AXCP sədri Əli Kərimli
Mən özüm də ölkəmiz üçün Avropa Birliyinə üzvlük perspektivinin belə tez yaranacağını təsəvvür etmirdim. Rusiya – Ukrayna savaşı post-Sovet məkanında siyasi prosesləri sürətləndirdi.
Budur, AB-nin aparıcı dövləti Almaniyanın kansleri Şolts Ukrayna, Moldova və Gürcüstanı AB-yə üzv qəbul etməyə çağırır. Ukrayna ilə məsələ bir az fərqli və fərqli olduğu üçün də aydındır. Ancaq AB üzvlüyünə qəbul ediləcəyi artıq şübhə doğurmayan Gürcüstanın bizdən çoxmu fərqi var?
Yox, mən hazırkı vəziyyətin Azərbaycanda və Gürcüstanda çox fərqləndiyini əlbəttə, bilirəm. Ancaq söhbət ondan gedir ki, bu iki qonşu ölkə tarixi irs, coğrafi mövqe, mədəniyyət, o cümlədən siyasi mədəniyyət baxımından ciddi fərqlənmir. Azərbaycan ailə hakimiyyətindən qurtulduqdan sonra biz hətta Gürcüstandan daha sürətlə demokratikləşmə prosesi apara bilərik. İqtisadi imkanlarımız isə Gürcüstandan müqayisəyə gəlməz dərəcədə böyükdür. O imkanlar xalqa xidmət edəndə çox qısa müddətdə Azərbaycan sosial – iqtisadi baxımdan da regionun ən sürətli inkişaf edən dövləti olacaq. Onu izah etmək istəyirəm ki, bu gün Azərbaycan və Ermənistanın adının AB üzvlüyünə namizəd dövlətlər sırasında olmaması köklü yox, situativ, aradan qaldırıla bilən səbəblərlə bağlıdır. Biz millətcə toparlanıb, demokratik dəyişikliklərə nail olsaq, sonra da Ermənistanla sülh sazişi imzalayıb, Rusiya ordusunu regiondan çıxarsaq, AB qapıları eyni vaxtda bizim və Ermənistanın da üzünə açılacaq. O zaman Cənubi Qafqazın hər üç ölkəsinin AB üzvlüyü müzakirə və həll olunacaq.
Kaş ki, demokratik idarəetmənin, ardınca da AB üzvlüyünün xalqımız üçün hansı perspektivlər açacağını hamılıqla biləydik.
Kaş ki, hökuməti, parlamenti və bələdiyyələri azad seçkilərdə özümüzün seçməyimizin, qanunun aliliyinin, müstəqil məhkəmələrin, qanunla işləyən hüquq-mühafizə orqanlarının, iqtisadi, siyasi, mədəni azadlıqların həyatımızı necə asanlaşdıracağını təsəvvür edə biləydik.
Kaş ki, Avropadakı iqtisadi inkişafın, sosial təminatın, ədalətli və müstəqil məhkəmənin, səhiyyənin, təhsilin, rifahın, təhlükəsizliyin bizim üçün də əlçatan olmasının xalqımızı inkişafın və rifahın yeni bir üst səviyyəyə qaldıracağını hamılıqla dəyərləndirə biləydik.
“Kaş ki..”lərin olmaması üçün ailə hakimiyyətinin və onun muzdlu xidmətçilərinin saxta təbliğatına uymamalıyıq. Taleyimizin öz əlimizdə olduğuna, ailə hakimiyyətindən, avtoritarizmdən xilas olacağımıza inanmalıyıq, 100-dən artıq xalqın bacardığını bizim də bacaracağımıza əmin olmalıyıq.