olaraq demokratik seçki mühütünün formalaşdırılması qalmalıdır. Seçkiyə hazırlıq da getməlidir. Amma demokratik seçki mühütünün formalaşdırılmasına nail olmaq üçün demokratik qüvvələrin geniş konsadilasiyasına ehtiyac var. Biz xeyli müzakirələrdən sonra bir-birimizi fikrimizdən daşındıra bilmədik. Amma kompromis tapdıq.
İctimai Palata müxtəlif siyasi qüvvələrin birliyidir. Burada müxtəlif taktiki məsələlərpdə fikir ayrılıqları ola bilər. Biz çalışmalıyıq ki, bizi birləşdirən məqamları tapmaqla yolumuza davam edək. İctimai Palatanı qoruyub saxlamaq hər şeydən mühümdür. Bu motivlərlə biz ona nail olduq ki, İctimai Palatada irəli sürülən hər iki fikir paralel yaşasın. Bu iki proses ən azı bir müddət paralel yaşaya bilər. Qarşıdakı ayların ərzində ola bilsin ki, situasiya özü bizi o məqama gətirib çıxaracaq ki, artıq biz hamımız eyni mövqeyə gəlib çıxacağıq. Hamımızın qərarı bundan ibarətdir ki, İctimai Palata seçkilərə hazırlıq, seçki platforması hazırlamaq, seçki qərargahı formalaşdırmaq istiqamətində ilkin qərarını vermiş olur, yekun qərar seçkilər ərəfəsində veriləcək. Eyni zamanda sadaladığım məqsədlərə çatmaq üçün ölkə ictimaiyyətinin geniş konsalidasiyasına nail olmağı da prioritet sayı və bu istiqamətdə işləməyə davam edir. Bizim bu seçkilərlə bağlı əldə etdiyimiz kompramisin mahiyyəti bundandan ibarətdir. Bu mövqe nəinki İctimai Palatanın, millətimizin də maraqlarına uyğundur.

«Cəmiyyəti səfərbər etmək üçün yalnız partiyaların birliyi kifayət deyil»
İkinci məqamın İP-in idarəedilməsiylə bağlı olduğunu deyən Ə.Kərimli vurğuladı ki, bu istiqamətdə konkret konsensusa gəlmək mümkün olmasa da, çıxış yolu tapılıb:
– İctimai Palatanın protokollarına görə təşkilatın Koordinasiya şurası ildə bir dəfə üzvlər tərəfindən gizli səsvermə yolu ilə seçilir. Hazırda Koordinasiya Şurasının səlahiyyət müddəti başa çatıb. Bu istiqamətdə də müzakirələr olub və hətta bir-birinə uyğun olmayan təkliflər də müzakirə olunub. Bu müzakirələrin mahiyyəti nədən ibarətdir. Bir çox Koordinasiya Şurasındakı dostlarımız hesab edirlər ki, İctimai Palatanın formalaşdırılmasında yerli əsas qurumla Koordinasiya Şurası arasında bir dispraporsiya var. Belə ki, İctimai Palatanın üzvləri sırasında cəbhəçi və müsavatçı olan məclis üzvləri çox olsa da Koordinasiya Şurasında doqquz nəfər ictimaiyyət nümayəndəsi təmsil olunub. Bu partiyaların nümayəndələrindən də yalnız sədrlər təmsil olunur. Ona görə Koordinasiya Şurasının üzvləri belə bir arzularını ifadə ediblər ki, onlar hesab etmirlər ki, əksəriyyəti AXCP və Müsavatçıların olduğu məclisdə onlar seçilməlidirlər. Bu vətəndaş cəmiyyətinin müstəqil fəaliyyətinə mənfi təsir göstərə bilər. Ona görə də həmin şəxslər təklif ediblər ki, İctimai Palata kollektiv və