Ukrayna günəbaxanı sosial şəbəkələrdəki elanlar vasitəsilə Rusiyaya necə aparılır?

BBC Rusiyanın işğalı altında olan Ukrayna ərazisindən sistematik şəkildə taxıl daşınmasına, eləcə də yerli fermerlərə məxsus günəbaxan toxumlarının müsadirə edilməsinə dair əsaslı sübutlar toplayıb.

Təsərrüfatını itirmiş fermerlərlə söhbət etdik. Cənubi və şərqi Ukraynada işğal olunmuş ərazilərdən günəbaxan toxumlarının necə daşındığını göstərən şəxsi  və ümumi sosial şəbəkə mesajlarını izlədik.

Ukrayna 5,1 milyon ton, Rusiya 3,1 milyon ton olmaqla, 2021-ci ildə dünya üzrə günəbaxan yağını ən çox bu iki ölkə ixrac edib.

İndi məlum olur ki, Rusiya günəbaxan yağının bir hissəsini Ukrayna toxumlarından əldə edir.

Günəbaxan Ukrayna kənd təsərrüfatının simvollarından biridir.

Ukraynanın Rusiya tərəfindən işğal edilmiş şəhərlərindən biri olan Melitopoldakı Rusiya rəsmiləri iyulun ortalarında yerli fermerlərlə görüşüb. Görüş lentə alınıb.

Bir Kreml tərəfdarının yerli “Telegram” kanalında yayımladığı həmin videoda Ukraynanın iki əsas simvolu – buğda sünbülü və günəbaxan buketi görünür; “Melitopol vilayətinin [Rusiya tərəfindən yaradılmış] hərbi-mülki administrasiyasının rəhbəri” olduğunu bildirən  Andrey Sihuta taxılın və günəbaxan toxumlarının qiymətlərini müəyyənləşdirəcək Dövlət Taxıl Şirkətinin yaradıldığını elan edir.

Bu qurum nə Ukraynada, nə də Rusiyada qeydiyyatdan keçib.

Ukraynanın günəbaxan toxumlarının izi ilə

Təxminən 500 nəfərdən ibarət qapalı “Whatsapp” qrupunda istifadəçilər Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərindən məhsul sifariş edirlər.

Həmin yazışmaların fotoları BBC-yə təqdim edilib.

“Toxumlar. Çerniyevkadan, Zaporojye vilayətindən Rostova (Rusiyaya). Böyük miqdarda” – iyulun 18-də qrup üzvlərindən biri belə yazıb.

Həmin gün bir başqası yazıb ki, müstəqilliyini elan etmiş “Luqansk Xalq Respublikası”nın ərazisindən Rusiyaya günəbaxan toxumu daşıya biləcək adam axtarır:

“Maşınları müşaiyət edəcəyik. Döyüşlər yoxdur, sakitlikdir. Sadəcə Rusiyanın nəzarət məntəqələri var. Onlardan sürətlə keçəcəksiz”.

BBC onlayn yazışmadakı onlarla telefon nömrəsini araşdırıb və onların əsasən yük maşını sürücülərinə və ya yük daşımalarıyla məşğul olan kiçik müəssisələrə məxsus olduğunu müəyyən edib.

Rusiyalılar və ya onların partnyorları da qapalı olmayan “Telegram” yazışmalarında taxıl daşımağa adam axtarırlar.

Özünü yük maşınının sahibi kimi təqdim edən BBC müxbiri bəzi şəxslərlə danışıb.

Ukraynanın cənub-şərqindən məhsul daşımaq üçün adam axtaran rusiyalı yükgöndərən Yelena “toxumların oğurluq olmadığını” deyib:

“Onlar [Rusiyanın təyin etdiyi] hərbi-mülki administrasiyanın nəzarəti altındadır. Göndərilmə şəffafdır. Toxumlar qanuni yolla alınır”.

Ukraynanın cənubunda Rusiya tərəfindən yaradılmış qurumlar Ukrayna dövlət şirkətlərinin məhsullarını müsadirə ediblər, başqa sözlə, “milliləşdiriblər”. Həmin məhsullar arasında “müharibə dövründə istifadə üçün saxlanılan strateji taxıl ehtiyatları” da var. 

BBC-nin tapdığı daha bir satıcı – özünü rusiyalı iş adamı kimi təqdim edən  Viktor ölkənin şərqindəki Xarkov vilayətinin işğal altında olan bölgələrindən də daşımalar olacağını deyib:

“Yükləmə məntəqəsi – Ukrayna, Xarkov vilayəti, Kupyansk. Boşaltma – Voronej vilayəti [Rusiya] . Təcili! Sabah yüklənəcək”.

O da bizi inandırmağa çalışır ki, toxumlar “rəsmi qaydada” göndərilir. Viktor BBC-nin  özünü yük maşınının sahibi kimi təqdim edən jurnalistinə hansı sənədlərdən söhbət getdiyini açıqlamadan “Bütün sənədlər sizdə olacaq” deyib.

Ruslar Ukrayna toxumlarını necə alırlar?

Ukrayna fermerləri deyirlər ki, məhsulu əllərindən almasalar belə, onu bazar qiymətindən xeyli aşağı satmağa məcburdurlar.

