Belə sosial ədalət olmur, cənab prezident!

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli

Prezident sosial ədalətdən danışır, məmurları insanlara qayğı göstərməyə çağırır. Özü isə nədənsə qayğını ən çox ehtiyacı olan təbəqələrə – qazilərə, veteranlara, şəhid ailələrinə, uşaqlara, pensiyaçılara deyil, bu ölkənin ən zəngin insanlarına və qurumlarına göstərir.

Məsələn, prezidentinin oğluna 4 milyon manata saat aldığı SOCAR-ın qayğıya və yardıma daha çox ehtiyacı var, yoxsa əksəriyyəti pis qidalanma nəticəsində sağlam böyüyə bilməyən Azərbaycan uşaqlarının?!

Amma 2021-ci ilin dövlət büdcəsindən SOCAR-ın xarici borclarını ödəmək üçün 215 milyon manat vəsait ayrılıb, uşaq puluna isə bir qəpik ayrılmayıb.

Məsələn, Tiflisdə, Batumda onlarla ticarət və istirahət obyektinin sahibi, ölkənin ən zəngin oliqarxlarından biri olan Cahangir Əsgərovun qayğıya daha çox ehtiyacı var, yoxsa Qarabağ qazilərinin, veteranların?!

Qazilər üzləşdikləri haqsızlığa, ədalətsizliyə çarə tapmayıb özlərini yandırırlar, Qarabağı azad edənlər 80 manat dilənçi payı alır, amma dünyanın ən baha biletlərini satan AZAL-a təkcə xarici borclarını ödəmək məqsədilə 2021-ci ilin dövlət büdcəsibdən 35 milyon manat vəsait ayrılır.

Rəhbərlərinin dodaq uçuran sərvətləri ölkə mediasında dəfələrlə gündəm olmuş “Azərenerji” ASC-nə 2021-ci ildə dövlət büdcəsindən edilən yardım 101 milyon manat olub. Əcəba, od tutub yanan ərzaq və dərman qiymətləri fonunda pensiyaçılara nə qədər yardım ediblər?!

Millət vəkillərinin, icra başçılarının, nazirlırin, hakimlərin onsuz da on dəfə yüksək olan əmək haqqları 40 faiz artırıldı, bəs müəllimlərin, həkimlərin, mədəniyyət işçilərinin cüzi maaşları, pensiyaçıların 200-300 manatlıq pensiyaları niyə 40 faiz artırılmadı?! Bəs 3 milyondan çox işsiz bu ölkənin vətəndaşı deyilmi?! Onlar nə yeyir, nə içir, necə yaşayır, heç düşündünüzmü?!

Sosial ədalət budurmu?!