Sevinc Babayeva kimdən ehtiyatlanıb?

Güc qurumları yaxalarını kənara çəkir

«Hüquq-mühafizə orqanları məsələyə aydınlıq gətirərək ictimaiyyətə məlumat verməlidir»

Fransada mühacirətdə olan Elşad Abdullayev Sevinc Babayevanın arzuolunmaz şahid kimi aradan götürülməsi barədə xəbərdarlıq etdiyi telefon danışığının audioyazısını yayıb. Danışıqdan aydın olur ki, S.Babayeva özü də təhlükənin olduğunu hiss edirmiş və bununla bağlı MTN-ə ərizə ilə müraciət edib. Onun “Milli Təhlükəsizlik Nazirliyinə 6 saat ərizə yazmışam. Bundan o yana var? Ərizə ilə müraciət etmişəm ki, nəyə görə qorxa-qorxa yaşamalıyam? Kimsə pul yeməlidir, mən niyə arada qalmalıyam?” deməsi də buna işarədir. Telefon danışığında həmçinin güc nazirliklərinin də məsələdən xəbərdar olduğu deyilir.
Audioyazıda səslənən fikirlər və S.Babayevanın güc nazirliklərini də ona olan təhlükədən xəbərdar olması ilə bağlı dediklərinə münasibət öyrənmək üçün hər MTN, DIN və Baş prokurorluğa müraciət etdik.
Dəfələrlə etdiyimiz cəhdlərə baxmayaraq MTN-lə əlaqə saxlamaq mümkün olmadı.
Daxili Işlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov audioyazını dinləmədiyini və bu məsələ ilə, ümumiyyətlə, maraqlanmadığını dedi. O, deyilənlərin təmsil olunduğu quruma aid olmadığını da bildirdi.
Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə aydioyazıda “üç güc naziri” deyil, “bir neçə nazir” ifadəsinin işləndiyini və bu məsələnin prokurorluğa aidiyyətinin olmadığını bildirdi.
Hüquqşünas Əyyub Kərimov Sevinc Babayevanın ölüm işinin həm Türkiyə, həm də Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalı olduğunu və məsələyə aydınlıq gətirərək ictimaiyyətə məlumat verməli olduğunu deyir. Sevinc Babayevanın hansı yolla ölkəni tərk etməsi, başqa şəxslərin adına olan sənədləri hardan əldən etməsi, onun ürək çatışmazlığı, yoxsa başqa səbəbdən ölməsi ilə bağlı suallar var. Əgər bütün bu suallara aydınlıq gətirilməsə, müəmmalar və şayiələr baş alıb gedəcək. Araşdırmadan sonra bu məsələdən S.Babayevanın MTN-ə müraciət edib-etmədiyi məlum olacaq.
Ə.Kərimovun sözlərinə görə, əgər hakimiyyət daha böyük şübhələrin yaranmasını istəmirsə, hüquq-mühafizə orqanları hər bir məlumata diqqətlə yanaşmalı və ictimaiyyətə hərtərəfli, obyektiv məlumat verməlidir.

Fizzə