ya asosiativ üzvlüklə bağlı dəyişiklik edilsin. Beləliklə İP-ə kollektiv şəkildə qəbul olunan təşkilatların Koordinasiya Şurasına öz təmsilçilərini təyin etmək hüquqları olsun. Həmin şəxslərin təyinatı Koordinasiya Şurasında təsdiqlənərsə seçki keçirmədən həmin şəxslər şuranın üzvü olsunlar. Amma Koordinasiya Şurasının bir çox üvləri də hesab ediblər ki, bu kollektiv üzvlük bizim gerçəkdən, daha geniş çapda genişlənməyimizə imkan yaratmayacaq. Çünki bizdən kənarda olan və bizim burda görmək istədiyimiz əksər siyasi partiyalar, ya bizim bir hissəmizin onları burada görmək istəmədiyi üçün burda deyillər, yaxud da onlar artıq özləri bizimlə bərabər olmaq istəmirlər. Yəni kollektiv üzvlüyün qəbul olunması onların Koordinasiya Şurasında təmsilçiliyin təmin etmir. Digər tərəfdən kollektiv üzvlüyün qəbul olunması ən azı Koordinasiya Şurasının bir hissəsinin seçilmədən qurumda təmsil olunmaq imkanı yaradır. Bu isə Koordinasiya Şurası üzvləri arasında qeyri-bərabərliyə səbəb ola bilər. Ona görə bu təklifin tərafında konsensusa gəlmək mümkün olmayıb. Amma Koordinasiya Şurası üzvlərinin belə bir fikri əsas qəbul olunur ki, vətəndaş cəmiyyətinin təşkilatın idarəedilməsində təmsilçiliyinin artırılmasına nail olmaq lazımdır. Biz əslində İctimai Palatandan qabaq AXCP-Müsavat seçki bloku olaraq seçkilərdə iştirak etmişik və İctimai Palata formatını hamılıqla seçən zaman onu əsas götürmüşük ki, cəmiyyəti səfərbər etmək üçün yalnız partiyaların bir araya gəlməsi kifayət etmir. Vətəndaş cəmiyyətinin ciddi təmsilçiliyini təmin etmək lazımdır. Ona görə də biz siyasi partiyalar da razılığa gəlmişik ki, vətəndaş cəmiyyətinin tanınmış, parlaq nümayəndələri Koordinasiya Şurasında təmsilçiliyinə geniş imkanlar yardılsın. Bu proses müəyyən bir mərhələyə çatandan, vətəndaş cəmiyyətininin təmsilçiliyi indikindən daha yüksək səviyyədə olandan sonra Koordinasiya Şurasına seçkilərə qayıdaq və onu keçirək. Bu istiqamətdə əldə olunan kompramis ondan ibarətdir ki, hazırda Koordinasiya Şurasının müddəti başa çatsa da, ictimaiyyət nümayəndələrinin təmsilçiliyinin genişləndirilməsi başa çatana qədər seçkiləri təxirə salıb, indiki şəraitdə Koordinasiya Şurasının bir müddət də fəaliyyət göstərməsinə imkan yaradaq və İctimai Palatanı hər hansı fəsadlardan qoruyaq. Bizim bu kompramisləri tapmaqda məqsədimiz ondan ibarət olub ki, 2013-cü ildə 2013-cü ildə İctimai Palatanı qoruyub saxlamaq lazımdır. Bunun üçün qarşılıqlı kompramislər vacibdir. Heç kəs özünün istəklərinin yüzdə yüz icra olunmasına cəhd etməməlidir. Əgər burada bizim böyük birliyimizdən söhbət gedirsə, bizi biraraya gətirən daha böyük amallar var. Hamımız başa düşürük ki, o köklü dəyişikliklərə nail olmaq üçün bizim hamımızın biryerdə olması lazımdır.

