Dövlət Departamenti Azərbaycanı Əfqanıstan, Sudan, Misir, Somali, Liviya kimi təhlükəli ölkə sayır
“Reuters” agentliyi ABŞ Dövlət Departamentinə istinadən məlumat yayaraq, riskli ölkələrin adlarını açıqlayıb. Məlumatdan belə aydın olur ki, Azərbaycan da Əfqanıstan, Sudan, Nigeriya, Iordaniya, Yəmən, Misir, Somali, Liviya kimi təhlükəli, riskli ölkədir.
Prezident Administrasiyası (PA) rəhbərinin müavini, qurumun xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov mətbuata müsahibəsində “Reuters”in sözügedən məlumatına da münasibət bildirib. Onun sözlərinə görə, bu agentlik ilk dəfə deyil ki, Azərbaycanla bağlı böhtan və yalan xarakterli məlumat yayır. PA rəsmisi bəzi ölkələrin Azərbaycana qarşı informasiya müharibəsi apardığını, indisə ölkəni dünyanın ən riskli dövlətlərilə bir sıraya qoymağa çalışdığını söyləyib. N.Məmmədov Azərbaycanın Əfqanıstan, Yəmən və Somali kimi riskli ölkələrlə bir sıraya qoyulmasını düzgün saymayıb.
Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər isə məsələyə münasibət bildirərkən ilk növbədə onu yada salır ki, ABŞ Dövlət Departamenti təhlükəli və riskli ölkələrlə ehtiyatlı olmaq barədə öz vətəndaşlarına zaman-zaman xəbərdarlıq edir. Ekspertin sözlərinə görə, hansı ölkədə terror həddinin səviyyəsi yüksəkdirsə, sözsüz ki, bu ölkələrdə təhlükə də artıq olacaq: “Ona görə də Amerika ölkələrdəki diplomatik korpus nümayəndələrini bu barədə xəbərdar edərək, təhlükədən qorunmaq üçün davranış təlimatları verir. Onlar Azərbaycanda terror təhlükəsi riskini yüksək qiymətləndirirlər”.
S.Əkbər onu da qeyd edib ki, Amerika xüsusilə Suriya, Iran məsələsilə bağlı Rusiya-Azərbaycan, eləcə də Iran-Azərbaycan münasibətlərinin kəskinləşməsini nəzərə alaraq, öz vətəndaşlarını xəbərdar edir. Bu baxımdan ekspert hüquq-mühafizə orqanlarının ABŞ Dövlət Departamentinin sözügedən açıqlamasından nəticə çıxarmasını vacib sayır.
Nigar


