sevincbabayeva-son

Hakimiyyətdə Sevinc Babayeva ajiotajı

sevincbabayeva-sonGülər Əhmədovanın rəfiqəsini iqtidardakı hansısa qrupun aradan götürdüyü barədə şübhələr var

Sabiq deputat Gülər Əhmədovanın “mandat alveri”ndə vasitəçilik edən Sevinc Babayevanın Türkiyədə müəmmalı ölümü hakimiyyətdə ajiotaja səbəb olub. Bu barədə qəzetimizə iqtidardakı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, ajiotaja səbəb Sevinc Babayeva ilə bağlı planların pozulmasıdır.
“Prokurorluq Elşad Abdullayevin yaydığı rüşvət videosu ilə bağlı prokurorluqda başlanan istintaq bütün məsuliyyəti Sevinc Babayevanın üzərinə qoymaq istiqamətində aparılırdı. Ciddi-cəhdlə çalışırlırdı ki, Gülər Əhmədova oyundan mümkün qədər təmiz çıxsın. Çünki onun da məsuliyyətə cəlb edilməsi daha böyük qalmaqallara səbəb ola bilərdi. Belə bir vəziyyətdə Sevinc Babayevanın ölkədən çıxarılması və sonradan müəmmalı şəkildə ölməsi bu planı pozub”, deyə mənbə bildirib.
Mənbənin sözlərinə görə, hakimiyyətdə Sevinc Babayevanın öz əcəlilə ölməsinə şübhə ilə yanaşılır. Iqtidar kluarlarında danışırlar ki, o, hakimiyyətdəki hansısa qruplar tərəfindən aradan götürülüb. Və bu, Elşad Abdullayevin yaratdığı təlatümün daha geniş miqyas alması məqsədilə edilib.
Mənbə bildirib ki, hazırda bu istiqamətdə ciddi araşdırmalar aparılır.  Əgər Sevinc Babayevanın hansısa qruplaşma tərəfindən aradan götürülməsi təsdiqini taparsa, o zaman hakimiyyət daxilində savaş daha da alovlana bilər.

İnformasiya şöbəsi