Cəmil Həsənli Akademiya ilə bağlı həyəcan təbili çalır

Milli Şuranın sədri, professor Cəmil Həsənli

Bir daha Akademiya haqqında

Az qala bir aydır ki, Akademiyanın məhv edilməsi ilə bağlı fərman verilib. Bu müddət ərzində Akademiyanın bir sıra həqiqi və müxbir üzvləri, aparıcı elmlər doktorları ilə söhbətlərim olub. Müəyyən mülahizlərə görə onların adlarını çəkmək istəmirəm. Bu yaxınlarda İsa Həbibbəyli Akadeyanın fatihəsin verdiyinə görə İlham Əliyevə təşəkkür məktubu yazıb. Amma söhbət etdiyim alimlərin demək olar ki, hamısı 28 iyul 2022-ci ildə İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanın yanlış olduğu fikrindədirlər. Belə məlum olur ki, Akademiyanın rəhbəliyinin də, Rəyasət Heyəti üzvlərinin də bu fərmandan xəbəri olmayıb. Onlar da bizim kimi fərmanı mətbuatdan oxuyublar. Məsələ axıra qədər araşdırılmayıb. Mənə elə gəlir ki, İlham Əliyev hansısa qıcıqlandırıcı məlumatın əsasında bu fərmanı imzalayıb. Əslində İlham Əliyev 2015-ci ildə MTN necə dağıdıbsa, Akademiyanı da eyni formada dağıdıb, eyni formada parçalayıb.

Mənim Akademiyalıq bir işim yoxdur. Nə orada işləyəsiyəm, nə də seçkilərdə iştirak edəsiyəm. Amma adamın son 80 ildə qurulmuş bu elmi potensialının bir fərmanla dağıdılmasına ürəyi ağrıyır. Vaxtı ilə rus çarları saqqal qoymağı qadağan etmişdilər. Bu qaydanı pozanların saqqalını qayçı ilə boyar dumasında onlar özləri kəsirdilər, amma saqqalları ilə yanaşı boyarların çənəsini də kəsirdilər. Bu fərman bir az ona oxşayır. Səhv addımdan geri çəkilmək heç vaxt gec deyil. Aparılan müzakirələrdən çıxardığım nəticə odur ki, bu səhv addımdan imtina etmək lazımdır. Əks təqdirdə onsuz da dünya elmindən inanılmaz dəərəcədə geri qalan Azərbaycan fundamental elmlərini böyük faciə gözləyir. Akademiklərin və müxbir üzvlərinin 2/3 hissəsi yeni yaranacaq nazirliyə verilir. Yerdə qalan 1/3-dən Akademiya olmaz filantropik cəmiyyət olar və olacaq da. Və bütün akademiklərin də 2/3-ni təşkil edən bu akademiklər indi haranın akademikləri olacaqlar? Bəlkə onların akademik titulları da alınacaq. Çünki istər-istəməz Elm və Təhsiz Nazirliyinin akademiki olmaq çox gülməli səslənəcək.

Yeni bir şey yaratmadan köhnəni dağıtmaq böyük sarsıntılara səbəb olur. Nə köhnə nazirlik, nə də yaranacaq yeni nazirlik bu işi təşkil etməyə hazır deyillər. Uşaq bağçası ilə, körpələr evi ilə Akademiyanın fundamental elmi tədqiqat institutları eyni nazirlikdə birləşdirilə bilməz. Bu kökündən yanlışdır. Təhsil Nazirliyi Elm və Təhsil Nazirliyi ola bilər. Çünki ölkə elminin və alimlərinin bir hissəsi ali məktəblərdədir. Axı, BDU, Neft Akademiyası, Tibb Universiteti yalnız təhsil müəssisələri deyillər, həm də elmi mərkəzlərdir. Bu ayrı məslə. Amma Akademiyanın xüsusi diqqət tələb edən fundamental institutlarını yeni yaranacaq nazirliyə vermək bu institutları qabağa aparmayacaq, olan-qalan potensial da dağılacaq.

