«Real nəticələr əldə etmək üçün ilk növbədə siyasi və iqtisadi islahatlara ehtiyac var»
Son dövrlər hökumətin müəyyən təlaş keçirməsi və antikorrupsiya tədbirləri adı altında müəyyən addımlar atmaq istəyini nümayiş etdirməsi diqqəti cəlb edir. Lakin antikorrupsiya tədbirlərinin həyata keçirilməsi üçün müəyyən kompleks proqramlar olmalıdır. Cüzi əmək haqqı alan həkimə, müəllimə və başqa sahələrdə çalışanlara “rüşvət alma” deməklə rüşvət və korrupsiyanın kökünü kəsmək mümkün deyil. Eyni zamanda azad sahibkarlıq və monopoliya aradan qalxmayınca bu sahələrdə də vəziyyəti düzəltmək mümkünsüz görünür. Belə olan halda hökumət ilk növbədə hansı addımları atmalıdır?
İqtisadçı-ekspert Zöhrab İsmayılın fikrincə, insanların az maaş alması, az qazanması rüşvət üçün bəhanə, əsas ola bilməz. Lakin hökumətin addımları korrupsiyanın doğrudan da azaldılması məqsədini güdürsə, bu, paralel olaraq islahatlarla müşayiət olunmalıdır. Yəni korrupsiyanı yaradan amillərin aradan qaldırılması istiqamətində ciddi addımlar atılmalıdır. Əgər hökumət hətta buna səmimi yanaşıb, lakin islahatlar aparmasa, bir müddətdən sonra rüşvət yenidən baş qaldıracaq.
Digər iqtisadçı-ekspert Nemət Əliyev isə son dövrlər başlanmış antikorrupsiya tədbirlərini saxta, əhalinin gözünə kül üfürmək məqsədi güdən addım kimi qiymətləndirdi: “Əlbəttə ki, ölkədə korrupsiya, rüşvətxorluğa, inhisarçılığa qarşı ciddi mübarizə aparılmalıdır. Amma indiyəqədərki dövrdə hakimiyyətdən bunun qarşılığını görməmişik. Daha doğrusu hökuməti idarə edənlər tamam başda mövqe sərgiləyiblər”.
Ekspertin sözlərinə görə, hökumətin həyata keçirdiyi bir sıra tədbirlər, atdığı addımlar bunu deməyə əsas verir ki, bu insanlar ölkədə adı sadalanan ictimai təhlükəli hallara qarşı gerçəklikdə mübarizə apara bilmirlər. Yaxud da bunu istəmirlər. Bunun əsas səbəbi isə ondan ibarətdir ki, bu insanlar rüşvətə, korrupsiyaya, haqsız rəqabət və monopoliyaya hakimiyyətin hərəkətverici qüvvəsi kimi baxırlar.
Ekspertin fikrincə, hakimiyyəti mənimsəyən adamların monopoliya, haqsız rəqabətə, rüşvət və korrupsiyaya qarşı mübarizə apardığını deməsi gülüş doğurur. Çünki ölkədəki korrupsiya və rüşvət piramidasının başında hakimiyyətdə təmsil olunanlar dayanır: “Şərq dünyasında yaranmış inqilabın doğurduğu qorxunun, təlaşın nəticəsində hakimiyyət bu cür kampaniyaya start verib. Yaxşı başa düşürlər ki, xalqı avtoritar formada, rüşvət və korrupsiya tətbiq etmək hesabına saxlamaq mümkün deyil. Azərbaycan xalqı bunun hesabını soracaq. Bir gün xalq doyacaq, ayağa qalxacaq və bir anın içində bunların qurduqlarını dağıdıb tullayacaq. Iqtidarda təmsil olunanlar tamahlarını yığışdırıb korrupsiyaya qarşı mübarizə aparmalıdır”.
N.Əliyevin sözlərinə görə, real nəticələr əldə etmək üçün ilk növbədə siyasi və iqtisadi islahatlara ehtiyac var. Nə qədər ki, bu istiqamətdə ciddi tədbirlər görülməyib, korrupsiyaya qarşı mübarizənin faydası olmayacaq: “Indiyə qədər ölkə iqtisadiyyatını o qədər talayıblar, ictimai, siyasi və iqtisadi sferanı o qədər monopoliyaya alıblar ki, iki-üç məmuru məsuliyyətə cəlb etməklə bunların altından çıxmaq mümkün deyil”.
Fizzə