Krım uğrunda yeni müharibə

AXCP sədri Əli Kərimli

Yeni Krım müharibəsi labüd görünür. Çox güman ki, 9 avqust Yeni Krım müharibəsinin başlandığı gün kimi tarixə düşəcək. Peyk görüntüləri yayıldıqdan sonra mübahisələr də bitdi. İndi artıq şübhə yoxdur ki, Krımın Saki rayonundakı aviabazanı Ukrayna silahlı qüvvələri vurub.
Aviabazada Rusiyanın azı 9 döyüş təyyarəsi sıradan çıxarılıb. Ancaq Ukrayna silahlı qüvvələrinin bu əməliyyatının siyasi nəticələri hərbi nəticələrdən qat – qat artıqdır.

Dünya tanımasa da Rusiya Krımı öz ərazisi hesab edir. İndiyə qədər Ukraynanı, bütövlükdə dünyanı da şantaj edirdilər ki, Rusiyanın öz ərazisinə, o cümlədən Krıma hücum olacağı təqdirdə Rusiya nüvə silahından belə istifadə edəcək. Ukrayna ordusu 9 avqust əməliyyatını keçirməklə Rusiyanın hətta nüvə şantajından da qorxmadığını göstərdi. Ukrayna prezidenti Zelenski isə Krımdakı aviabazanın vurulduğu gün “müharibə Krımın işğalı ilə başlayıb, Krımın azad edilməsilə başa çatacaq” deməklə daha bir Krım müharibəsinin də olacağını rəsmən bəyan etmiş oldu.

Krımdakı Rusiya aviabazasının vurulması həm də ABŞ başda olmaqla Ukraynanın müttəfiqlərinin də siyasi iradəsini nümayiş etdirdi. 300 kilometrə qədər olan hədəfləri vura bilən dəqiq silahları Ukraynaya verməklə Qərb də artıq Rusiyanın nüvə şantajından qorxmadığını və Rusiyanın özünü hərbsizləşdirməkdə qərarlı olduğunu nümayiş etdirdi.

Rusiya – Ukrayna savaşının mərkəzi artıq Cənub cəbhəsinə keçir. Rusiyanın Krımdakı hərbi obyektləri bundan sonra da vurulacaq. Bu yayın əsas həlledici döyüşləri Xerson uğrunda olacaq. Zaman isə aşağı sürətlə olsa da Ukraynanın lehinə, Rusiya avtoritarizminin əleyhinə işləməkdə davam edir.