Elnur Seyidovun günahsızlığı rəsmən etiraf edildi, amma…

Məhkəmə onu yenə həbsdə saxladı

Fəxrəddin Mehdiyev: “Əli Kərimlinin qohumu olduğuna görə də onunla qəddar davranırlar”

Səbail Rayon Məhkəməsi “Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini, AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidov haqda həbs qərarını dəyişməkdən və onu ev dustaqlığına buraxmaqdan imtina edib.
Məlumatı “Media forum” saytına verən vəkil Fəxrəddin Mehdiyev deyib ki, dekabrın 29-da Səbail Rayon Məhkəməsində hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə Elnur Seyidov barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi üçün verilən vəsatətə baxılıb.

Prosesə Elnur Seyidovun özünü də gətiriblər. Bu, onun azadlığa buraxılması üçün vəkillərin vəsatətləri əsasında keçirilən 13-ü proses olub. Məhkəmə vəsatəti təmin etməyib.

Vəkil Fəxrəddin Mehdiyev bunu ədalətsizlik kimi qiymətləndirir: “Məhkəmə yenə də istintaqın mövqeyini müdafiə etdi. Çünki prokuror bizim verdiyimiz vəsatətlə razılaşmamışdı. İstintaq Elnur Seyidovun fəaliyyətində hər hansı qanun pozuntusu aşkarlamayıb. O, nə işlədiyi banka, nə də vətəndaşlara ziyan vurub. İkincisi, on aydır ki, Elnur Seyidovu Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlayırlar. Onun səhhətində ciddi problemlər var, dağınıq skleroz xəstəliyindən əziyyət çəkir. Həbsxana şəraiti onun səhhətini ciddi formada ağırlaşdırıb. Evdən dərmanlar göndərilir, amma ağrılarına təsir etmir. Ona görə də ümid edirdik ki, məhkəmə xəstəliyi nəzərə alacaq. Təəssüf ki, məhkəmə xəstəliyi nəzərə almır.

Elnurun həbsdə saxlanmasına əsas verən heç bir hal qalmayıb. Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı gəlir. Belə əziz günlər insanlardan rəhm, humanist addım atmağı, başqalarını sevindirməyi tələb edir. İnsanlar bayramı öz ailəsi ilə keçirməyi arzulayırlar. Məhkəmədən heç olmasa bunu nəzərə almasını xahiş etdik. Amma heç bir xeyri olmadı. Hesab edirəm ki, Elnur Seyidovun işi siyasi xarakter alıb, onu AXCP sədri Əli Kərimlinin qohumu olduğuna görə həbs ediblər. Bu, birmənalıdır. Əli Kərimlinin qohumu olduğuna görə də onunla qəddar davranırlar”.

Vəkil bildirib ki, Səbail Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəklər, həmçinin onun xəstəliyi ilə bağlı azadlığa buraxılması üçün yeni vəsatət qaldıracaqlar.

Bu arada Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi Elnur Seyidovun işi üzrə rəy açıqlayıb. Vəkil Fəxrəddin Mehdiyev deyib ki, ekspertiza rəyi istintaq orqanına təqdim olunub.

İstintaqın “Texnikabank”ın Yasamal filialında apardığı yoxlama 2012-ci il avqustun 20-də başa çatıb. Vəkilin sözlərinə görə, yoxlama prosesinin sonunda tərtib olunan aktda bildirilir ki, filialda cinayət məsuliyyətinə səbəb olacaq hər hansı qanun pozuntusu aşkarlanmayıb, maddi ziyan da yoxdur: “Əksinə, “Texnikabank”ın Yasamal filialı həm 2011-ci ildə, həm də 2012-ci ilin mart ayınadək gəlir və mənfəətlə işləyib. MTN yoxlama aktını Məhkəmə Ekspertizası Mərkəzinə göndərmişdi. Məhkəmə Ekspertizası Mərkəzi rəyini istintaqa təqdim edib. Elnurla birlikdə rəylə tanış olduq. Ekspertlər yoxlama aktını olduğu kimi təsdiqləyiblər. Həm istintaq, həm də ekspertlər Elnurun banka ziyan vurmadığını təsdiqləyib”.

Fəxrəddin Mehdiyev bildirib ki, ekspertizanın təsdiqlədiyi yoxlama aktına görə, bankın Yasamalı filialı 2011-ci ildə 2 milyon 572,087 min manat ümumi gəlir əldə edib: “Bankın mənfəəti isə 946 min 169 manat olub. Yasamal filialı 2012-ci ilin mart ayınadək 433 min 531 manat gəlir götürüb. Mənfəət isə 157 min 249 manat təşkil edib. Elnur Seyidovun işlədiyi və istintaqın yoxladığı dövrdə pul əməliyyatları böyük olmasa da, göstəricilər çox yaxşıdır. Bütün bunlar onun əsassız yerə həbsdə saxlandığını göstərir”.