Əliyevlərin qiyamət ili – 2012

Hakimiyyət bütün maskalarını itirdi və əli üzündə qaldı…

2012-ci ili falçılar qiyamət, siyasətçilər ifşa, fırıldaqçılar isə fürsət ili kimi başa vurdular. Təbii ki, həmişə olduğu kimi, falçılıq yenə də özünü doğrultmadı. Amma bu “qiyamət ili” anlayışına yazımızın bəzi məqamlarında toxunacağımızı düşünürəm. 2012-ci il Azərbaycanda bir sıra mühüm müsbət və mənfi hadisələrlə yadda qaldı. Hakimiyyət-müxalifət münasibətləri və regional kontekstdə altını cızacağımız bir çox məqamları sizə təqdim edirik.

“Azərbaycan saatı” zəng çaldı

2012-ci ilin ilk ən uğurlu olayı Azərbaycan hakimiyyətinin illərdir davam etdirdiyi informasiya blokadasının yarılması oldu. Xalqın başının altına yastıq qoyub, onu qış yuxusuna vermək istəyən hakimiyyət bu şirin xəyalından diksinti ilə ayıldı. “Azərbaycan saatı” adlı televiziya proqramı peyk vasitəsilə öz oyanış zəngini çaldı və nəinki müxalif qəzetlərin, heç atın, ulağın belə, getmədiyi kəndlərdə alternativ fikir eşidilməyə başladı. Bununla da Əliyevçi təbliğatın ən əsas bel sütunu sındı və Ilham Əliyevin yalanları bütün ölkə boyu sıradan çıxmağa başladı.
Hakimiyyət “müxalifət yoxdur” tezisini dəyişərək, yenidən “destruktiv, düşmən dəyirmanına su tökən qüvvələr” deyimini gündəmə gətirdi. Beləliklə, yüksək texnoloji keyfiyyətlərdə olmasa da, elə həqiqətin özü kimi, çılpaq imkanlarla Azərbaycanda ilk mühüm uğur qeydə alındı.

“Kürü diplomatiyası”nın diplomu alındı

Azərbaycanda baş verən haqsızlıqlara uzun illərdir çəhrayı eynəklə baxmaq üçün qara kürü ilə qidalanan avropalı  diplomat və siyasətçilərin ifşası 2012-ci ilin ikinci ən mühüm müsbət hadisəsi idi. Bu ifşadan sonra, hətta bir neçə nəfər nüfuzlu Qərb diplomatları da olayı təsdiqləməyi və pisləməyi özlərinə borc bildilər. Nəticədə Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında qurumun Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin hazırladığı hesabat qəbul olundu. Azərbaycan hakimiyyətinin isə öz qara əməllərinin icrası üçün qurduğu daha bir beynəlxalq çirkin şəbəkə çökdü. Açıq şəkildə məlum oldu ki, Qərbdə Azərbaycan hakimiyyətinin qeyri-legitim olmasından istifadə edib varlanmaq istəyən bir qrup üçün Ilham Əliyev və onun yaxın komandası var-dövlət mənbəyinə çevrilib. Bu da Azərbaycanda siyasi mühitin bulanmasının ciddi səbəblərindən biri olub.
Bu, Azərbaycan hakimiyyətinə həm də ona görə ciddi sarsıdıcı zərbə oldu ki, artıq rəsmi Bakı ilə səmimi münasibətlər qurmaq dünya ictimaiyyəti üçün “könüllü şəkildə başını qara dairəyə salmaq” kimi qiymətləndirildi. Elə ona görə də Ilham Əliyev 2012-ci ildə daha çox, hətta yol xərclərini də özü ödəməli olduğu, Afrikanın kasıb dövlət başçılarıyla görüşmək məcburiyyətində qaldı.