Akademiyada islahat lazımdırmı? Mütləq lazımdır. Bu gün Akademiyada 11200 nəfər işçi saxlamağa ehtiyac yoxdur, bu gün Akademiyada 20-30 nəfər işçisi olan institutlar saxlamağa ehtiyac yoxdur, bu gün Akademiyada eyni adamların 4-5 vəzifə tutmalarına ehtiyac yoxdur. Akademiyada islahatın yol maliyyələşmədən keçməlidir: Maliyyə = Bilik = İqtisadiyyat (sosial) düsturundan keçməlidir. Normal maliyyələşmə olmadığına görə istedadlı gənclər gəlmir elmə, onların yerlərini təsadüfü, elmə heç bir marağı olmayan adamlar tutur.

İnstitut direktorları, Akademiklərin bir hissəsi elmi korrupsiya ilə məşğuldur. Rəhbərlik etdikləri müəssisələrdə yerinə yetrilən bütün işlərə öz adlarını əlavə etdirirlər. Bu tək rüsvayçılıq deyil, akademik əxlaqsızlıqdır. Buna son qoymaq lazımdır. Bir alimin necə 600-700 əsəri ola bilər? Alim adı daşıyıb yazmadığı işlərə adını qoymaq əxlaqsızlıqdır. Akademiyanın elmi hesabatları formala xarakter daşıyır. Eyni elmi işlə doktor, professor, akademik olan xeyli ”alimlər” var, buna son qoyulmalıdır. Yaxşı əgər bir işlə sən elmlər doktoru elmi dərəcəsi alıbsansa, onun mürəkkəbi qurumamış eyni işlə necə akademik və müxbir üzv ola bilərsən? Bunun qabağın almaq lazımdır.

Uzun illər Ramiz Mehdiyevin himayəsi ilə xeyli adam elmə heç bir töhfə verməyən xeyli adam akademik titullar alıb. Rüşvət və Proteksiya yolu ilə bu titulları alanlar var. Yerliçilik zəminində akademik olanlar var. Son 20 il ərzində müxbir üzv mərhələsini keçmədən bir başa akademik olan 8 akademikdən 7-si eyni regionun adamları, qalan bir nəfər də Xoşbəxt Yusifzadədir. Regionçulq zəminində elmdə ciddi bir uğuru olmayan xeyli adam Akademiyanın nəinki üzvü seçilib, hətta bu sistemdə səsvermə paketinə nəzarət mexanizm ələ keçiriblər. Əvvəl də yazmışam strateji baxımdan ölkənin ən vacib elmi müəssisəsi olan Arxeologiya və Etnoqrafiya İnstitutuna tamamilə təsadüfü adamlar rəhbərlik edir.

Oğul elmlər namizədi, elmlər dotoru, professor, akademik olandan sonra atası elmlər namizədi dissertasiyası müdafiə edir. Ali məktəbi bitirəndən 24 il sonra namizədlik dissertasiyası müdafiə edən adamlar rektor qoyulur. İndi Akademiyanın institutların belə adamların idarəçiliyinə verəcəksiniz? Elmi idarə və müəssisələrə nüfuzlu alimlər rəhbərlik etməlidir. İslahat dünya elminə inteqrasiyadan keçməlidir. Kompyuter texnologiyaları elmin mətbəxinə daxil olmalıdır. Akademiyada alimlərin böyük bir hissəsi bu texnologiyalardan istifadə edə bilmir, olan kompyuterlər də köhnə nəsildir, proqramlaşdırma üçün yararlı deyil.

Akademik azadlıqlar olmasa, elmi idarələrə elmdən uzaq adamlar rəhbərlik edəndə alimin məmurlaşması qaçılmazdır. Hər halda ümidli deyiləm İlham Əliyev özünün yanlış fərmanından geri çəkilsin. Hər halda mən bu yazını tarix üçün yazdım ki, gələcəkdə Azərbaycan elminin məhvinin səbəbini axtaranda onu tapa bilsinlər. Amma bütün hallarda zərərin yarısından qayıtmaq həmişə xeyirdir.