“Milyarderlər ittifaqı” dağılmayacaq

İbrahimbəyov: “İttifaq bundan sonra da fəaliyyət göstərəcək, Abbas Abbasov isə sədr kimi qalacaq”

“Hakimiyyət cavab verməlidir ki, görək Sevinc Babayeva xaricə necə gedib, necə oldu, dünyasını dəyişdi?”

Azərbaycan Ziyalılar Forumunun yaradıcılarından olan yazıçı, Rusiya Azərbaycan Təşkilatları İttifaqının Koordinasiya Şurasının üzvü Rüstəm İbrahimbəyov dekabrın 30-da “Media forum” saytının suallarını cavablandırıb.
– İki gün əvvəl baş nazirin sabiq birinci müavini, Rusiya Azərbaycan Təşkilatları İttifaqının Koordinasiya Şurasının sədri Abbas Abbasovla görüşdüm. Abbas Abbasov bir neçə gün əvvəl Bakıda prezident İlham Əliyevlə görüşüb. Görüşdən razıdır. Mən də hesab edirəm ki, çox dəyərli və faydalı görüş olub. Çünki bundan əvvəl prezident Abbas Abbasovu qəbul etmək istəmirdi. Ona görə də sonuncu addım yaxşı hadisədir.

– Abbas Abbasovun prezident İlham Əliyevlə görüşündə hansı məsələlər müzakirə olunub?
– Bir neçə məsələ, o cümlədən yeni yaradılan Rusiya Azərbaycan Təşkilatları İttifaqının fəaliyyəti müzakirə olunub. Azərbaycanda bu təşkilata “Milyarderlər ittifaqı” deyirlər. Amma təşkilatın təsisçiləri arasında kasıb adamlar da var. Mən də onlardan biriyəm. İttifaq bundan sonra da fəaliyyət göstərəcək. Abbas Abbasov isə sədr kimi qalacaq. Məsələ ondadır ki, Abbas Abbasov Rusiya Azərbaycan Təşkilatları İttifaqının təsisçisi deyil. Təsisçilər yeddi-səkkiz qurum və şəxsdir. Biz onu sədr seçmişik. Abbas Abbasovun təşkilatın fəaliyyətinə xitam verməyə səlahiyyəti yoxdur. Hər şey təsisçilərdən asılıdır. Bunu prezidentə də deyib. Abbas Abbasovun mənə dediklərindən belə başa düşdüm ki, dövlət başçısı bunları qəbul edib və hər hansı etiraz bildirməyib.
Burada bir məsələ də var. Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti – “AzərRos”un prezidenti Söyün Sadıqov siyasi fəaliyyətlə məşğul olacaq. O, Rusiyada yeni siyasi partiya yaradır. Amma Rusiya Konstitusiyası “AzərRos” tipli təşkilatların rəhbəri olan şəxslərə siyasi fəaliyyətlə məşğul olmağı qadağan edir. İndiki halda Söyün Sadıqov siyasi fəaliyyət göstərə bilməz. Ona görə də “AzərRos”un prezidenti vəzifəsindən getməlidir. Məsələni müzakirə etmişik və hamımız belə qərara gəlmişik ki, “AzərRos”un prezidenti vəzifəsinə Abbas Abbasovdan yaxşı namizəd yoxdur. Yanvar ayında “AzərRos”un prezidenti vəzifəsində Abbas Abbasov gələcək. Bunu belə planlaşdırmışıq. Amma bu, Rusiya Azərbaycan Təşkilatları İttifaqının ləğv olunacağı, fəaliyyət göstərməyəcəyi anlamına gəlmir. Hər şey əvvəlki qaydasında gedəcək.
Bütün bunlara baxmayaraq Bakıda bəzi rəsmilər hələ də Rusiya Azərbaycan Təşkilatları İttifaqının əleyhinə bəyanatlar verirlər. Mənə zəng edib dedilər ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov yenə də bizim təşkilata hücum edib. Bu, böyük səhvdir. Çünki bu təşkilatın Azərbaycanın daxili siyasəti ilə heç bir bağlılığı, fəaliyyəti yoxdur. Biz Rusiya Azərbaycan Təşkilatları İttifaqını bir məqsədlə yaratmışıq – bu da Rusiyada yaşayan azərbaycanlılara kömək etməkdir. Məqsədimizə sadiqik. İndi azərbaycanlıların köməyə daha çox ehtiyacı var. Çünki Rusiyada yeni qanunlar qəbul olunub. İndi soydaşlarımıza kömək etmək lazımdır, problem böyükdür.
Bütövlükdə müxtəlif anlaşılmazlıqlar vardı və prezidentlə görüşdən sonra bunlar aradan götürüldü. Amma ittifaq Rusiyanın ictimai təşkilatıdır. Ona görə də Azərbaycan prezidenti hər hansı məsləhət, tövsiyə verə bilər, amma ittifaqın fəaliyyəti Rusiyanın daxili işidir. İttifaqın işinə belə açıq formada, kobud müdaxilə etmək, bunu yaymaq olmaz. Çünki bu, Rusiyadakı işimizə ziyan vura bilər.