ABŞ-la İsrail arasında…

ABŞ prezidenti Obama açıq bəyan etdi ki, Amerikanın razılığı olmadan Israillə Irana qarşı birləşən dövlətlər doğru yolda deyillər. Elə bu açıqlamadan iki gün sonra Israil və Qərb mediasında yazıldı ki, Azərbaycanın cənub bölgəsində şərti adı “Azərbaycan” olan Israil hərbi bazası yaradılır. Bu isə Iranın Azərbaycana qarşı aqressivliyini artırdı. Son nəticədə ABŞ Azərbaycana lazımi dəstəyi vermədi, əksinə, bu addımı provakasiya kimi qiymətləndirdi. Ilham Əliyev isə bir neçə dəfə ciddi bəyanatlar səsləndirməyə cəhd etsə də, Iranın basqıları Azərbaycan rəsmilərini söyüş söymək məcburiyyətində qoydu. Rəsmi Bakı nədənsə, 35 milyondan çox  Azərbaycan türkünün hüquqları kontekstində deyil, “Eurovision” kontekstində Iranla qarşılaşmağa həvəsli görünürdü. Əliyev özünün müasir mahiyyətini göstərməkdə qərarlı idi. Amma Qərb bu qədər irəli getməyi dəstəkləmədiyindən planlar pozuldu.

“Eurovision” – İctimai Palata haqda etiraf…

2012-ci ilin rəsmi dairələr üçün ən mühüm hadisəsi may ayında ölkədə keçirilən “Eurovision” musiqi yarışması idi. Bu yarışma hakimiyyət üçün özünü təqdimetmə fürsəti kimi  çox önəmli idi. Buna görə də Bakıda yüzlərlə sakinin evi söküldü, mülkü əlindən alındı. Bir sözlə, bu proses o həddə çatdı ki, hətta təqaüd fondunun iki aylıq pulu bura xərcləndi. Amma 2011-ci ildən miras qalmış siyasi məhbuslar və toplaşma azadlığının olmaması hakimiyyətə özünü mələk kimi təqdim etmək imkanını vermədi. QHT-lərin təşkil etdiyi “Demokratiya üçün oxu” kampaniyası və Ictimai Palatanın fəal etiraz aksiyaları Əliyevləri dünya mediasının gündəminə arzulamadıqları istiqamətdə gətirdi. Hətta yarışmanın qalibi ölkədə azadlıqların olmadığını və buna görə üzüldüyünü ifadə elədi. Hakimiyyət isə bu prosesi Əli Həsənovun dili ilə belə qiymətləndirdi: “Ictimai Palata Azərbaycana heç kimin 100 ilə vurmadığı zərbəni vurdu”. Bu isə əslində, hakimiyyətə vurulan zərbənin etirafı idi. Və məlumdur ki, bütün bu olanların əsas səbəbkarı qanunları tapdaq altına atan Əliyevlərin ailə hakimiyyətinin biznes maraqları idi…

Elşad Abdullayev – kabusmu, gerçəkmi?

Azərbaycan hakimiyyəti hələ də aydınlaşdıra bilməyib ki,  Elşad Abdullayevin yaydığı videolar kabusdur, yoxsa gerçək? Ilham Əliyev, Ramiz Mehdiyev, Ramil Usubov, Eldar Mahmudov,  Vilayət Eyvazov başda olmaqla, iri və orta ranqlı məmurların, siyasilərin deputat mandatı alveri, adam  oğurluğu və qətli məsələlərində adı hallandı. Və bütün bunlar video-söhbətlərlə təsdiqləndi.
Yuxarıda qeyd etdiyimiz “falçılıq” məsələsinə burada toxunmaq yerinə düşər. Çünki bu il dünya üçün gözlənilən qiyamət çağı olmasa da, Əliyevlər üçün həqiqi bir qiyamət ili oldu. Onlar gizlində etdikləri, yaxud da etməyi düşündükləri cinayətlərlə üz-üzə qaldılar və bir-birinin ətini yeməyə başladılar. Bu proses həqiqi bir qiyamət səhnəsini xatırlatsa da, hakimiyyət baş verənlərdən nəticə çıxarmadı və zəruri addımları atmadı.
Proses isə daha da dərinləşməyə doğru gedir. Bəziləri Elşad Abdullayevin arxasında Paşayevlər qruplaşmasının durduğunu deyir. Ola bilər, bütün hallarda geridönməz xarakter almış, sistemi ifşa edən və çürüməsini sürətləndirən olayların arxasında kimin dayanmasından asılı olmayaraq, nəticənin bir olacağı dəqiqdir. Əslində, sistemin içərisində bir-birini məhv edən elementlər nəhayət, bir gün sistemin çökəcəyini dərk eləmirlər. Sistemi qidalandırmırlar və sistemdən qidalanırlar. Bu da sistemin yeyilib bitirilməsi deməkdir.

