Rusiya sülhməramlıları ölkəmizdən çıxarılmalıdır

AXCP sədri Əli Kərimli

Rusiya “sülhməramlılarının” Qarabağdan çıxarılması ümumxalq tələbinə çevrilməlidir.

Qarabağ ərazisində qanunsuz olaraq yerləşmiş erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində əsgərimiz Kazımov Anar şəhid edilib. Allah şəhidimizə rəhmət eləsin, ailəsinə, doğmalarına səbr versin.

Ərazidə yerləşmiş Rusiya “sülhməramlıları” şəhid əsgərlərimizin qatilinin həbs edilib məsuliyyətə cəlb olunmasını təmin etməyib. Azərbaycan Müdafiə Nazirliyi erməni silahlı qüvvələrinə qarşı “Qisas” anti-terror əməliyyatı aparıb. Nəticədə erməni silahlılarından da ölən və yaralananlar var.
Bütün bu baş verənlərdən aşağıdakı nəticələr çıxır:

  1. İlham Əliyevin iddia etdiyinin tam əksinə olaraq, Qarabağ münaqişəsi bitməyibmiş, erməni silahlı qüvvələri kapitulyasiyanı qəbul etməyiblərmiş. Qarabağda erməni separatçılarının xunta rejimi gorbagor olmayıbmış.
  2. Rusiya “sülhməramlıları” rəsmi vəzifəsinin öhdəsindən gəlmir. Onlar erməni silahlı qüvvələrinin Qarabağı tərk etməsini təmin etməyiblər, tam əksinə həmin silahlı dəstələrin bizim ərazimizdə ağır silahlarla silahlanmasına, hərbi hissələr formalaşdırmasına, döyüş mövqeləri qurmasına şərait yaradıblar.
  3. Rusiya Azərbaycanla Ermənistan arasında aparılan danışıqların pozitiv yekunlaşmasından, tərəflər arasında qalıcı sülhün əldə edilməsindən və Rusiya “sülhməramlılarının” bölgədə qalması üçün bəhanənin aradan qalxması perspektivindən narahatdır. Rusiya ordusunun Qarabağda daha uzun müddət qalması üçün Azərbaycan ordusu ilə erməni silahlı qüvvələri arasında vaxtaşırı toqquşmaların olması zəruridir. Silahlı münaqişənin davamlı olması üçün Rusiya “sülhməramlıları” özləri atəşkəsin vaxtaşırı pozulmasında maraqlı olacaqlar.

Erməni silahlı dəstələrinin və onları müdafiə edən Rusiya “sülhməramlılarının” Azərbaycan ərazisində uzunmüddətli qalması, atəşkəsin tez – tez pozulması, hərbçilərimizin vaxtaşırı şəhid edilməsi Azərbaycanın milli maraqlarına qətiyyən uyğun deyil və Qarabağ probleminin həlli deyil.

Lənətlənmiş dairənin qırılması və regionda qalıcı sülhə nail olmaq üçün Azərbaycan və Ermənistan rəhbərliyi AB və Gürcüstan vasitəçiliyilə aparılan ikitərəfli sülh danışıqlarını ciddiləşdirməlidir. Yalnız bu halda regionla bağlı Rusiya ssenarilərini pozmaq və Rusiya “sülhməramlılarının” Qarabağı tərk etməsinə nail olmaq mümkün olacaq.