CƏNNƏT VƏ DƏLİXANA

Çingiz Sultansoy

Arada telefonla danışdığımız, amma çoxdan görmədiyim mühacir dostum Rəşad işləriylə bağlı Erlangenə gəlmişdi, görüşmək-söhbətləşmək imkanı oldu. Çörək yedik, şəhəri gəzdik, yorulub şəhərin mərkəzində bir skamyada oturduq. Erlangenin mərkəzi küçəsi Nürnberger ştrasse adlanır. Almaniyada bir ənənədir, bütün şəhərlərdə qonşu şəhər adına küçə var, Nürnberqdə də Erlanger ştrasse var.

Nə isə, bu Nürnberger strasse mərkəzdə bizim Nizami kimidir, maşın hərəkəti yasaq, piyada və velosipedçilərin ixtiyarıdadı. Bank şöbələri, paltar-ayaqqabı, çanta-saat, zərgərlik, kitab mağazaları, restoran, kafe, turizm büroları sıralanıb, amma daha Brodvey kimi möhtəşəm, böyük və gözqamaşdıran deyil təbii, xudmanidi – qənaətcil alman əyaləti üslübunda. İsti iyul gününün sərin mehli axşamı küçə gəzinən, hərdən velosipedlə keçib evinə gedən, açıq havada düzülmüş masalarda pivə, kokteyl, meyvə şirəsi içən, dondurma yeyənlə doluydu. Yaxın, küçənin o biri tərəfindəki kafedən sakit, ruha tumar çəkən musiqi səsi gəlirdi.

Şöhbətin şirin yerində bizə yaxşı geyinmiş. yaşı 40-50 arası, ziyalı görkəmli bir kişi yaxınlaşdı, azərbaycanca salamlaşdı. Məlum oldu ki, məni tanıyır, hətta kiçik bir köməyim dəyib ona 20-25 il əvvəl, iş məsələsində:

  • Mənim anam sizin yoldaşınızı tanıyır, müəllimədi, xahiş elədi. Siz də bir neçə gün sonra dediniz filan təşkilatda yer var, getdim, düzəldi.

Mənim yadıma düşmədi, amma unutmayıb, sağ olsun. Səmimi, uğurlu, yaxşı insan təsiri bağışlayırdı. Yanımızda oturmaq təklif elədim, istəmədi, amma söhbət qısa olmadı, ona görə söhbətin yarısında mən ayağa qalxdım.

Nürnberqdə səfərdə olduğunu, buraya bir tanışıyla görüşmək üçün gəldiyini dedi, bir azdan hotelinə qayıdacaqdı, amma şəhərin gözəlliyini görüb mərkəzdə gəzinmək istəmiş, bizi görüb yaxınlaşmışdı.

Mənim burada yaşayışımı xəbər aldı. Məlum şeyləri dedim. Açıq deməsə də, sözlərindən ailəsini dolandıra bildiyini anladım. Səmimilik və maddi uğur, dolanışığın olması, bir adamda cəmləşməsi son vaxtlar az rast gəlinən haldı. Siyasətdən, ölkədəki durumdan danışmadıq, o demədi, mən də söhbət salmadım, elə ordan-burdan danışdıq. Söhbətin axırına yaxın gözlənilmədən “Bura cənnətdir!” dedi. Təsdiq elədim:

  • Burada insanlar tamam başqa, tox və güvənli həyat yaşayır.
  • Görünür, hiss olunur, – dedi, – buraya Fransadan gəlmişəm, ora da elədir. Üç gündən sonra evə dönəcəm. Bu cənnətdən sonra qayıdacam o dəlixanaya…

Yüngül təbəssümlə, güclə duyulan yanğıyla dedi və sağollaşdı.

Onun son sözləri məni tutdu. Ac övladın da, tox övladın da, varlın da zillət içində, Azərbaycan. Min bir yalanla ya da lap doğruyla burda oturum alan övladların isə o dəlixanada, cəhənnəmdə qalan qohumlarından başqa hamını, hər şeyi unudurlar…

Hava qaralırdı, Rəşad da getməliydi, bu şəklimi çəkdi və qalxdıq. Vağzala, qataracan yola saldım. Vağzalyanı meydanda parkladığım velosipedimi götürüb qayıdanda kafelərdə yanan işıqlar daha gur görünürdü, açıq havada oturanlar seyrəlməyə başlamışdı. Axşamtərəfi sərinləşən və güclənən meh Nürnberger-ştrassedəki qırx-əlli illik, adını hələ də öyrənmədiyim ağacların yarpaqlarını xışıldadırdı…