Hakimiyyətə cinayətlərini unutdurmağa imkan verməməliyik
Əli Kərimli çıxışında daha sonra 2013-cü il prezident seçkisinə hazırlıq məsələlərindən danışdı və İP-in hazırkı sessiyasının çox mühüm bir mərhələyə təsadüf etdiyini vurğuladı:
– Seçki ili başlayır. Bu il Azərbaycanı çox mühüm hadisələr gözləyir. Hazırda biz çox mühüm siyasi proseslərin iştirakçılarıyıq. 2012-ci ildə böyük səylər göstərməyimizə baxmayaraq, ölkədə seçki mühiti yarada bilməmişik. Hələ də saxtakar seçki komissiyaları iş başındadır, hələ də bu prosesə Məzahir Pənahov rəhbərlik edir. Hələ də ölkədə sərbəst toplaşmaq azadlığı yoxdur, 50-dək siyasi məhbus həbsxanada qalır. Biz belə bir vəziyyətdə seçki ilinə qədəm qoymuşuq. Açıq demək lazımdır ki, bu şərtlərlə demokratik seçkiyə nail olmaq üçün hökumət tərəfindən hər hansı ciddi addımlara rast gəlməmişik. Bu mühüm bir blokdur. Bu şərtləri biz dəyişməliyik. Biz ölkədə köklü, ciddi dəyişikliklərdə israr edirik. Onlara nail olmağın yolu isə bu situasiyanı dəyişməkdən keçir. Bununla bağlı biz prioritetlərimizi müəyyənləşdirməliyik. Bu günlərə öz damğasını vuran ikinci mühüm proses isə hakimiyyətin cinayətlərinin bir başa sübut olunaraq, ifşa olunması prosesidir. İstərdim ki, İctimai Palata üzvləri bu cinayətlərə sadə vətəndaşlar tərəfindən həyata keçirilən adi cinayətlər kimi baxmasınlar. Bu videolarda söhbət dövlət adından həyata keçirilən, dövləti sarsıdan dövləti cinayətlərdən gedir. Bu videolarda Azərbaycan xalqına sübut olunur ki, xalqı kriminal mütəşəkkil dəstə idarə edir. Bu dəstə dövlət səlahiyyətlərini mənimsəyərək öz cinayətlərini həyata keçirir və ört-basdır edir. Ona görə də hesab edirəm ki, İctima Palata özünü ölkənin avanqard siyasi qüvvəsi hesab edir, bu videoların da yaratdığı yeni situasiya bizim əsas diqqət mərkəzində olmalıdır. Biz imkan verməməliyik ki, hakimiyyət bu videoların yaratdığı həyacanı yatırtmaqdan ötrü müxtəlif təxribatlar törətsin, cinayətin şahidlərin aradan qaldırsın və müxtəlif hərəkətlərlə bizim diqqətimizi yayındırsın. Hakimiyyət çalışır ki, bu cinayət ört-basdır edilsin, zərərçəkmişlər təhdid olunur ki, onlar danışmasınlar, bu cinayətləri açmağa borclu olan dövlət orqanları isə cinayətləri ört-basdır etməyi bacarsınlar. Hakimiyyətin siyasəti bundan ibarətdir, bizim siyasətimiz buna tam əksdir.
Azərbaycanın dövlət başçısı Korrupsiyanı Araşdıran Beynəlxalq Jurnalistlər Şəbəkəsi tərəfindən məhz mütəşəkkil cinayətkarlıq və korrupsiya sahəsində ilin adamı elan olunub. Bu o deməkdir ki, son bir neçə ilin ərzində dünyanın ən nüfuzlu telekanallarının, xəbər agentliklərinin, qəzetlərinin, Azərbaycandakı korrupsiya ilə bağlı silsilə informasiyalar bütün dünya miqyasında artıq ictimai fikir formalaşdırıb. Artıq yalnız biz yox, bizdən kənarda ictimai-siyasi fəaliyyətlə məşğul olan şəxslər də Azərbaycanı korrupsionerlərin idarə etdiyini artıq bilirlər. İkinci nəticə ondan ibarətdir ki, bəzi Qərb təşkilatları, onları təmsil edən diplomatlar öz maraqlarını təmin etmək üçün hakimiyyətin korrupsioner olduğunu bil-bilə onlarla