«Bu işin istintaqı Azərbaycanın hüquq-mühafizə orqanlarına etibar edilməməlidir»
«Azərbaycanda pasportun saxtalaşdırılması mümkündür»
Sevinc Babayevanın ölümündəki müəammalardan biri də dünyasını dəyişəndən sonra üzərindən tapılan saxta sənədlərdir. Xatırladaq ki, Türkiyə mediası onun üzərindən iki ayrı pasport və Məryəm Solmaz adına təşkil edilən saxta şəxsiyyət vəsiqəsi tapıldığını yazmışdı. Azərbaycanın Istanbuldakı baş konsulu Həsən Zeynalov isə nədənsə sənəd məsələsini üstünü qapatmağa çalışaraq Sevinc Babayevanın üzərindən və ya yaşadığı evdən heç bir sənəd aşkar edilmədiyini bildirmişdi.
Hüquqşünas Aslan Ismayılov hesab edir ki, istintaqın bu ölüm işi bağlı araşdırmalı olduğu daha vacib məqamlar var: “Onun ölümünün araşdırılması Türkiyə hüquq-mühafizə orqanlarının üzərinə düşür. Orada kimlərin yanında qalıb, kimlər onu xəstəxanaya gətirib, kimlərlə təmasda olub, hansı telefondan istifadə edib, o telefonla kimlərlə əlaqə qurub. Təbii ki, hər bir məqam araşdırılmalıdır. Amma sənəd məsələsinə bu qədər köklənmək olmaz. Bu, işin üzərinə kölgə salmaq kimi bir şeydir. Belə bir saxta sənəd olubsa, onu verənləri axtarmaq lazımdır. Bu, Sevinc Babayevadan çox, o sənədi verənlərin günahıdır. Sevinc Babayeva özünün təhlükəsizliyi ilə bağlı hüquq-mühafizə orqanlarına hələ aylar əvvəl müraciət etmişdi. Bu məqam niyə araşdırılmayıb? Bu işin istintaqı Azərbaycanın hüquq-mühafizə orqanlarına etibar edilməməlidir. Müstəqil şəxslərdən ibarət komissiya yaradılmalı, istintaqı da o aparmalıdır. Nəticələr də ya parlamentə, ya prezidentə məruzə edilməlidir. Istintaq orqanına da elə adamlar cəlb edilməlidir ki, sabah onlar prezidentin və ya parlamentin dediyi ilə oturub durmasınlar. Mən əvvəldən də demişəm ki, bu məsuliyyəti üzərimə götürməyə hazıram”.
Miqrasiya Mərkəzi Ictimai Birliyinin sədri Əlövsət Əliyev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, saxtalaşdırılmış şəxsiyyət vəsiqəsi deyəndə Türkiyə vətəndaşlarına məxsus sənəd nəzərdə tutulub: “Çünki Məryəm Solmaz daha çox türkiyəli xanım kimi təqdim olunur. Demək olmaz ki, Sevinc Babayeva saxta sənədlə xəstəxanaya gedib. Çünki o, xəstəxanaya başqa adamın şəxsiyyət vəsiqəsi ilə də gedə bilərdi. Şəxsiyyət vəsiqəsi olmayan adam qohumunun vəsiqəsi ilə xəstəxanaya gedə bilir və orada o adla qeydiyyatdan keçir. O ki qaldı onun saxta pasportla, başqa adla ölkəni tərk etməsinə, bu, mənə inandırıcı görünmür”.
Ə.Əliyev deyir ki, S.Babayeva Azərbaycanı tərk edəndən iki-üç gün sonra barəsində axtarış elan edilib: “Bu da o deməkdir ki, o, sərhədi öz adı, öz sənədi ilə də keçə bilərdi. Onun barəsində 300 min manatdan çox dələduzluq faktına görə cinayət işi var idi. Axtarış da ona görə verilmişdi. Bu, Gülər Əhmədova ilə bağlı axtarış deyildi. Iş DIN-in Baş Istintaq və Təhqiqat Idarəsində istintaq edilirdi. Axtarış qərarı da orda verilmişdi”.
Ə.Əliyev hesab edir ki, Azərbaycanda pasportun saxtalaşdırılması mümkündür. Bir adamın adına iki pasport almaq da olar: “Sevinc Babayeva təkcə bir hərf fərqi ilə özünə iki xarici pasport da ala bilərdi. Məsələn, bir pasportu Sevin Babayeva, o birisi isə Sevinc Babayeva adına olardı”.


