Məmmədyarovdan İrana jest

«Dəfələrlə bəyan etmişik ki, Azərbaycan öz ərazisindən Irana qarşı istifadə edilməsinə imkan verməyəcək»

“Dəfələrlə bəyan etmişik ki, Azərbaycan öz ərazisindən Irana qarşı istifadə edilməsinə imkan verməyəcək”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bir qrup informasiya agentliyinə verdiyi müsahibədə deyib.
Qərb mətbuatında tez-tez yer alan “Irana qarşı hərbi kampaniyada Azərbaycan ərazisindən istifadə oluna bilər” kimi iddiaları dəyərləndirən XIN başçısı qeyd edib ki, bu kimi fikirlər əsassızdır:”Bir sıra xarici kütləvi informasiya vasitələrində mütəmadi olaraq bu məsələ ilə bağlı əsassız, həqiqətə uyğun olmayan məlumatlar dərc olunur. Bu cür təhrif olunmuş məlumatlar Xarici Işlər Nazirliyi səviyyəsində və müxtəlif səviyyələrdə təkzib edilib. Biz dəfələrlə bəyan etmişik ki, Azərbaycan öz ərazisindən Irana qarşı istifadə edilməsinə imkan verməyəcək. Azərbaycan müstəqil, öz maraqlarını təmin edən sülhsevər xarici siyasət həyata keçirir və bu siyasət Ermənistan istisna olmaqla bütün qonşu ölkələrlə münasibətlərin qarşılıqlı etimada və hörmətə əsaslanmasını şərtləndirir. Biz regionda hər hansı yeni münaqişə ocaqlarının yaranmasını istəmirik və bütün mövcud anlaşmazlıqların sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıyıq”.