əməkdaşlığı davam etdirir, amma bütövlükdə Qərb ictimaiyyəti bu siyasətlə barışmır. Paralel olaraq Azərbaycanda bu sülalə hakimiyyətinin ifşası prosesi Qərb ictimaiyyəti tərəfindən aparılır. Ona görə heç də təsadüfi hesab olunmamalıdır son bir neçə ilin ərzində biz hakimiyyətin iri miqyaslı korrupsiya layihələri ilə bağlı məlumatları ilk növbədə Qərb mənbələrindən eşidirik. Deməli artıq Qərb ictimaiyyəti də belə oğru hakimiyyətin davam etməsini öz vicdanlarına zidd hesab edir. Bu vəziyyətlə barışmırlar. Bunların hamısını həmin vicdanlı insanların Azərbaycan xalqına dəstəyi kimi dəyərləndirilməlidir. Bu Azərbaycan xalqı üçün bir çağrışdır. Bütün dünya bizə mesaj verir ki, biz bilirik ki, sizi ən peşəkar, iri miqyaslı korrupsionerlər idarə edir. İndi söz sizindir. Siz nə düşünürsünüz? Siz doğurdan da dözəcəksiniz ki, ölkəni bu korrupsionerlər idarə etməkdə, soyub-talamaqda davam etsinlər. Yoxsa siz yenidən toparlanacaqsınız və 89-cu ildə ilin xalqı olduğunuz kimi yenidən ilin xalqı olacaqsınız və bu korrupsioerləri başınızın üstündən atacaqsınız. Azərbaycan xalqı bu sualların qarşısındadır. Biz belə vəziyyətdə 2013-cü ilin fəaliyyət prioritetlərin müəyyənləşdirməliyik. Bizim bu günə əsas prioritetimiz o olmalıdır ki, Elşad Abdullayevin açıqladığı cinayətlərin ört-basdır edilməsinə imkan verməyək. Biz imkan verməməliyik bu cinayətləri törədən şəxslər heç nə olmamış kimi dövlət hakimiyyəti adından çıxış etməkdə davam etsinlər. Bu Azərbaycanın dövlət müstəqilliyinə təhlükədir. Çünki bu Azərbaycan xalqını öz dövlətinə arxa olmaqdan uzaqlaşdırır. Ona görə də biz hər şey etməliyik. Yalnız dinləmələr həyata keçirməklə yox, sorğular keçirmək, komissiyalar yaratmaqla ictimaiyyətə müraciət etməklə müstəqil hüquqşünaslara müraciət etməklə, alternativ araşdırmalar aparmaqla bir gün də hakimiyyətə dinclik verməməliyik.

«Bir yerdə olmağa və yekun qərarları birgə verməkdə qararlıyıq»
AXCP sədri hesab edir ki, hazırda demokratik qüvvələr Azərbaycan cəmiyyəti ilə açıq dialoq yaratmalı və toplum demokratik seçki şərtləri yaratmaq üçün səfər edilməlidir:
– Biz ölkədə demokratik seçki mühütünün formalaşdırılması üçün ciddi sürətdə səfərbər olunmalıyıq. İndiyə qədər neçə seçkiləri saxtalaşıdırblar, xalqın iradəsinə zor tətbiq ediblər, neçə dəfə seçilməyən insanları xalqa prezident, deputat təyin ediblər. Artıq bunun bir sonu olmalıdır. Azərbaycan cəmiyyəti ilə açıq dialoq yaratmalı və toplum demokratik seçki şərtləri yaratmaq üçün səfər etməliyik. Bu məqsədlə cəmiyyətin ən geniş tabanlı konsolidasiyasına nail olmaq strateji hədəfimiz olmalıdır. Artıq belə birlik üçün ilkin zəmin var. Bildiyiniz kimi müstəqil hüquqşünaslar tərəfindən seçki islahatları paketi hazırlanıb. Biz və başqa siyasi qüvvələr bu paketi dəstəkləyib. Həmin sənədlərin imzalanması 2012-ci ildə mümkün olmadı. Amma İctimai Palata həmin sənədləri dəstəkləyir. Siyasi qüvvələrlə birlikdə biz Seçki İslahatları Paketi imzalayacağıq. Bununla da ölkənin bütün siyasi qüvvələri üçün ümumi seçki islahatları platforması yaratmış olacağıq.
