ABŞ-ın Şimali Dakota Universitetinin maliyyə üzrə dosenti Fariz Hüseynli
O gün uşaqların məktəbinə (ibtidai -5ci sinifə qədər) getmişdik, bu ilki müəllimələri və sinifləri ilə tanış olmağa. Məktəbdə əsas diqqətimi çəkənləri demək istəyirəm. Birincisi məktəbdə sinif otaqları, musiqi, rəsm otağı, kitabxanadan başqa bir neçə əlavə hazırlıq müəllimlərinin otaqları var idi. Biri danışıq və tələffüz üzrə, biri dil üzrə, biri başqa öyrənmə problemi olan, geridə qalan uşaqlarla məşğul olmaq üzrə, psixoloq da öz yerində. Ayrıca həm də təkmilləşmiş program almaq istəyən uşaqlarla məşğul olan müəllimin də otağı var. Yəni geridə qalan, hansısa problemi olan, irəli getmək istəyən uşaqlarla elə məktəbin içində məşğul olur müəllimlər.
İkincisi, sinif otaqlarının qarşısında (hər sinif ayrı bölmədədir) dincəlmə, fikrini dağıtma, sərbəst məşğul zonası var. Rəsm çəkmək, kitab oxumaq, nəsə qurmaq ya başqa nəsə etmək (deyək ki, uşağa mükafat olaraq ipad vaxtı verilir) üçün nəzərdə tutulub.
Üçüncüsü, sinif otağında uşaqlar qruplar halında oturur (3-4 uşaq). Amma sinifin ətrafında bir dincəlmə, kitab oxuma ya sərbəst məşğələ zonası, bir də kimsə səhər narahatdı, günə pis başlayıbsa onlar üçün ayrıca bir zona var. Sinifin içində uşaqlar il boyu müxtəlif qruplarda və zonalarda (stationlarda) gedib gəlirlər, bu müəllimə imkan verir ki, uşaqla həm qrup, həm fərdi məşğul olsun.
Dördüncüsü elə bunların cəmini əks etdirir. Müəllimə ilə danışdım, deyir əsas bir şeyə fikir veririk- hər uşağın öz səviyyəsi nədir, ayrı-ayrı fənnlər üzrə haradadı və fərdi necə yanaşaq. Geri qalırsa ya irəli getmək istəyirsə ona necə kömək edək. Yəni sistem qəbul edir ki, hamıya inkubator cücəsi kimi yanaşmaq düz deyil, fərdi yanaşma məktəbdə və sinif otağınən içinə gəlməlidir.
Amma bütün bunların hamısını mənalı eləmək üçün gərək 1) müəllimə yaxşı maaş və bu tələblərə uyğun ali və davamlı təhsil verəsən; və 2) müəllimə güvənib hər tələbəyə uyğun sinif otağı və tədris qura bilmə sərbəstliyi verəsən.
Təkcə kabinetlərdə verilən qərarlarla təhsil olmur, təhsilin icrası sinif otağında görülür və işi kabinetdə oturanlar yox, sinif otağındaki müəllim görür. Mərkəziləşmiş şəkildə nə qərar verirsən ver uşağa təhsili verən müəllimdir. Ona görə müəllimə dəyər vermək, vaxtında yaxşı hazırlamaq, işində maraqlı etmək və bacarığını icra edəcək sərbəstlik vermək lazımdır.