Yeni ildə “yeni azərbaycanlılar”sız Yeni Azərbaycan arzusu ilə

Bilirsiniz ki, yaptokratlar təzəlikcə yemək qaydaları haqqında qanun layihəsi düzəltdilər, açığı, qəbul edib-etmədiklərini bilmirəm, camaat əvvəlcə yeməyə bir şey tapmalıdır ki, sonra onu necə yeyəcəyini öyrənsin.
Mən keçənlərdə həmin qanun layihəsi ilə bağlı yazmışam, təkrara ehtiyac yoxdur. Bəs indi niyə yenidən onu xatırladıram? “Milli Hollivud”umuz Elşad Adullayev Sevinc Babayevanın ölümü haqqında danışarkən təzə iddia ortaya atıb, deyib ki, yaptokratiyanın bir çox ölkələrdə, o cümlədən Türkiyədə aşbaz-killerləri var. Nə biləsən, bəlkə bunda qanunsuz heç nə yoxdur, yemək haqqında qanunda aşbazlara həm də killerlik məşğul olmağa icazə verilib. Onlar yeməyin gözünə müxtəlif ədviyyatlarla, duz-filanla bərabər, müəyyən miqdarda zəhər qatmaq hüququna da malikdirlər. Məsələn, indiyədək biz “dolma kimindir” söhbətlərindən çərləyirdik, indi isə dolmanın özündən zəhərlənəcəyik.
Unudanlar üçün xatırladım: aylar əvvəl möhtərəm də hansısa müşavirədə yemək verilişlərini topa tutmuşdu, demişdi ki, həmin verilişdə çox yağlı yeməklər hazırlanır, bu isə sağlamlığa zərərlidir. Kral həzrətləri o zaman həqiqətən çox taleyüklü mövzuya toxunmuşdu, bütün azərbaycanlıların prezidenti olduğunu bir daha sübut etmişdi.
Kim bilir, bəlkə Elşad Abdullayevin videolarının “Seva”sının ölümündə “yağlı yemək verilişləri” versiyasını da araşdırmaq lazımdır. Aşbaz-killerlərin məhz həmin verilişlərdən yazıb götürdükləri reseptlər əsasında hazırladığı yağlı yeməklərdən istifadə etmədikləri nə məlum?
Bir halda ki, biz aşbaz-killerlər və qatil-yeməklər barədə danışırıq, gərək bunu da yazaq: bu gün biz rejimin ömrümüzdən yediyi daha bir ili yola salırıq. Artıq 19 ildir ki, Azərbaycanda yeni il sadəcə bir təqvim hadisəsidir, biz hər yeni ili böyük arzularla qarşılayırıq, amma hər yeni ilin sonunda məlum olur ki, biz əslində köhnə ildən yeni ilə yox, köhnə ildən köhnə ilə keçibmişik.
Illər həyatımızda heç nəyi təzələmir, əvəzində isə ölkədə nimdaş dəyərlər, köhnə təfəkkür bir az da möhkəmlənir, güclənir.
Ümumiyyətlə, yeniliyə qapalı olan, yeniləşməyə nifrət edən bir ovuc adamın at oynatdığı bir ölkədə yeni ildən danışmaq çox gülməlidir.
Bax, bir gün sonra biz guya 2013-cü ilə qədəm qoyacağıq, amma əslində isə allah bilir, Azərbaycanda eramızdan əvvəl neçənci ildir. Idarəetmə təfəkkürü, toplumda hegemon olan dəyərləri ilə çağdışı bir ölkədə 2013-ü qarşıladığına inanmaq – bu ki, şoudur, komediyadır.
Evimizin bir küncündəki Şaxtababa heykəlciyi isə köhnə ilin son günü, köhnə “yeni il”in ilk günündə televiziyalarımızın yuxarı küncündəki saxta “baba”nın heykəlinə çoxdan məğlub olub.
Mən indi sizə nə arzulaya bilərəm? 2013-ün həqiqətən də yeni il olmasını. Bunun üçün Azərbaycanda köhnəliyin, çağdışılığın simgəsinə çevrilmiş, çağdaşlığa qənim kəsilmiş bir recimdən qurtulmamız şərtdir.
Mən yalnız hər ildən yox, hər gündən, hər andan ümidliyəm. Biz elə bir sistemlə qarşı-qarşıyayıq ki, onun çöküşünü proqnozlaşdırmaq çətindir, ən gözlənilməz, heç kimin hesablamadığı bir anda köhnəliyin qalığı və vurğunu olan “yeni azərbaycanlılar”ın xanimanı alt-üst ola bilər. Bunun üçün fədakarlardan daha çox fədakarlıq, prisipial insanlardan daha çox prinsipiallıq tələb edilir. Daha çox çalışmaq, daha çox çabalamaq lazımdır.
Eyni zamanda da qapımız yeniçiliyə sonunadək açıq olmalıdır. Necə ki, bunlar köhnəliyin keşiyində belə dönməz dayanıblar, biz də yeniçi düşüncəyə açıq olduğumuzu göstərməliyik. Bizi mentallaşmış, metallaşmış və motallaşmış dəyərlərin girovluğundan xilas etməyə çalışan, bizi çağdaşlığa səsləyən, bizə uyğarlığın yolunu göstərən, bizə müasir və modern dünyanın bir parçası olmağın yollarını göstərən insanlara və fikirlərə inanmalı, o insanların və fikirlərin arxasında dayanmağı bacarmalıyıq.
Həm Azərbaycanın yeniləşməsini istəyib, həm də yeniçi düşüncəyə nifrətlə, qəzəblə yanaşmaq yalnız köhnəliyin tör-töküntüsü olan bu rejimin əlini gücləndirir, onun işinə yarayır – bunu unutmamalıyıq!
Bir daha 2013-ün sözün həqiqi mənasında Yeni il olması arzusu ilə hamınızı öpür, bağrıma basıram.