Biz əlbətdəki seçkilərə hazırlaşırık. Artıq bilirsiniz ki, Müsavat Partiyası son Ali Məclisində İsa Qəmbəri namizəd olaraq irəli sürüb. Mən İsa bəyi təbrik edirəm. İctimai Palatanın memarandumuna görə bizim yekun qərarlar qəbul edilənə qədər irəli sürülmüş namizədlərin hər birinə biz namizədliyə namizədlik kimi baxırıq. Biz bir yerdə olmağa və yekun qərarları birgə verməkdə qararlıyıq. Biz bu prosesi aparacağıq. Çalışacağıq ki, qarşılıqlı ittihamlarsız bu prosesi aparaq. Siz də bizə bu istiqamətdə kömək edin. Qarşıdan gələn 2013-cü il seçkiləri sıradan seçki deyil. Bu seçkilərin taleyi bizim bir çox gənc dostalırımızın ümid etdiyi kimi müxtəlif seçki texnalogiyalarından istifadə edilməklə həll olunmaz. Biz həmin texnalogiyalardan istifadə edib dəfələrlə Azərbaycan xalqının dəstəyini almışıq. Amma Azərbaycanda xalqın səsini almaq seçkiləri qazanmaq üçün yetərli deyil. Onu reallaşdırmağın mexanizmi tapılmalıdır. Biz nəzərə almalıyıq ki, qarşıdan gələn seçki 1969-cu ildən bu günə qədər Azərbaycanı idarə edən bir sülalənin öz hakimiyyətini ən azı daha beş il artırmaq səyidir. Qarşıdan gələn seçki Konstitusiya manipulyasiyaları ilə demokratik cəmiyyətlərdə bu hüququn heç kimə tanınmadığı halda 3-cü dəfə seçilmək cəhdidir. Ona görə ölkənin bütün demokratik qüvvələri səfərbər olumalıdır. Ona görə biz İctimai Palata olaraq özümüzü ölkənin ən mühüm siyasi qüvvəsi hesab ediriksə, böyüklük göstərmək də bizə düşür. Mən elə bilirəm ki, bu günlərdə biz hamımız bu il 75 illiyi qeyd olunacaq böyük liderimiz Əbülfəz Elçibəyin siyasi təcrübələrini xatırlamalıyıq. Onun böyük koalisiyalar qurmaq naminə həyata keçirdiyi güzəştlər siyasətini xatırlamalıyıq və ölkənin bütün demokratik potensialını biraraya gətirmək üçün səylərmizi israrla davam etdirməliyik. Çalışmalıyıq ki, Azərbaycan gündəminin əsas məsələsi siyasi qüvvələr arasındakı deyişmələr yox, sülalə hakimiyyətinə son vermək, Əliyevin nəinki prezident üçüncü dəfə namizəd olmasına kütləvi etirazlar həyata keçirmək olsun. Və nəhayət xalqın səsini real qələbəyə çevirə biləcək ciddi xaq hərəkatına nail olmaq olmalıdır. Hamımız bu məqsədlə biraraya gəlməliyik. İstəyirəm onun altını xüsusilə cızım ki, İctimai Palata bu gün ölkədə mövcud olan ictimai-siyasi qurumların arasında ən mühümü, ən güclüsüdür. Bizim digər siyasi qüvvələrlə konsolidasiya axtarmağımız qətiyyən heç kimdə belə təəssürat yaratmamalıdır ki, İctimai Palata zəifdir və öz gücünə inanmır. Bu böyük xalq hərəkatına nail olmaqdan ötrü biz ilk növbədə öz birliyimizi saxlamalıyıq. İnsanlar bir qayda olaraq əlində olanların itirməyincə qədrini bilmir. İctimai Palata iki il bundan qabaq yaratdığımız uğurlu, Azərbaycana damğasını vurmuş layihədir. Əlbətdəki biz bununla kifayətlənmək fikrində deyilik. Azərbaycan üçün çalışan hər kəslə ortaq nöqtələr tapmaq, hər kəslə birlikdə səylərimizi əlaqələndirmək niyyətindəyik. Amma ilk növbədə İctimai Palatanı, birliyimizi qoruyub saxlamaq şərti ilə.
İlham Əliyevin 3-cü dəfə namizədliyinə imkan verilməməlidir

Ə.Kərimlini n çıxışından sonra müzakrələr başlanıldı. KŞ üzvü, hüquqşünas Vidadi Mirkamal çıxışında təklif etdi ki, E.Abdullayevin yaydığı videoları incələmək üçün təhqiqat komissiyası yaradılmalı, onun fəaliyyətinə hüquqşünaslar cəlb olunmalı və komissiyaya Vidadi İsgəndərli rəhbərlik etməlidir. V.Mirkamalın daha bir təklifi hakimiyyətə müraciətlə bağlıdır. Onun fikrincə, hakimiyyətə bütün tərəflərə bərabər iştirak imkanı verən normal seçki mühiti yaradılması, İ.Əliyevin 3-cü dəfə namizəd olmasının yolverilməzliyi ilə bağlı müraciət edilməlidir.

