AXCP sədri Əli Kərimli Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə xalqı təbrik edib. Təbrikdə deyilir:
Əziz xalqım!
Biz bu gün, Azərbaycanda önəmli hadisələrin baş verdiyi bir məqamda iki əlamətdar tarixi qeyd edirik. Birincisi, 1989-cu ildə xalqımızın milli azadlıq hərəkatı tarixinə unudulmaz gün olaraq düşən Dünya Azərbaycanlılarının Həmrəylik günüdür. Həmin gün uzun illər Araz çayı boyunca xalqımızı iki yerə parçalayan sərhəd dirəklərinin sökülməsi ilə böyük bir tarixin başlanğıcı oldu. İkincisi, qarşılamağa hazırlaşdığımız Yeni ildir ki, düşünürəm, bu da tarixi sınaqlar baxımından xalqımız üçün çox mühüm bir il olacaq. Bu gün hər iki bayram münasibəti ilə sizi təbrik edir, ailələrinizə sevinc və səadət, ölkəmizə əmin-amanlıq, bolluq, birlik-bərabərlik arzulayıram.
Təsadüfi deyil ki, 23 il bundan əvvəl xalqımızın birlik arzularından doğan o tarixi gün Azərbaycanın milli mübarizəsinin gedişində önəmli rol oynadı. Həmin il Azərbaycan xalqı “dünyanın ən mübariz xalqı” elan olundu. O tarix sonradan milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin prezidentliyi dövründə haqlı olaraq milli bayram elan olundu. Bu gün tale yüklü tarixi proseslər ərəfəsində olan xalqımızın həmrəyliyə, birliyə daha çox ehtiyacı var. Bu gün vətənimiz Azərbaycanın çağdaş dünyanın bir parçası olması, yeniləşməsi və dəyişməsi yolunda əlindən gələn bütün səyləri göstərmək hər bir azərbaycanlının borcudur. Böyük bir vətən sevdalısı olan Məmmədəmin Rəsulzadə zorən qürbət ölkələrdə yaşadığı illərdə belə “vətəni istila altında inləyən hər bir mühacir münəvvərin hər hansı mütəxəssis olmaqdan başqa, bir borcu da vardır ki, bu da Vətən borcudur!” deyirdi.
Əziz xalqım!
Bu gözəl ölkənin inkişafı, tərəqqisi və çiçəklənməsi hər birimizin arzusudur. Bu gözəl ölkədə azad cəmiyyətin qurulması, demokratik, qanuna əsaslanan bir sistemin bərqərar olması hamımızın böyük istəyimizdir. Gəlin, əl-ələ verək, doğma vətənimizin köhnəlikdən, gerilikdən, süstlükdən xilas olması naminə birlikdə çalışaq. Qoy qarşıdan gələn Yeni il xalqımızın tarixinə yeni və unudulmaz uğurlar yazılan il olsun! Bayramlarınız mübarək!