İlham Hüseyn
Azərbaycan kiçik ölkədir. Bizim hansısa ölkəni zəbt etmək, hansısa körfəzdə söz sahibi olmaq, hansısa okenadan pay almaq kimi bir dərdimiz yoxdur. Yəni, bizim Rusiya, ABŞ, Çin,Türkiyə və digər dövlətlər kimi böyük öhdəliklərimiz və planlarımız yoxdur. Bizə vətənini sevən, vətəndaşın seçdiyi, şəffaf hökumət lazımdır. Bizim üçün əsas plan, niyyət, məqsəd 10 milyonluq xalqa layiqli həyat bəxş etmək, ərazibütövlüyünü, milli birliyi, milli təhlükəsizliyi qorumaq olmalıdır. Tam məsuliyyətlə deyirəm ki, dünyada çox az ölkə var ki, cənnətə çevrilmək potensialına malikdir və Azərbaycan da belə ölkələrdəndi. Bizim ABŞ-dan, Avropadan da möhtəşəm bir dövlətə çevrilmək, ən qabaqcıl ölkələrin həsəd aparacağı səviyyəyə çatmaq imkanımız var. Ərazimiz kiçik, əhalimiz az, sərvətimiz çox, torpağımız bərəkətlidi. Antraktidada su axtarmaq, Tayvanda Çinin qarşısını almaq, Ukraynanı Rusiyadan qorumaq, Bəşər Əsədi taxtdan salmaq, Aralıq dənizində qaz yataqları uğrunda çarpışmaq, Qara dənizdə HHM sistemləri qurmaq kimi bir dərdimiz yoxdur. Bunu bizdən tələb edən də yoxdur. Bizim dərdlərimiz, faciələrimiz düşüncəmizdə yetişir. Hamılıqla “Möhtəşəm Azərbaycan naminə” ideyasına köklənsək, əməldə bunu təsdiqləsək, bu ölkədə qurdla quzu da birlikdə gəzə bilər. Biz xoşbəxtliyə ən yaxın ölkə olduğumuz halda, bədbəxtliyə ən yaxın ölkəyə çevrilmişik. Ədaləti, azadlıqları, hüququ, şəffaflığı rədd edən idarəçilik kifayət edib ki, möhtəşəm bir ölkə məşəqqətli bir vəziyyətə düşsün. Belə bir ölkənin, bu qədər dərin bataqlıqda olması dəhşətdir. Bir qrup adamın yarıtmazlığı, tamahı, anti-milli mövqeyi, potensiallı bir ölkəni uçuruma yuvarlayıb. Bir sözlə, uzaqlara baxıb xəyallara dalmaqla nəticə dəyişmir. Xəyalları reallaşdırmaq üçün yaxındakı missiyanı yerinə yetirmək lazımdı. Bu ölkəni xilas etmək üçün hər şey var. Təkcə özümüz çatışmırıq. Hər şey öz əlimizdədi.