Rusiya üz döndərdi…

2012-ci ilin mühüm olaylarından biri də Ilham Əliyevin Rusiya siyasətilə bağlı oldu. Əliyev əvvəlcə MDB dövlət başçılarının sammitinə qatılmadı. Məlumatlarda deyilirdi ki, Putin onu bu tədbirə telefon zəngilə dəvət edib.
Bu imtinanın arxasınca isə ikinci mühüm olay baş verdi. Azərbaycan başından bəri Rusiyaya su qiymətinə icarəyə verdiyi Qəbələ RLS-in icarə haqqını 7 milyondan 300 milyona qaldırdı. Rusiya isə bu təklifi rədd etdi və RLS-dən imtina etdi.
Bütün bunlar həm də Rusiyada Azərbaycanın ən tanınmış milyarderlərinin Ilham Əliyev əleyhinə bir təşkilat yaratması ərəfəsində baş verdi. Bu sətirləri yazarkən həmin təşkilatın fəal qurucularından olan, “Oskar” mükafatlı Rüstəm Ibrahimbəyovun Bakı aeroportunda saxlanıldığı və pasportunun alınaraq, ölkəyə buraxılmadığını mediadan oxudum…
Beləliklə, Əliyev əslində, dövlət maraqlarını güdmədi və onun hakimiyyətinə qarşı çıxan qrupa isti yanaşdığı üçün bir növ, Kremlə əzələ göstərdi. Nəticə isə təbii ki, qarşıda olacaq və biz bunu görəcəyik.

MTN Naxçıvanda ifşa olundu

2012-ci ilin ən sarsıdıcı olaylarından biri Naxçıvan MTN-nin ölkəni tərk etmiş əməkdaşının açıqlamaları oldu. O, boynuna aldı ki, bir müddət əvvəl Naxçıvanda xüsusi xidmət orqanlarının rəsmi binasında həyatını itirən Turac Zeynalov öldürülüb. Onu asaraq, işgəncə ilə qətlə yetiriblər.
Naxçıvan aeroportunda işləyən Turac hansısa məxfi sənədləri görüb, bu tipli hadisələrə şahid olub. Bundan başqa, Turacın xanımını yoldan çıxarmaq üçün Naxçıvan MTN-i əməliyyat qurub və buna müvəffəq olub. Gülnar adlı xanımla yataq və  narkotik alveri kimi ictimai, mənəvi təhlükəli əlaqələr qurulub, bunlar lentə alınaraq qadın şantaj edilib.
Nəhayət, əməliyyatda iştirak edən əməkdaşa Gülnarı öldürmək tapşırılıb. O isə bunu icra etməyərək, ölkədən qaçıb. Bu hadisə ölkədə ciddi ajiotaj yaratdı, amma bunun hərarəti düşməmiş məlum oldu ki, Naxçıvanda MTN bir çox sahibkarlara qarşı belə tələlər qurmaqla məşğul olub.

İlin müəmmalı ölümü…

2012-ci ilin hərarətini Elşad Abdullayevin yaydığı videolar qaldırdı. Bu ilin sonuna da bu prosesdə şahid kimi iştirak etmiş Sevinc Babayevanın Istanbulda şübhəli ölümü ilə gəldik. Sevinc Babayeva Ramiz Mehdiyevin Elşad Abdullayevdən aldığı pulları saymağına belə, şahid olan, iki müxtəlif pasport və kimlik əldə etmək dərəcəsində məxfi imkanlara malik olan şəxs kimi, bu prosesdə mühüm həlqələrdən biri idi. Türkiyə və Azərbaycan mediasında onun dünyasını necə dəyişməsilə bağlı ciddi şübhələr olduğu yazılır. “Mafiya şahid saxlamır”, amma mərhumənin sonuncu şahid olmadığı da ortadadır.
Beləliklə, 2012-ci il təqvim olaraq başa çatsa da, biz bu ildə başlamış bir çox proseslərin davamını qarşıdakı ildə və illərdə görəcəyik.

P.S. Növbəti ildə Azərbaycana böyük uğurlar diləyirik…