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı bildirdi ki, hazırda müxalifətin bir neçə namizədlə seçkiyə getməsi cəmiyyətdə, siyasi fəallar tərəfindən ciddi tənqid olunur:
– Azərbaycan cəmiyyəti müxalifətin seçkiyə bir neçə namizədlə deyil, vahid qüvvə şəkilində getməsini istəyir. Çox xahiş edirəm ki, İctimai Palatanın bir neçə namizəd mövqeyi səhv yanaşmadır. Müxalifət seçkiyə bir namizədlə getməlidir.
Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı isə hesab edir ki, Müsavat Partiyasının qəbul etdiyi qərar İP tərəfindən məhdudlaşdırıla bilməz. Çünki hər bir partiyanın bu tip vacib siyasi qərarların qəbulu ilə bağlı müstəsna səlahiyyətləri vardır.
AXCP sədrinin müavini Nurəddin Məmmədli qeyd edib ki, görülən işləri danmaq olmaz, lakin İP qarşısına qoyduğu iki mühüm amalı həyata keçirə bilmədi. Lakin bu, İP-in dağılmalı olduğu demək deyil:
– İctimai Palata Azərbaycan müxalifətinin bu rejimə qarşı mübarizəsində mühüm rol oynayan təşkilatlardan biridir. Amma təəssüf ki, İctimai Palata yarandığı dövrdə qarşısına qoyduğu məqsədlərə çatmadı. Lakin bunu İctimai Palatanı dağıtmaq həvəsində olan insanların dəyirmanına su tökmək kimi qəbul etməyin. Mənim fikrimcə, biz İctimai Palatanın reallaşmamış potensialını həyata keçirməliyik. Bizim birinci hədəfimiz İctimai Palatanı hakimiyyətə qarşı mübarizənin mərkəzinə çevirməkdir. Bundan başqa biz müxalifətdaxili əməkdaşlığı dərinləşdirərək, biri-birimizi daha yaxşı tanımlıyıq.
«Koalisiyanı xalq hərəkatına çevirək»

Pənah Hüseyn çıxışına sessiyada iştirak edən 3 keçmiş vicdan məhbusunu salamlamaqla başlayıb. Sonra o, AXCP sədri Əli Kərimlinin təqdim etdiyi sənədə səs verəcəyini bildirib və hamını buna səs verməyə çağırıb.
İP-in əhəmiyyətindən danışan Pənah Hüseyn deyib:
– Burada əhəmiyyətli bir qüvvə bir yerə yığılıb. İki qüdrətli partiya, iki qüdrətli qəzet, Hacı İlqarın timsalında inanclı kəsim, digər ictimai qurumlar buradadır. Bizim bundan sonrakı vəzifəmiz budur ki, xalqla birləşək, bu koalisiyanı xalq hərəkatına çevirək. Biz hər kəsi dəvət edirik, heç kimə gəlməyin demirik. Ən böyük birlik, çoxluq xalqdır, onunla bir yerdə olmaq üçün yalnız bizim imkanlarımız var.

Keçmiş vicdan məhbusu Vidadi İsgəndərli əvvəlcə həbsxanadakı məqamlardan danışıb. Sonra o, İP daxilində birliyi möhkəmləndirmək yönündə çağırışlar edib:
– Mənim qanım Xalq Cəbhəsidir, ürəyim Müsavatdır. Mənim siyasətdə iki böyük qardaşım var. Əli bəylə, İsa bəy. Bu qanla ürək arasına girmək istəyənlər qarşılarında məni görəcək. Xalq bizə ümidlə baxır, gözləyir ki, İctimai Palata onu bu vəziyyətdən çıxaracaq. Bizim qarşımızda düşmən var. Biz düşmənin əvəzinə özümüzün üstünə gedirik. İsa bəy bu gün namizədliyini verib. Mən onun yanındayam. Sabah Əli Kərimli namizədliyini versə, onun da yanında olacağam. Onsuz da vahid namizəd prezident seçkilərinə az qalmış müəyyən olunacaq. Meydanlarda müəyyən olunacaq. Sosial şəbəkələrdə bir-birimizə qarşı dava aparmamalıyıq. Hamı görməlidir ki, biz bir yerdəyik.

