Rəsul Quliyevi müdafiə edən komitə yaradıldı

Hacıbaba Əzimov və şair Musa Yaqub komitənin həmsədrləri seçiliblər

ABŞ-da mühacirətdə olan eks-spiker Rəsul Quliyevin hüquqlarını Müdafiə Komitəsi təsis edilib.ÿBu barədə dünən jurnalistlər üçün keçirilən mətbuat konfransında elan edilib. Istiqlalçı deputat Hacıbaba Əzimov və şair Musa Yaqub komitənin həmsədrləri seçiliblər. Hələlik komitəyə 36 nəfər daxil olub, 2013-cü il yanvarın sonuna qədər komitənin formalaşdırılmasının başa çatdırılması nəzərdə tutulur.
ÿKomitəyə IP Koordinasiya Şurasının üzvləri Vidadi Mirkamal, Mirvari Qəhrəmanlı, Ibrahim Ibrahimli, ACP sədri Sülhəddin Əkbər, ALP sədri Əvəz Temirxan, LDP sədri Fuad Əliyev, AMIP funksioneri Əminə Vəliyeva, xalq artisti Flora Kərimova, ədliyyə generalı Hüseyn Hüseynov, hüquqşünas Salman Əliyev, hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı, keçmiş deputat Zəminə Dünyamalıyeva, tanınmış jurnalistlər Mahal Ismayıloğlu və Şahvələd Çobanoğlu daxil olublar.
Tədbiri giriş sözü ilə açan I.Ibrahimli bildirdi ki, məcburən mühacirət həyatı yaşayan soydaşlarımızı müdafiə etmək hər bir Azərbaycan vətəndaşının borcudur. R.Quliyevin partiya lideri və prezidentliyə iddialı şəxs olduğunu vurğulayan I.Ibrahimli bildirib ki, R.Quliyevin dövlətimiz qarşısında böyük xidmətləri var.
H.Əzimov isə eks-spikerin müdafiəsini “xalqın gələcəyi üçün xeyirli iş” adlandırıb. 1996-cı ildə R.Quliyevin ölkədən məcburi mühacirətə getməsinə səbəb kimi “hökumətin fəaliyyətinin qənaətbəxş olmaması” haqda parlamentin qəbul etdiyi qərarı göstərib. Eks-spikerin ölkədən getməsi “ölkənin təşəkkülünə çalışan şəxsin vətəndə yaşamaq hüququndan mərhum olunması” kimi dəyərləndirilib. Komitə R.Quliyevin vətənə dönməsi üçün beynəlxalq qurumlarla, Avropa Məhkəməsilə əməkdaşlıq etməyi nəzərdə tutur: “Azərbaycandakı diktatura xalqı əzir, onun sərvətlərini talayır. Azərbaycan hakimiyyəti ciddi böhran içərisindədir. Belə bir durumda isə xalqa yardım edə biləcək insanlara ehtyac duyulur”.
Komitə üzvləri R.Quliyevin hüquqlarının müdafiəsinə “xalq üçün çox iş görəcək insanın hüquqlarını qorumaq” statusunda yanaşıblar. Həm də 2013-cü il prezident seçkilərinə eks-spikerin namizəd kimi qatılmasının təmin olunmasını önə çəkiblər.
Keçmiş deputat Zəminə Dünyamalıyevaya görə, vətənə qayıdış “R.Quliyevin özündən çox, xalqa lazımdır” və eks-spiker “prezident seçkilərində ən şanslı namizəddir”.
Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər isə bu günlərdə mətbuatda eks-spiker Rəsul Quliyevin barəsində yeni cinayət işinin başlanması haqda xəbərləri əsassız adlandırıb. Onun sözlərinə görə, iqtidar 2005-ci ildə R.Quliyevə qarşı dövlət çevrilişi ittihamı ilə açdığı cinayət işini yenidən gündəmə gətirib. “Bu xəbərlər komitənin fəaliyyətinə, komitəyə qoşulmaq istəyən ziyalılara təzyiqdir”, – ACP sədri bildirib. S.Əkbər vurğulayıb ki, R.Quliyevin hüquqlarının müdafiə olunması yalnız ACP-nin missiyası olmamalıdır, bu, bütövlükdə hər bir vətəndaşın problemi kimi qəbul edilməlidir: “Hazırda Rəsul Quliyevə qarşı cinayət işini yeniləyirlər və bildirirlər ki, ABŞ-a müraciət edəcəklər ki, Rəsul Quliyevi dindirsinlər. Burada məntiq yoxdur. Çünki onların niyyətləri səmimidirsə, Rəsul Quliyev dəfələrlə ölkəyə dönməyə cəhd göstərib. Onu ölkəyə buraxsınlar, daha sonra ondan hansı ifadəni istəyirlər, alsınlar”.
ALP sədri Əvəz Temirxan da hesab edir ki, hakimiyyət müxalifət nümayəndələrinə düşmən kimi yanaşmağa son qoymalıdır. Azərbaycandakı hazırkı sabitliyi qəbiristan sabitliyinə bənzədən Ə.Temirxan vurğuladı ki, cəmiyyət ölkədə baş verənlərə aktiv reaksiya göstərməlidir: “Əli Kərimliyə pasport verilməməsinə, Rəsul Quliyevin ölkəyə buraxılmamasına ciddi təpki vermək lazımdır. ”Mənə aidiyyətı yoxdur” deməklə ölkədəki durumu daha da acınacaqlı duruma salmaq olar”.
Daha sonra çıxış edən müdafiə komitəsinin üzvləri LDP sədri Fuad Əliyev, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı, hüquqşünas Salman Əliyev və ədliyə generalı Hüseyn Hüseynov da çıxışlarında diqqəti R.Quliyevin hüquqlarının müdafiəsinə cəlb etməklə bu addımın hazırda zəruri olduğunu vurğuladılar.

Xəyal