Onu bu ada layiq görən təşkilatın direktoru danışdı
“İlham Əliyev özündən “böyük azərbaycanlı vətənpərvər” imici yaratmaq istəyir, amma…”
Organized Crime and Corruption Reporting Project (Mütəşəkkil Cinayətkarlıq və Korrupsya Hesabatı Layihəsi – OCCRP) jurnalistlər şəbəkəsi İlham Əliyevi “ilin adamı” seçib.
“BBC Azərbaycanca”ya müsahibəsində təşkilatın redaktoru Drev Sullivan bunun səbəblərini öz nöqteyi-nəzərindən izah edir.
Azərbaycan hökuməti daha öncə korrupsiya ittihamlarına dair yerli və xarici mediada yazılanların böyük hissəsinin “böhtan” olduğunu deyib. OCCCRP-nin qərarı ilə bağlı hökumət hələ ki, reaksiya verməyib.
– “İlin adamı” mükafatı üçün kriteriyalar nə idi?
– Kriteriyalar OCCRP şəbəkəsi müxbirlərinin mütəşəkkil cinayətkarlıq və korrupsiya üzrə mətbuatda işıqlandırmağa ən layiq olanlar üzərində qurulub. Məqsəd – 2012-ci ildə mütəşəkkil cinayətkarlıq və korrupsiyada ən çox maraq doğuran insanı müəyyənləşdirmək idi. Bu, jurnalistlərin fikri üzrə müəyyən edilib – mən deməzdim ki, elmi bir nəticədir.
– İlham Əliyev təşkilatınızın qeyd etdiyi digər namizədlərdən, məsələn Vladimir Putin və İslam Kərimovdan niyə üstün görülüb?
– Əliyevin fərqi ondadır ki, onun şəxsən bu işlərdən faydalanmasını sübut edən bir neçə məqalə olub. Bu barədə şübhələr var idi, amma konkret sübut demək olar ki, yox idi. Ancaq ailəsinin şirkətlərinin bir çoxunun yerləşdiyi Panamada təşkilati sənədlərin aşkar edilməsi sübut etdi ki, bu təşkilatların bəzilərinə həmin ailə nəzarət edir. O, özündən “böyük azərbaycanlı vətənpərvər” imici yaratmaq istəyir, bəlkə də elədir, amma birinci dəfədir ki onun şəxsən faydalanması haqqında sübut var.
– Onda sizcə, məsələn, Özbəkistan kimi ölkələrdən gələn məlumatın az olması Əliyevin seçilməsində rol oynayıbmı?
– Mənim fikrimcə, hə. Əliyev o qədər müxtəlif sənayelərdə fəaliyyət göstərib ki – tikinti, rabitə, banklar, qızılın çıxardılması – bu il o, gözə batıb. Kərimov haqqında Özbəkistandan demək olar ki, məlumat gəlmir.
TeliaSonera məsələsində onun külli miqdarda pul götürməsi, yəni, Azərbaycanda işin miqyası aydın oldu. Eyni zamanda mən düşünürəm ki, Kərimovun reputasiyası heç vaxt yaxşı olmayıb. Əliyevin reputasiyası yaxşı deyil, amma Orta Asiya liderləri qədər pis olmayıb. O, hələ ki bu qrupa daxil edilməyib.
– Hesabatınızda qeyd olunur ki, İlin Adamını seçmək üçün 60 təşkilat və 15 jurnalist səs verib – onlar kimdir?
– OCCRP – Orta Asiyadan, Şərqi Avropadan və Avropanın özündən olan qeyri-kommersiya, müstəqil, və araşdırma komandaları olan bir neçə kommersiya xəbər təşkilatlarının konsorsiumudur. Moskvadakı Novaya Qazeta, Serbiya, Rumıniya və Bosniyadakı İstintaq Hesabat Mərkəzləri kimi təşkilatlar. Bu cür mərkəzlərin olmadığı yerlərdən isə o ölkələrdə araşdırmaçı jurnalistlər var.
– Bu qərara gəlmək üçün Azərbaycandan kiminləsə danışdınızmı, yoxsa bu yalnız araşdırmaların toplanmasından əmələ gələn qərardır?