Daha sonra söz digər sabiq vicdan məhbusu, AXCP funksioneri Şahin Həsənliyə verildi. Əvvəlcə “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə vicdan məhbuslarına verdikləri dəstəyə görə təşəkkür edən Ş.Həsənli də hazırkı mübarizənin əhəmiyyətinə toxundu:
– Bu hakimiyyət qəddar və kriminal mahiyyətlidir. Bu mənfur rejim əlindən gələni edir ki, insanlar ölkədə baş verənlərə laqeyidləşsin. Biz çox qəddar rejimlə üzü-zəyik. Ona qalib gəlmək üçün biz gərək əlimizdə olan İctimai Palatanı daha da gücləndirək. Bize lə bir mübarizə üsulunu seçməliyik hər ötən gün irəli gedək.
«Ən çox şansı olan lideri vahid namizəd etməliyik»

İP KŞ üzvü Qələndər Muxtarlı da bildirdi ki, rəhbərlik etdiyi Millətçi Demokrat Partiyasının da əsas məqsədi bu iqtidarın getməsidir. Bir neçə nazirin, hətta Ramiz Mehdiyevin işdən götürülməsi də son məqsəd olmamalıdır: – Biz bu hakimiyyəti tamamilə dəyişməliyik. Bir yerdə olmalı, digər qüvvələri də aramıza almalıyıq.Azərbaycan cəmiyyəti kifayət qədər təşkilatlanmayıb. Biz təşkilatlanma və müxalifət qüvvələri ilə əməkdaşlığa önəm verməliyik.
İP üzvü, tanınmış köşə yazarı Nabatəli Qulamoğlu hesab edir ki, İP uğurlarına baxmayaraq çatışmamazlıqlarını da müzakirəyə çıxararaq, siyasi liderlərin doğru qərar verməsi üçün onları da imtahana çəkməkdən çəkinməməlikyik. Daha bir keçmiş vicdan məhbusu Taleh Xasməmmədov da çıxış edərək həbsdə olduğu müddətdə onu müdafiə edən hər kəsə, xüsusilə AXCP və Müsavata təşəkkürünü çatdırdı. O, İP-də təmsil olunanları xalqın fəxri adlandıraraq bir-birinə qarşı kampaniya aparmağın yolverilməz olduğunu bildirdi.

AXCP funksioneri Sahib Kərimli bildirdi ki, Müsavatı AXCP-ni bir-birindən heç kim ayıra bilməz:
– Cəbhənin və Müsavatın funksionerlərinin bir birinə söz atması isə demokratiyanın nümunəsidir, narahat olmağa dəyməz. Əsas məsələ bu sistemi dəyişməkdir. Biz bu istiqamətdə səylərimizi genişləndirməli ölkədə seçki üçün normal mühütün yaradılmasına çalışmalıyıq
İP üzvü Elçin İsmayılı isə bildirdi ki, hazırda aparılan mübarizədə AXCP-nin Müsavata Müsavatın isə AXCP-yə böyük ehtiyacı var. Hər iki partiya bir-birinə dəstək verməklə daha böyük uğurlara imza ata bilər.
İP üzvü Mirfeyzulla Seidov da çıxışlardakı fikirləri təqdir edərək, müəyyən təkliflərlə çıxış edib:
– Mən də hesab edirəm ki, əsas diqqət ölkədə seçki mühütünün dəyişdirilməsinə, demokratik mühütə nail olunmasına yönəldilməlidir. Düşünürəm ki, əlimizdəki birliyi qorumalı və partiya liderlərini səhvə yol verməməyə çağırmalıyıq.

Sonrakı çıxışçı AXCP sədrinin müavini Fuad Qəhrəmanlı olub. O, İP-in qəbul etdiyi memorandum barədə danışıb:
– Bu sənəddəki məqamlardan biri də seçkiyə vahid namizədlə gedilməsidir. Bizim qarşımızda saxtakar, kriminal bir rejim var. Biz səylərimizi birləşdirməsək, vahid namizəd və vahid komanda müəyyən edə bilməsək, qalib gələ bilməyəcəyik. İctimai Palata uğurlu layihədir, lakin ölkədə hakimiyyəti dəyişməyə gücü yetərli deyil. Biz hər kəsi İctimai Palataya dəvət etməliyik. Seçki öncəsi bizdən kənarda olan insanlara, təşkilatlara müraciət edək, onları İctimai Palataya qəbul edək. Biz iradə göstərib, vahid namizədin müəyyən olunmasını təkcə İctimai Palata çərçivəsində deyil, daha geniş çərçivədə həll etməliyik. Biz ən sevdiyimiz lideri deyil, ən çox şansı olan lideri vahid namizəd etməliyik. Biz İctimai Palatada sturukturlaşma aparmalı, seçkilərə hazırlaşmalıyıq.