Cənubi Ukraynanın işğal edilmiş ərazisindən olan, amma artıq başqa yerdə yaşayan bir fermer  işçilərinin hələ orada olduğunu və buna görə də adının çəkilməsini istəmədiyini bildirir. Deyir ki, rusiyalı əsgərlər mayın axırlarında onların anbarındakı bütün məhsulları ələ keçiriblər:

“Bizim anbarda 1200 ton günəbaxan tumu, 860 ton buğda vardı, onlar [rusiyalılar] hamısını qarət etdilər”.

“Əvvəlcə nəzakətli olmağa çalışdılar. Dedilər ki, bizlik deyil, komandirimiz əmr edib.  Amma komandirlərinin harda olduğu bəlli deyildi. Sadəcə yaxşı adamlar kimi davrandılar. Bütün məhsulu yükləyib apardılar. Pul vermədilər. Mühafizəçilər nə edə bilərdilər ki?”

Fermerin hesablamalarına görə, məhsulun ümumi dəyəri 820 min dollar olub (müharibədən əvvəlki məzənnə ilə). O, toplam 1,8 milyon dollarlıq texnikasını da itirdiyini deyib.

Fermerin hesablamalarına görə, məhsulun ümumi dəyəri 820 min dollar olub (müharibədən əvvəlki məzənnə ilə). O, toplam 1,8 milyon dollarlıq texnikasını da itirdiyini deyib.

Ukraynanın cənubundakı Zaporojye vilayətində yaşayan, yerli fermerlər dərnəyinin rəhbəri Valeriya Matviyenko deyir ki, işğalçı tərəflə əməkdaşlıqdan imtina edən fermerlərin toxumları və digər məhsulları əllərindən alınır.

Matviyenko həmçinin qeyd edir ki, işğal altındakı ərazilərdə kənd təsərrüfatı məhsulu satmaq istəyən fermer Rusiyanın yaratdığı “hərbi-mülki idarə”də qeydiyyatdan keçmək məcburiyyətindədir:

“Fermerlərin çoxu qeydiyyatdan keçmək istəmirdi, ona görə də toxumlarını anbarlarda saxlayırdılar. Kimin şirkəti böyük idi, onun məhsullarını müsadirə etdilər, [rusiyalılar] anbarlara girdilər, hər şeyi yüklədilər və götürüb apardılar. Sonra şirkətlərə sadəcə “Sizin iş yeriniz Rusiya Federasiyası tərəfindən milliləşdirildi” yazılmış məktub göndərdilər”.

Kiçik və orta təsərrüfatların sahibləri isə günəbaxan toxumunu ucuz qiymətə satmağa məcbur ediliblər. Rusiyalılar 1 ton üçün 150 dollar təklif edirlər. Halbuki müharibədən əvvəl bu qədər toxumun qiyməti 600-700 dollar olub.

Yerli fermerlər dərnəyinin rəhbəri Oleksandr Hordienko deyir ki, işğal altındakı Xerson vilayətində də vəziyyət eynidir:

“Fermerlər [toxumlarını] dizel, benzin və ya xammal almaq üçün, yəni pula ehtiyac duyduqları üçün satırlar. Amma onlar [rusiyalılar] bu qiymətə almağa davam etdikləri üçün yeni əkin mövsümünə başlamağın mənası yoxdur”.

Ukraynanın günəbaxan toxumu rusların nəyinə lazımdır?

Günəbaxan toxumlarından əsasən yağ əldə etmək üçün istifadə olunur. BBC-nin analiz etdiyi bütün reklamlar göstərir ki, Ukrayna toxumları Rusiyadakı yağ istehsalı müəssisələrinə göndərilir.

İşğal olunmuş Xarkov vilayətindən taxıl daşımaq üçün maşın axtaran Viktor deyir ki, “Biz birbaşa zavodlara gedirik, məhsulu anbarlara boşaltmırıq”.

Elanların birində yazılmışdı ki, məhsul Rusiyanın cənub-qərbindəki Voronej vilayətinin Verxnyaya Xava kəndinə aparılacaq. Bu kənddə Rusiyanın “Blaqo” şirkətinin yağ zavodu yerləşir.

Reklamlarda qeyd olunan digər ünvan Rusiyanın Rostov vilayətindəki Giqant kəndidir. Bu kənddə isə Rusiyanın “Resurs” şirkətinə məxsus yağ zavodu var.

Üçüncü elanda Rostov şəhəri, Luqovaya küçəsi-9 ünvanı göstərilib. Bu, ölkənin ən böyük aqrobiznes şirkətlərindən birinin ünvanıdır.

BBC şərh üçün bu şirkətlərlə əlaqə saxlasa da, heç bir cavab almayıb.

Belə bir rəy var ki, Rusiya hazır günəbaxan yağlarını da oğurlayır.

Valeriya Matviyenkonun sözlərinə görə, işğal altında olan Melitopoldakı istehsal müəssisəsindən günəbaxan yağı istehsal etmək üçün istifadə edilir. Sonra bu yağ Krım vasitəsilə Rusiyaya göndərilir.

Hələ də Melitopolda yaşayan başqa bir qadın obyektə maşınlar girib-çıxdığını görüb.

Həmin şəhərdə yağ istehsal edən obyektin sahibi Serhii Zhelevdən ordakı vəziyyəti soruşduq. O, obyektin işləmədiyini dedi. Müəssisənin Rusiya qüvvələri tərəfindən ələ keçirildiyi və hazırda onlar tərəfindən idarə edildiyinə dair şahidlərin olduğunu dedikdə Zhelev telefonu üzümüzə başladı.

Bbc