– Ümumrusiya Azərbaycanlıları Konqresinin gələcəyini necə görürsünüz? Rusiya Azərbaycan Təşkilatları İttifaqında təmsil olunanların yenidən bu təşkilata qayıtması mümkündürmü?
– Biz Ümumrusiya Azərbaycanlıları Konqresini çoxdan yaratmışıq. Konqres çox gözəl işləyirdi. Amma təxminən iki il əvvəl Azərbaycandan Moskvaya bir neçə nəfər getdi və konqresin fəaliyyətini pozdular. Orada kimisə işdən çıxardılar, kimisə işə gətirdilər. Artıq iki ildir ki, Ümumrusiya Azərbaycanlıları Konqresi qeydiyyatdan keçə bilmir. Ona görə də biz yeni ittifaqı yaratdıq. Əgər konqres qeydiyyatdan keçə, lazımi islahatlar keçirilsə və fəaliyyətini bərpa etsə, biz məmnuniyyətlə Ümumrusiya Azərbaycanlıları Konqresinin işində iştirak edərik. Amma birincisi, hələlik konqres qeydiyyatdan keçməyib. İkincisi, konqresin “AzərRos”la münasibətləri çox pisdir. Abbas Abbasovun mənə dediklərindən aydın oldu ki, prezident bu iki təşkilatl arasında münasibətlərin düzəlməsinin, bu təşkilatların birgə fəaliyyət göstərməsinin vacib olduğunu söyləyib. Dövlət başçısı iki təşkilatın münasibətlərini normallaşdırmağı Abbas Abbasova tapşırıb.

– Yəni prezident İlham Əliyev Rusiya Azərbaycan Təşkilatları İttifaqının fəaliyyət göstərməsinə razıdır? Əgər Abbas Abbasov “AzərRos”un prezidenti olsa, ittifaqa yeni sədr seçiləcək?
– Xeyr, Abbas Abbasov ittifaqın sədri postunda da qalacaq. Onun özünün dediyindən də aydın oldu ki, prezident buna razılıq verib.

– Rüstəm müəllim, fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev müxtəlif videolar yayır. Bu videolardan görünür ki, ondan oğurlanmış qardaşı Mahir Abdullayevin qaytarılması, özünün deputat seçilməsi üçün ondan külli miqdarda pul alıblar. Videolarda çox yüksək vəzifəli məmurların adı çəkilir. Bir neçə gün əvvəl isə qalmaqalların fiqurlarından olan Sevinc Babayeva Türkiyədə dünyasını dəyişib. Bunları necə qiymətləndirirsiniz? Sizcə, cəmiyyət buna necə reaksiya verməlidir?
– Çox mühüm məsələdir. Videolarda çox vacib, konkret informasiyalar var. Cəmiyyət Elşad Abdullayevin sözlərinə maraq göstərməli, hər şeyin tez bir zamanda dəqiq araşdırılmasını, nəticələr barədə xalqa aydın cavablar verilməsini tələb etməlidir.
Hakimiyyət cavab verməlidir ki, görək Sevinc Babayeva üzərində cinayət işi ola-ola xarici ölkəyə necə gedib? Necə oldu ki, dünyasını dəyişdi? Bunların hamısı çox şübhəli məsələlərdir.