İP üzvü Vahid Məhərrəmli də bildirdi ki, müxalifət partiyaların geniş sosial bazası olsa da hakimiyyət həmin bazaya çıxış imkanlarını məhdudlaşdırıb. Bundan başqa elektron mətbu orqanlarına hakimiyyətin nəzarət etməsi demokratik qüvvələrin təbliğat imkanlarını daraldır.
İP üzvləri Zərifə Məhəddinova da söz alaraq İP-nin müxalifətin uğurlu birliyi adlandırdı və bu birliyin gələcək uğurlar üçün əlverişli zəmin olduğunu söylədi.
İP üzvü Mustafa Hacıbəyli isə çıxışında diqqəti ölkədə durumu dəyişmək üçün ümumxalq mitinqlərinə başlamaq fikrinə yönəltdi. lazımdır. Təəssüf ki, o, bu barədə verdiyi təkliflər İP-in fəaliyyətində nəzərə alınmır, qərara salınmır. O dedi ki, nəyə görə indiyəcən ifşa olunan Ramiz Mehdiyevə, Gülər Əhmədovaya qarşı prokurorluğa cinayət məsuliyyətinə cəlb olunması barədə sorğu verməmişik?
“Prezident yalnız mən olmalıyam” sözünü kimsə deyə bilməz»

Müsavat başqanı isa Qəmbər sessiyanın sonuncu çıxışını etdi. İ.Qəmbər bu il İP-in qarşısına qoyduğu məqsədlərə çatacağına ümid edir:
– Mən tənqidləri də qəbul edirəm, doğrudur. lakin bilsəniz ki, bu qərarlarda kompromis əldə etmək necə çətin olub, bəlkə də buradakı qeydləri də etməzdiniz. Hər şey İctimai Palatanın mövcudluğunu qorumaq naminə edilib.
“Prezident yalnız mən olmalıyam” sözünü kimsə deyə bilməz. Biz prosesin sonunda görsək ki, kim güclüdür, kim irəlidədir, kim daha çox şanslıdır, onu müdafiə edəcəyik. Prosesin gedişində və sonunda baxıb, dəyərləndirəcəyik. Prosesin gedişində qarşılıqlı güzəştlər, variant dəyişiklikləri mümkündür. Bəlkə biz 3-cü bir namizədi müdafiə edəcəyik. lakin bu gün cəmiyyətə, hər kəsə çağırışımız etməliyik. Biz özümüzə qarşı o dərəcədə tənqidi yanaşırıq ki, bəzən hakimiyyət yaddan çıxır. Biz bütün bu gərginliyi kənara buraxıb, hər şeyi normallaşdırmalıyıq.

Yekunda sessiya İP Koordinasiya Şurasının 19 dekabr qərarını səsə qoyaraq yekdilliklə qəbul etdi. Həmçinin Elşad Abdullayevin yaydığı videolarla bağlı ictimai təhqiqat komissiyasının yaradılması Koordinasiya Şurasına həvalə edildi. Siyasi məhbusların hüquqlarını müdafiə komitəsinin sədri kimi Oqtay İsgəndərli təsdiqləndi.
Sessiya İctimai Palatanın 2013-cü ildə fəaliyyətinin prioritet istiqamətləri ilə bağlı hazırlanan layihəyə irəli sürülən təkliflərin də daxil edilməsini Koordinasiya Şurasına həvalə etdi.
Eyni zamanda demokratik seçki mühitinin formalaşadırılması, seçki Məcəlləsinin demokratikləşdirilməsi, İlham Əliyevin üçüncü dəfə prezidentliyə namizəd olmaması tələbinin əks olunduğu bəyanatın hazırlanması da KŞ-ya tapşırıldı.
İclasa İP KŞ-nin yeni dönəm sədri Zəfər Quliyev yekun vurdu.
Xəyal