– Diskussiyaya qatılan azərbaycanlı müxbirlər var – Azərbaycanda çalışan beş araşdırmaçı jurnalistimiz var, o cümlədən Azadlıq Radiosunda çalışan Xədicə İsmayıl.
– Bəs çox səs toplayan namizədlərin göstərdiyi nəticələr bir-birinə yaxın idimi?
– Çox yaxın idi. Bir tərəfdən ona görə ki, siyahı bizim haqqında hesabat verdiyimiz insanlarla məhdud idi – biz istəyirdik ki, siyahıda yalnız haqqında məlumatlı olduğumuz insanlar olsun. Digər tərəfdən, hamı öz ölkəsindəki məsələni önəmli tutacaq.
Monteneqronun baş naziri Milo Djukanovic, İslam Kərimov və İlham Əliyev güclü namizədlər idi – qalib bu üç nəfərin arasında idi.
Əliyev uddu və mənim nəzəriyyəm odur ki, Əliyev ona görə uddu ki, biz Djukanovic və Kərimovdan bu işləri gözləyirik – onlar bunu çoxdan edirlər. Əliyev isə bir çox adamı təəccübləndirdi. Təəccübləndirməsə də, bunun sübut edilməsi onları təəccübləndirdi. Biznesdən özün faydalananda maraqların toqquşması – bu hal bütün sərhədləri keçir. Bunu bağışlamaq olmaz.
– Azərbaycan höküməti “mükafat” haqqında hansısa reaksiya verdimi?
– Xeyr. Neçə ildir Azərbaycandakı korrupsiyanı aşkar edən məqalələrimizə heç bir cavab almamışıq. Bu, təəccüblü deyil. Onlar mediaya cavab vermirlər – ya onu saymırlar, ya da təqib edirlər.
– Bəs ümumi reaksiya necə olub?
– İnternet saytımıza böyük gəliş olub, xüsusilə Azərbaycandan. Azərbaycandan oxucular (statistikada) hazırda ikinci yerdədirlər – bu ruhlandırıcıdır, camaat bu informasiyanı əldə edə bilir. Mən düşünürəm ki, gəlişin çoxu Facebook kimi sosial şəbəkələrə görədir – Azərbaycanda bu dairə çox fəaldır.
-Bizə Azərbaycandan nə qədər adamın gəlməsi haqqında konkret rəqəmlər deyə bilərsinizmi?
– Dəqiq demək üçün yoxlamalıyam amma cəmi ikinci gündür və o məqalə gündə təxminən 6 000 dəfə oxunur – bizim üçün bu kifayət qədər yüksəkdir.
– Ümumiyyətlə OCCRP nəyə görə bu mükafatı vermək qərarına gəldi?
– Yaxşı sualdır, çünki bu bizim etmədiyimiz bir işdir. Biz kifayət qədər konservativik və yanaşmamızda ehtiyatlı olmağa çalışırıq – biz pis adamlar haqqında yazırıq, onların çoxlu pulu, biznes maraqları var. Buna görə bu sahə həm hüquqi, həm fiziki cəhətdən çox təhlükəlidir. Amma biz bu məlumatları il ərzində ötürmüşük və istəyirdik ki, bu siyasətçilərin sistemik işlərini müəyyən edək.
Diqqətlə baxsanız görəcəksiniz ki, bu ölkələrin çoxunda nəzarət altında olmayan böyük miqdarda pul yoxdur və mübahisə etmək olar ki, hər bir böyük aktiv blok potensial olaraq hökumətə qarşı istifadə oluna bilər. Ölkə nə qədər avtokratikdirsə, aktivlər bir o qədər böyük kontrol altında olacaq. Buna görə biz görürük ki, bir çox “Birinci ailə” iqtisadiyyatın hər bir sahəsinə qarışır. Bir tərəfdən pula görə, bir tərəfdən isə iqtisadiyyatı və müxalifət partiyalarına vəsait ayıra bilən adamları nəzarət altında saxlamaq üçün. Təhlükə məhz bundadır.
Biz ayrı-ayrı hallar üzrə işləyirik, lakin problemi bütövlükdə izah etməyə imkanımız olmur. Bu mükafatı bunun üçün yaratdıq.