AXCP Bəxtiyar Hacıyevə təzyiqləri pisləyir

«Bu qocalmış hakimiyyət gəncliyi özü üçün düşmən sayır»

 

Deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyevə qarşı təqib və təzyiqlərlə bağlı AXCP bəyanat yayıb. Bəyanatda bildirilir ki, bu gənc fəala qarşı son aylarda hakimiyyətin qərəzindən doğan təzyiqlərini AXCP narahatlıqla izləyir. Hakimiyyətin hərbi xidməti bəhanə edərək Bəxtiyar Hacıyevi təhsil almaq hüququndan məhrum etməsini, onun barəsində cinayət işi başlanmasını, Gəncədə prokurorluğun tələbilə polis nəzarətinə verilməsini birmənalı şəkildə siyasi təzyiq kimi qiymətləndirir.
AXCP hesab edir ki, Bəxtiyar Hacıyevə yönəlik addımlar hakimiyyətin azad sözə, gəncliyə qarşı aqressiv mahiyyətindən irəli gəlir.
“Bütün parametrlərinə görə qocalmış hakimiyyət gəncliyi özü üçün düşmən sayır. Ötən müddətdə hakimiyyət bütün gücü ilə müstəqil, azad və etirazçı gəncliyin repressiya olunmasına çalışıb. Bunun nəticəsi kimi, ”Yeni Fikir” Gənclər Hərəkatının sədri Ruslan Bəşirli 2005-ci ildən indiyə qədər həbsdədir, gənc bloqçular Emin Milli və Adnan Hacızadə il yarımadək əsassız ittihamlarla həbsdə saxlanıldı. Elə bugünlərdə AXCP üzvü, 19 yaşlı Cabbar Savalanlı narkotik istifadəçisi kimi şərlənərək həbs olundu”, – deyə bəyanatda qeyd olunub.
AXCP siyasi baxışlarına görə gənclərə qarşı təqib və təzyiqləri kəskin pisləyərək, hakimiyyəti bu əməllərinə son qoymağa, gəncliyə qarşı siyasətində dönüş etməyə çağırır. AXCP hesab edir ki, Bəxtiyar Hacıyevin barəsində cinayət işinə dərhal xitam verilməli, gənc fəalın sərbəst fəaliyyəti, öz ideya və fikirlərini təbliğetmə hüququ təmin edilməldir.

 

İnformasiya şöbəsi