İşğalçı Rusiya ordusunun Bakı səfəri

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı

Beləliklə, Xəzər dənizindən Ukraynanı atəşfəşan edən, hədəfi hansısa formada keçmiş SSRİ-ni bərpa etmək olan “Z” simvollu rus hərbi gəmiləri Bakı limanına daxil oldu.
Rusiya MN-nin rəsmi mövqeyinə görə “Z” simvolu xüsusi məna yükü daşımır. Ola bilsin. Amma fevralın 24-də rus işğalçı ordusu SSRİ bayrağı altında “Z” simvolikası ilə Ukraynaya soxulmuşdu və bundan sonra bu simvol “psevdoderjava” xəstəliyinə mübtəla olmuş, hələ də SSRİ xülyaları ilə yaşayan rus xalqının milli simvoluna çevrildi. Ukraynanı millətsizləşdirmək, hərbsizləşdirmək şüarları ilə Ukraynaya soxulan ordunun son hədəfinin SSRİ-nin bərpası olması sonradan Lavrov, Medvedyev, Şoyqu kimi Rusiya siyasi ruporlarının dili ilə elan edildi. Bu proses 30 dekabr 2022-ci il, ölmüş SSRİ-nin yaradılmasının 100 illik yubileyinə yekunlaşmalı idi, amma elə ilk həmlədə Ukrayna qayasına çırpılıb çilik-çilik oldu.
“Z” simvolikası SSRİ-ni bərpa etmək üçün səfərbər edilmiş rus ordusunun simvoludur və bu simvolikalı hərbi gəmilərin parad duruşu ilə qəbul edilməsi həmin simvolikanın daşıdığı niyyətin tərkib hissəsi olmaq deməkdir.
Bəs İlham Əliyev necə, o da “Z”-çidirmi? Aşılanan görüntü onun hakimiyyətini uzatmaq çabalarıdır. Amma son illərki bütün fəaliyyəti hakimiyyətini uzatmaq istəyən birisinin edəcəyinin tam əksidir. Xüsusən onun özünə “Qarabağ fatehi” obrazı yaratmaq arzusunun fiaskosu sanki onu əməlli-başlı sındırıb. O arzuya düşməyin özü traqikomik bir səhv idi, axı fateh obrazını yaratmaq üçün o obraza xarakterik cizgilərin heç olmasa birinə malik olmalısan.
Əliyev siyasətdə nə qədər təsadüfi birisi olsa da anlayır ki, əbədi hakimiyyət yoxdur. Hakimiyyəti itirmək isə özündə törətdiklərinə görə cavab verməyi ehtiva edir. Və SSRİ tipli yeni bir dövlət bütün bu başağrılarının analginidir.
Nə Putin, nə də Əliyev üçün SSRİ-nin bərpası heç bir ideoloji yük daşımır. Bu o qədər cılız, merkantil maraqların reallaşdırılmasıdır ki, dövlətçilik, millətçilik kimi böyük anlayışlar o maraqların qarşısında çox solğun görünür. SSRİ-nin hansısa formada yeni bir dövlət olaraq bərpası ondan əvvəlki siyasi-iqtisadi münasibətlərin formatlaşdırılması, yeni səhifə açılması, hər şeyin dayandığı yerdən sıfırdan başlaması deməkdir. Bu qədər sadə. Mərhum Vladimir Vısotski demişkən – “Ac idilər, ona görə Kuku tutub yedilər”.
İ. Əliyevin özünü saldığı iqtisadi-siyasi cinayətlər dalanından çıxışı Azərbaycanın öz dövlətçiliyini itirməsindədir.
“Z” ordusunun buynuzlarını qəhrəman Ukrayna xalqı sindirsa da, ümid sonuncu ölür. Dünən Baki limanına girən “Z” simvolikalı rus hərbi gəmilərini İlham Əliyev özünün və şəcərəsinin yeganə xilaskarı kimi qəbul edir.