Bu gün Rüstəm İbrahimbəyovsuz ilk kino işçiləri günüdür. O, uzun müddət Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri olmuşdu. Kino işçilərinin peşə bayramı vaxtı həmişə Bakıda olurdu (kiçik istisnalarla) və bu günü xüsusi bir tədbir kimi qeyd edirdi. Hətta təqib olunduğu ən çətin şəraitdə belə Rüstəm bəy kino işçilərinin böyük əksəriyyətini avqust ayının 2-də bir yerə toplaya bilirdi. Onun kino yaradıcılığı “Bir cənub şəhəri”ndən “Əlvida cənub şəhəri”nə qədər tarixi bir yol keçmişdi.
Amma Rüstəm tək kino xadimi deyildi, o, ilk növbədə böyük yazıçı, təkrarsız dramturq və böyük həriflə yazılan bir vətəndaş, bir ziyalı idi. Yaxşı xatırlayıram düz on il əvvəl – o çətin dövrdə 200 nəfər ziyali kino işçiləri günün ilə bağlı Rüstəm İbrahimbəyova təbrik göndərmişdi.
Orada deyilirdi: “ustad sənətkar və Azərbaycan kinosunun aparıcı siması olaraq, Siz, bu sirli ecazkar sənəti milli mənəviyyatımızın tərkib hissəsi kimi dəyərləndirmiş və onu bütün dünyada layiqincə təmsil edirsiniz. Yazıçı, dramaturq, ssenarist, rejissor və produsser – dünyanın bir çox ölkələrində müxtəlif fəxri adlara, ödül və mükafatlara layiq görülən karifey sənətkar kimi, Siz, öz adınızı dünya mədəniyyət tarixinə həkk etmisiniz. Siz Azərbaycanı tanıtmaqla yanaşı daima onu sevdirib – şərəfləndirməyə nail olursunuz. Biz Sizinlə, – dunya kino incəsənətinin ən nüfüzlu və ali mükafatı sayılan «Oskar»a layiq görülmüş türk dünyasının yeganə nümayəndəsi, doğma Azərbaycanlı sənətkarımızla, fəxr duyuruq.
Əsl ZİYALI, öz ölkəsinin, xalqının şərəf və ləyaqətinin məsuliyyətini daşımalı və bunu özünün alın yazısı saymalıdır. Siz bu məsuliyəti də bütünlüklə dərk edən nadir insanlardansınız. Bu gün Sizin ictimai fəaliyyətiniz, fərdi yaradıcılığınız kimi, xüsusi əhəmiyyət kəsb edib. Onların vəhdətində biz ölkəmizin İŞIQLI gələcəyini elə indidən müşahidə etməkdəyik.
Şübhə yoxdur ki, bugün Sizə, Azərbaycan Kinomatoqrafçılar İttifaqı və Azərbaycan Ziyalılar Forumuna qarşı yönəldilmiş təhdid və qarayaxma, şər və böhtan kompaniyası da məhz elə bundan – Sizin ləyaqətli, Vətənimizi bürüyən bütün neqativ təzahürlərinə – sosial ədalətsizliyə, misli görülməmiş oğurluq və korrupsiya faktlarına, insan haqqlarının taptanmasına, yalana, riyakarlığa, milli-mənəvi dəyərləri ayaqlar altına alınmasına qarşı cəsarətlə mübarizəyə qaqlmağınızdan, Haqq və Ədalət naminə obyektiv çıxışlarınızdan, xalq və vətənsevər mövqeyinizdən qaynaqlanır.
Bu əlamətdar gündə, mübarək Ramazan ayında Sizi, Sizin simanızda Azərbaycan kinomatografının bütün numayəndələrini ürəkdən təbrik edir, Sizə möhkəm can sağlığı, uzun ömür və yeni naliyyətlər arzu edirik! Biz həmişə sizinlə olmuşuq, bu gün də və heç şübhə etməyin ki, sabah da mütləq sizinlə olacağıq!
Yaşa və Var ol, əziz Rüstəm İbrahimbəyov!
Tanrı Sizi qorusun!”
Sənədi imzalayanlar arasında Əkrəm Əylisli, Rafiq Əliyev, Ramiz Rövşən,, Musa Yaqub, Eldar Namazov, Eldəniz Quliyev, Cavanşir Quliyev, Elcin Şixlı, Rüstəm Behrudi, Akif İslamzadə, Gültəkin Hacıbəyli, Arzu Abdullayeva, Arif Əliyev, Mehman Əliyev,
Qulu Məhhərəmli, Zərdüçt Əlizadə, Mehriban Vəzir, Hikmət Hacızadə, Əli Abbasov, Leyla Əliyeva, Vahid Əziz, Firudin Cəlilov və digərləri vardı. Mən də o sırada idim.