Qənimət Zahid
Əbülfəz Elçibəyin anım günüdür. Minlərlə insan sosial şəbəkələrdə yazır, onu anır, «bəy, bizi bağışlama», «qədrini bilmədik» kimi zəruri qeydlərlə həmin dövrün azadlıqlarını xatırlayanlar da çoxdur.
Əbülfəz bəy də bağışlamır. Mən də olsam bağışlamaram. Siz də olsaz, bağışlamazsız.
Niyə bağışlasın ki ? Söhbət bir nəfərin prezident vəzifəsindən düşürülməsindən getmir ki.
Söhbət bir millətin öz azadlıqlarını dürüst dəyərləndirib onu qoruya bilməməsindən gedir. Millət öz azadlığını dəyərləndirə bilməyəndə onu millət kimi vecinə alan da olmur.
İndi Elçibəyi tənqid edənlər də var, lap sərt tənqid edənlər də var. Bu tənqidləri elə həmin sərt ritorika ilə Elçibəy prezident olanda da etmək mümkün idi.
Elçibəyin nəyi və nə zaman yanlış etdiyi ilə bağlı da o qədər xatirələr sadalanır ki, bitib- tükənməz.
Amma Elçibəy korrupsioner deyildi, rüşvətxor deyildi, millətin malına- puluna tamah salmaq yatsa yuxusuna da girməzdi.
Elçibəy azadlıqlarını dərk edə bilmiş qürurlu və ləyaqətli bir Azərbaycan cəmiyyətinin fanatı idi. Böyük ideyalarla, canlı və davamlı təşəbbüslərlə qaynayıb- coşan bir toplum arzusundaydı və arzuları çin çıxmadı.
Azərbaycanlılar Elçibəyi yox, azadlıqları qorumadılar. Öz azadlıqlarını qorumadılar.
O zaman da indiki kimi min cür siyasi dələduz, kəmfürsət, qara niyyətlərin üzərində qurulan cəlbedici intriqalar vardı və azərbaycanlılar demokratiyanı deyil, demoqogiyanı üstün saydıqlarına görə azadlıqlardan qoparıldılar, zəlil günə düşdülər.
Qaramat görünə bilər, amma bir sualın üzərində düşünün : «əgər bir daha azad, demokratik bir hökumət qurmaq imkanınız olsa, onu qorumaq istəyəcəksinizmi»?
Mən sizin hamınızın əvəzinə «yox» deyirəm.
İndi azadlıqlar üçün mübarizə aparan nə qədər adam var ki ? Ortalıqda tozanaq qaldıraraq toplumun diqqət mərkəzinə düşən fenomenlərin əksəriyyəti ictimai azadlıqlar uğrunda deyil, azadlıq qırıntıları uğrunda polemikaların vurğunlarıdır.
Demokratiya üçün böyük hərəkatda və təşkilatda birləşməkdən qorxan, böyük təşəbbüslərin axınında görünməmək üçün min cürə hiylə uydurub dəlil düzəldən azərbaycanlıların daha bir fürsəti fövtə verməyəcəyinə əminsizmi?
Əbülfəz Elçibəy Allahın vəhy verib göndərdiyi peyğəmbər deyildi ki. İdeoloji- siyasi lider idi və onun liderlik əzmi təmsil etdiyi toplumun gücündə idi. Bu toplum Elçibəyi deyil, öz azadlıqlarını bir diktatorun ayaqları altına atdı.
Bu xalq onu seçdi, üstündən bircə il keçəndən sonra azadlıqlarla neyləmək gərək olduğunu anlamadan onu bir diktatora təhvil verdi.
Qətiyyətlə bildirirəm: 1993- cü ilin iyun ayında Elçibəyi Surət Hüseynov- filan devirmədi: Azərbaycan xalqı öz azadlıqlarını dərk edə bilmədi, bu azadlıqlar üçün zərrə qədər də fədakarlıq etmədi və indiki qaramat era haqq edilmiş lənətdir.
Yox bir, «bəy, bizi bağışlama» ! Bağışlasa neyləyəcəksiz və bağışlamasa neyləyəcəksiz?!
Həm müharibə apar, həm ölkədə maksimum azadlıqları təmin et, həm zərərli siyasi axınları, pozuq ictimai ideologiyaları təmizlə, həm içəridəki silahlı rəqiblərlə savaş, həm bayırdan yağdırılan təxribatların qarşısını al, həm tələbə ol, həm müəllim ol, həm mürid ol, həm mürşid ol, həm «o vaxt dedim ki, a Bəy… » qafiyəsi ilə başlayan nəqarat istehsalçılarının hədəfindən yayın…
Əbülfəz Elçibəyə qarşı bir milyon iradınız ola bilər, amma Azərbaycan tarixinin və azərbaycanlıların siyasi tarixinin bir mühüm rekordunu təzələyib: rüşvət almayıb, korrupsiya etməyib, ölkəyə öz mülkü kimi baxmayıb, tayfasını böyrünə düzüb klan qurmayıb, qərarları evində yox, dövlət orqanlarında, dövlət adamları iə birlikdə çıxarıb, öz xalqını gerçəkdən sevib!
Elçibəyin taleyi özünün taleyi deyil, öz azadlığının ünvanını tapa bilməyən azərbaycanlıların qara bəxtidir.