Bizdən uzaqlardakı demokratiya (I yazı)

Bugünlər Azərbaycanda, bəlkə də, ən populyar, eləcə də ən aktual bir söz var – “birləşmə”. Bugünlərin ən populyar, ən aktual sorusu da bu sözlə bağlıdır – “biz niyə birləşə bilmirik?”. Ola bilsin, indi bizim dağdakı çobanımız da qoyunu keçiyə, keçini qoyuna qatıb acıqlı-acıqlı düşünür: “… biz niyə birləşə bilmirik?”. Öz sferasında birləşmənin yolunu tapmaq çobanın borcu, bizim sferada birləşmənin yolunu tapmaq bizim borcumuzdur.

Bəlli olduğu kimi, ölkənin, xalqın gözəl günlər yaşadığı çağlarda “birləşmə” anlayışı istər-istəməz populyarlığını, aktuallığını itirir. Elədə hərə özü üçün yaşayır, birləşməklə bağlı uzun-uzadı düşüncələrə, baş sındırmalara gərək qalmır. Ancaq ölkə, xalq bizdə olduğu kimi ağır duruma düşəndə, çoxsaylı problemlər içində itib-batanda, bu sayaq görsənişlərin başlıca yaradıcısı diktatura rejimi ölkədə at oynadanda “birlik” anlayışı, “biz niyə birləşə bilmirik” sorusu istər-istəməz populyarlıq-aktuallıq qazanır. 
Düşmən güclər Azərbaycanı qabaqca iki yerə bölərək Güneyə, Quzeyə ayırıblar. Bu azmış kimi sonra Dərbənd, Borçalı, “Ermənistan”, Qarabağ itkiləri yaradıblar. Dünyada ikinci belə bir ölkə yoxdur. Belə çoxsaylı problemlər içində birləşmə ideyasından bir belə uzaq başqa bir xalq da ola bilməz – bu bizik! Sözü gedən çoxsaylı problemlərin üstündən düşmən güclər bizə daha bir problem yaradıblar – diktatura problemi. Bizim dünənki-bugünkü bütün problemlərimizin açarı budur – diktatura problemi! Başqa problemlərdən qurtulmağın yolu ilkin olaraq diktatura problemindən qurtulmaqdır!!

Diktatura problemindən biryolluq qurtulmağın da öz yolu var: ilkin olaraq xalqın sosial-siyasi baxımdan aktiv, qabaqcıl kəsiminin, başlıca olaraq jurnalistlərin, siyasətçilərin demokratik dəyərlərə yiyələnməklə sözdə deyil, işdə demokratikləşməyi. Bu yerdə Ismayıl bəy Qaspıralının bəlli formulundan çıxış edərək, yurddaşlara yeni, olduqca aktual bir formulla səslənmə gərəyi yaranır: DILDƏ, DÜŞÜNCƏDƏ, DAVRANIŞDA DEMOKRATIYA!!! Bu olmayacaqsa, bizim gerçək birliyimiz də olmayacaq!
Demokratiya coğrafiya-sınır tanımır. Demokratiya bizim – hər bir kimsənin – içində doğulan, içində ölən özümlü bir varlıqdır. Bizdəki bəlli bir “Ədliyyə” baxanı qoca diktatora üz tutaraq körpə-çağa Azərbaycan demokratiyasını beşikdəcə boğmağa çağırmışdı. Millətin içində doğulan demokratiyanı hansısa diktator, hansısa diktatura rejimi boğa bilər, ancaq ayrı-ayrı kimsələrin içində doğulan demokratiyanı ən amansız diktatorlar, ən qudurğan diktatura rejimləri belə, boğa bilməz – ən azı, hər bir kimsənin içi özünün olduğuna görə! Sənin içində demokratiya dölü varsa, bircə borcun qalır – onu bəsləyib böyütmək! Sonra da yurddaş olaraq, ayrıca desək, jurnalist, siyasətçi olaraq onu millətin malı eləmək – ölkənin, dövlətin yeni quruluş, yeni düzən GENERATORUNA çevirməklə!

Bizim birləşib antimilli, antidemokratik rejimə qarşı böyük birlik yarada bilməməyimizin kökündə iki başlıca faktor dayanır: 1) özəl istəkləri ellik (milli) istəklərdən üstün tutmağımız; 2) demokratik dəyərlərə yiyələnməməyimiz.

Indilikdə birinci faktoru bir qırağa qoyub, ikincinin üzərində dayanmaq gərəyi yaranır. Qoy biz, “Batı bizə nə deyər?” yersiz-gərəksiz “arqumenti” ilə millətçi, milləti sevən olmayaq; demokratiyanı sevək, demokrat olaq. Olaq – Batı da bizi sevsin. Ola bilirikmi? Sözdə-dildə – hə; işdə-davranışda – yox! Bunu nədən görmək-bilmək olar? Çox saya bir görsənişdən: biz uzun illərdir ölkəmizi, dövlətimizi özü üçün kommersiya obyektinə, böyük güclərlə alver obyektinə çevirən diktatura rejiminə qarşı öz aramızda uzlaşıb-birləşib böyük, üstün güc yarada bilmirik. Axı, bizi nə də birləşdirməsə inanıb-tapındığımız demokratik dəyərlər birləşdirməli idi, birləşdirməlidir!