Əliyev hakimiyyətinin iç üzünü göstərən fakt

AXCP sədri Əli Kərimli

Siz heç bu ölkədə rüşvət alıb, ölüm işi bağlayan, qan batıran prokuror və ya hakim həbs olunduğunu eşitdinizmi?

Siz heç bu ölkədə dövlətdən, millətdən oğurladığı milyonların- milyardların 1-2 faizini korrupsioner vəzifəli şəxsdən rüşvət kimi alıb, korrupsionerləri məsuliyyətdən yayındıran, ya da onların cəzasını simvolik həddə qədər azaldan prokuror və ya hakimin rüşvətə görə həbs olunduğunu gördünüzmü?

İnsan həyatı ən ali dəyərdir. Siz heç bu ölkədə müxtəlif polis idarələrində, cəzaçəkmə müəssisələrində işgəncə ilə adam öldürənlərin adekvat cəza aldıqlarına şahid oldunuzmu?

Siz heç bu ölkədə rüşvət alaraq insanların külli miqdarda əmlakının, mülkiyyətinin dələduzluq və ya quldurluq yolu ilə əllərindən alınmasına rüşvət müqabilində göz yuman bircə hakimin, prokurorun həbs olunduğunu eşitdinizmi?

Ancaq bizə dedilər ki, bir hakimi həbs etmişik, çünki o rüşvət alaraq pensiya təyin edib. Rüşvət almaq hər zaman qanunsuzdur, yaramaz əməldir. Ancaq bu ölkənin vətəndaşı bu barədə mütləq düşünməlidir. Nəyə görə bu ölkədə rüşvət alıb ölüm işini, narkoticarəti, dövlət əmlakının və şəxsi əmlakın talanmasını, mənimsənilməsini, digər ağır cinayətləri ört – basdır edənlər yox, məhz rüşvət müqabilində pensiya təyin edən hakim cəzalandırılır?
Pensiya təyin etmək qatilləri, oğru, quldurları, nakobaronları məsuliyyətdən azad etməkdən daha ağır cinayətdirmi?
Təkcə bu fakt İlham Əliyev hakimiyyətinin kimlərdən, nələrdən yana olduğunu açıq – aydın göstərmirmi?