Dirək sevgisi

İlham Hüseyn

Nə qədər fikrimi dağıtmağa çalışsam da, bayraq israfçılığı, dirək yeyintisi məni rahat buraxmır. Bu dirəyə xərclənən vəsaitlə
3000 şəhid ailəsinə 35000 manatdan birdəfəlik ödəmə etmək olardı. Ağır xəstəliklə mübarizə aparan minlərlə körpəyə sağlam həyat vermək olardı. Bütün qazilərin problemini kökündən həll etmək olardı. Minlərlə aztəminatlı ailəyə yardım göstərmək olardı. Minlərlə tələbənin təhsil haqqını ödəmək olardı.
Nəticədə yüzminlərlə insan dövlətin qayğısını hiss edərdi, dövlətinə güvənərdi, dövlət sevgisiylə əhatələnmiş olardı. Qarnı ac, səhhətində problem olan, kredit bataqlığında çırpınan, bir qarın çörək üçün çöllərə düşən, iş tapa bilməyən adamlar başını yuxarı qaldırıb, 191 metrlik bayrağa baxa bilməz. Bu adamlar başlarını aşağı dikib, problemlərdən çıxış yolları axtarırlar. Sanki vətəndaşa acıq verirlər. Mərkəzi Banka 400 milyon manata dəbdəbəli bina, 100 milyon manata bayraq dirəyi və qaziyə 80 manat təqaüd….
İndi AzTv-lər bizə muştuluq verəcək ki, dünyada ən böyük bayraq dirəyi bizdədi. Bu ölkədə bütün çirkli işlərə bayrağın şahidliyi var. Korrupsiya əməliyyatlarının həyata keçirildiyi kabinetlərdə, sifarişli hökm oxunan məhkəmə zallarında, vətəndaşa işgəncə verilən dövlət idarələrində, səsimizin oğurlandığı seçki məntəqələrində, yalanın alqışlandığı konfrans zallarında bayraq var. Aşağıda bütün pisliklərə şahidlik edən bayrağı, indi 191 metr yuxarıya qaldırıblar. Bu ölkədə dirək bayraqdan dəyərli olub. Çünki o dirəkdə yeyinti həzzi var, o dirəkdə saxta uğur təbliğatı var, o dirəkdə imitasiya var. Biz bayrağı sevirik, hökumət dirəyi. Biz vətəni sevirik, hökumət nefti. Biz dövləti sevirik, hökumət dövlət büdcəsini.
Biz dirəksiz də bayrağa sarıla bilərik, hökumətə dirəksiz bayraq cazibadar görünmür. Dövlətin dirəyi xalqdır. Xalq ayaqda olanda, dövlətinə sahib çıxanda, bayraq zatən ən hündürə qalxmış olur.