Eynulla Fətullayev həyatına təhlükə olduğunu deyir

Məhbus baş redaktor ədliyyə nazirinə müraciət edib

 

Həbsxanada olan  vicdan məhbusu, jurnalist Eynulla Fətullayev ədliyyə naziri cənab Fikrət Məmmədova məktubla müraciət edib. Müraciətin surəti  ədliyyə nazirinin müavini, pentensiar xidmətin rəisi Nazim Ələkbərova və Bakı Istintaq Təcridxanasının rəisi Elxan Sadıxova ünvanlanıb. Müraciətdə deyilir:
Hörmətli Fikrət müəllim!
Sizi Azərbaycan hökumətində çox az sayda  ziyalı və təvazökar şəxslərdən biri kimi qəbul edərək, şəxsən Sizə müraciət etmək fikrinə düşdüm. Avropa Məhkəməsinin iki qərarına, Avropa Şurasının Nazirlər Komitəsinin yekun rəyinə, dünya liderlərinin çağırışlarına, beynəlxalq birliyin və ölkə ictimaiyyətinin təkidli tələblərinə rəğmən, Azərbaycan hakimiyyətində yer tutmuş bəzi kriminal dairələr öz cılız qruplaşma maraqlarından çıxış edib, 2009-cu ilin dekabrında mənə qarşı çox çirkin və əxlaqsız təxribat təşkil edərək, 12 saylı cəzaçəkmə müəssisəsinin ərazisində geyim əşyalarıma narkotik maddə yerləşdirib, növbəti dəfə mənim məhkum olunmağıma nail olub, azadlığa buraxılmağımın qarşısını aldılar. Bu çirkin olay Ədliyyə Nazirliyinin tabeçiliyində olan müəssisədə törədilsə də, fəqət Ədliyyə Nazirliyinin bu cinayətin modelləşdirən və həyata keçirənlər sırasında olmadığına əminəm. Ciddi prosessual pozuntularla və qanunsuzluqlarla müşayiət olunan məhkəmə prosesinin nəticəsində mən yenidən 2 il 6 ay azadlıqdan məhrum edilmişəm. Heç bir əsas olmadan, Avropa Məhkəməsinin və Ali Məhkəmənin Plenumunun bəraətverici qərarlarını nəzərə almadan, yalnız vergilərdən yayınma kimi (buna görə mən 3 aylıq azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdim) yüngül cinayətə və diffamasiyaya istinad edən məhkəmə saxta narkotiklərdən istifadə ittihamı kimi heç bir ictimai təhlükəliliyi olmayan məhkumluğumu qabardıb, mənə verilmiş son cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməyi təyin edib. Beləliklə, mən xüsusilə ağır, amansız və dəfələrlə cinayətlər törətmiş residivistlərlə, ağır və mütəşəkkil cinayətkarlıq ideyalarının təbliğatçıları ilə bir müəssisədə, bir barakda, bir dam altında saxlanmalıyam. Nəzərinizə çatdırıram ki, mən təhqiqatçı jurnalistika ilə məşğul olan şəxs kimi 11 illik fəaliyyətim dövründə bu cür şəxslərin əksəriyyətinin fəaliyyətini ifşa etmişəm, cinayətkar fəaliyyətlərini qələmə alaraq məhkəmə reportajları vasitəsilə Azərbaycan ictimaiyyətinə və oxuculara çatdırmışam. Onu da nəzərə alsaq ki, bu cinayətkarların bir hissəsi hüquq-mühafizə orqanlarında pənah tapmış mafioz dəstənin agentura şəbəkəsini təşkil edir, bu halda məndən qisas üçün tam münbit şərait yaranacaq.
1, 7, 11, 15 və 17 saylı cəzaçəkmə müəssisələrində mənə böyük təhlükə var. Odur ki, mən heç bir halda, heç bir təminatla həmin cəzaçəkmə müəssisələrinin ərazisinə daxil olmayacağam. Aydındır ki,  mənə xəsarət də yetirə bilərlər, hətta qətlə də yetirə bilərlər. 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi Aftandil  Ağayev son narkotik işimlə bağlı Qaradağ Rayon Məhkəməsində şahid qismində iştirak edərək, öz ifadələrində göstərmişdi: “Eynulla Fətullayev bizim cəzaçəkmə müəssisəsində cəza çəkərkən mən çox narahat idim. Yatan yerdə onun əşyalarına nəinki narkotik ata bilərdilər, hətta onu boğub öldürə bilərdilər.” (Cinayət işinin materialları, cild 1, səh. 121). Göründüyü kimi hətta ümumi rejimli cəzaçəkmə müəssisəsində belə, mənə böyük təhlükə mövcud olmuş, başımın üzərindən Damokl qılıncı asılmış və yalnız təsadüflər nəticəsində mən təhlükələrdən qurtula bilmişdim.
Belə olan təqdirdə, cəzaçəkmə müəssisəsinə çıxmaqdan imtina etdiyim üçün ya karserdə, ya da kamera tipli otaqda, təcrid vəziyyətində saxlanmalıyam. Son illərdə ədliyyə sistemində bir çox müsbət dəyişikliklər baş versə də, Bakı Istintaq Təcridxanasındakı layihədə öz əksini tapmış Avropa pentensiar qaydaları tətbiq edilsə də, lakin saxlanma yerlərində, xüsusilə karserlərdə və OTK-lərdə vəziyyət heç də ürəkaçan deyildir. 12 saylı cəzaçəkmə müəssisəsinin karserlərində uzun müddət saxlanılan məhkum kimi deyə bilərəm ki, bu, orta əsr  həbsxana modelidir. Və hətta sağlam insan bu tipli kameralarda bir neçə gün saxlandıqdan sonra, onun səhhətində mütləq fəsadlar baş verəcəkdir.
Sual oluna bilər, niyə indiyədək bu haqda mətbuata və ictimaiyyətə geniş açıqlama verməmişəm? Yəqin ki, bu illər ərzində qürurlu insan olduğumu sübut edə bilmişəm. Istəmirəm kiminsə mənə yazığı gəlsin və yaxud şikayətimi kimsə həbsxana çətinliklərindən sızıldama kimi qəbul edə bilər. Bu, məni alçaltmış olardı. Bu haqda heç kimə şikayət etmək istəmirəm.
Əlbəttə, mən öz ideallarıma görə ölümə də hazır insan kimi bu cəzaçəkmə müəssisələrinə çıxıb, alnıaçıq və qürurla ölümü qəbul edə bilərəm. Bu haqda çox düşünmüşəm, lakin bu ölüm təhlükəsi haqda hər kəsi xəbərdar etməliyəm.
Eyni zamanda çox ümidvaram ki, Siz keçmiş fəaliyyətimlə bağlı ciddi rejimli cəzaçəkmə müəssisələrində, residivistlərin mühitində gözlənilən təhlükədən məni sığortalayıb, Azərbaycan Respublikasının Cəzaların Icrası Məcəlləsinin 72.3, 12.3-cü maddələrini rəhbər tutaraq, məni məhkəmə və hüquq-mühafizə orqanlarının sabiq işçilərinin saxlandığı 9 saylı cəzaçəkmə müəssisəsinə göndərilməyim barədə müvafiq göstəriş verəcəksiniz.
Əvvəlcədən öz təşəkkürümü bildirirəm. Xahişimə mənfi cavab veriləcəyi təqdirdə cəzaçəkmə müəssisəsinin karserində müddətsiz aclıq aksiyasına başlamaqdan savayı çarəm qalmayacaq. Lakin mən Sizin ədalət hissinizə ümid edirəm.