Bizi daha ağır sosial-iqtisadi vəziyyət gözləyir

AXCP sədri Əli Kərimli

Mikayıl Cabbarov hansı fəlakətli böhranın anonsunu verdi? İndikindən də çətin sosial-iqtisadi fəlakət necə olacaq?

Mikayıl Cabbarovun İlham Əliyevin hazırda sağ əli olduğunu bilirsiz. Təsadüfi deyil ki, İqtisadiyyat naziri və Tarif Şurasının sədri olmaqla yanaşı əlavə olaraq 10-larla vəzifə də ona tapşırılıb. Yəni bu adam iqtisadi vəziyyət və bizi gözləyənlərlə bağlı ölkədə ən məlumatlı adamlardan biri, bəlkə də birincisidir. Mikayıl Cabbarovun “Böhrana hazır olmalıyıq. Nə vaxt baş verəcəyini bilməsək də, buna hazır olmalıyıq” deməsini lağlağı və zarafatlarla yola vermək səhvdir. Adam bizi rəsmən xəbərdar edir ki, ölkəni elə günlər gözləyir ki, bu günlər üçün darıxacağıq, bu günlər bizə xoş xatirə olacaq.

Ona görə də iqtisadiyyat naziri indiki inflyasiyanı, sosial fəlakəti, dözülməz yoxsulluğu böhran saymır, böhranın hələ qabaqda olduğunu deyir.

Etiraf edin ki, çoxunuz ölkədəki vəziyyətin bundan da pis ola biləcəyini təsəvvür etmirdiniz. Bir ölkədə ki, 3 milyondan artıq insan faktiki işsizdir, yarım illik inflyasiya azı 30-40 faizdir, Qarabağ qaziləri dolana bilmədiyi üçün özünə od vurur, 100 minlərlə insan müxtəlif bəhanələrlə pensiya və əlillik müavinətlərindən məhrum edilir, belə bir ölkədə necə inanmaq olar ki, bütün bu yaşadıqlarımız hələ böhran deyil, əsl böhran bizi qabaqda gözləyir?

Bir ölkədə ki, hökumət yalnız neft və qaz qiymətlərinin artmasından son il yarımda 26 milyard manat əlavə vəsait əldə edib və bu qədər vəsaitin xalqın həyatının yaxşılaşmasına heç bir təsiri olmayıb, əksinə son il yarımda xalqın həyat səviyyəsi daha da pisləşib, belə bir ölkədə xalqa necə demək olar ki, böhran hələ qarşıdadır, sizi bundan da çətin günlər gözləyir?

Bəli, hazırda olduğundan daha pisini təsəvvür etmək çətindir. Ancaq nazirin anonsundan görünür ki, həmin daha pis bizi qarşıda gözləyir.

“Belə zəngin ölkəni necə bu qədər yarıtmaz idarə etmək olar?” deyib soruşursunuzsa, cavab verim.
Biz tək deyilik, İlham Əliyevin dediyi kimi analoqsuz da deyilik. Dünyanın hər yerində seçilməmiş, xalq qarşısında məsuliyyət daşımayan, repressiv, təkadam hakimiyyətləri ən zəngin ölkələri ən dərin böhran və dözülməz səfalətə məhkum edə bilir. Avtoritarizmin, hüquqsuzluğun təbiəti budur. Bu uzanan, davamlı böhrandan yeganə çıxış yolu isə ümumxalq hərəkatı ilə ölkəni təkadam iqtidarından xilas etməkdir.